25 Dekabr 2024, Çərşənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun (1928-2008) “Gün var, əsrə bərabər” (1980) romanının motivləri əsasında hazırlanmış “Manqurt” tamaşasına ictimai baxış olmuşdur. İkihissəli psixoloji dram janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru və teatr üçün işləyəni Tofiq Seyidovdur.
Tamaşada hadisələr XX əsrin sonlarında Orta Asiya çöllərində, Sarı-Özək səhrasında kiçik dəmiryol stansiyası olan Boranlıda baş verir. Böyük yazıçının türk, altay, qırğız əfsanələrindən bəhrələnərək ədəbiyyata gətirdiyi “Manqurt əfsanəsi” müasir dünyamızın problemləri, əxlaqi-mənəvi aşınmaları ilə yaxından səsləşdiyi üçün öz fəlsəfi düşüncə mükəmməlliyi ilə diqqəti cəlb edir.
Ç.Aytmatov min illərin dərinliyindən gələn “manqurt” sözünü yenidən türk dillərinə qaytararaq əsərində eyni mənada işlədir. Yazıçıya görə, tarixini, milli dəyərlərini, soykökünü, adət-ənənəsini unudanlar milli simasını itirərək manqurta çevrilirlər. Bu təhlükə bütün zamanlarda mövcuddur.

Tamaşanın rejissoru və teatr üçün işləyəni Tofiq Seyidov romandakı hadisələri bir mövzu ətrafında birləşdirərək yazıçının insanlara çatdırmaq istədiyi fikri səhnə təsvirində təqdim edə bilmişdir. Tamaşada qəhrəmanlar iki qütbə ayrılır: paklığı, həyata, xalqa bağlılığı ilə seçilənlər və xalqdan uzaq düşüb miskinliyi, köləliyi ilə seçilənlər.
Xalqın mənəvi gücünü, əxlaqi-etik dəyərlərini özündə daşıyan və gələcək nəsillərə aşılamaq istəyən Yedigey obrazı Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoyun ifasında təbii görünür. Naxçıvan teatrının səhnəsində bir sıra emosional rollar ifa etmiş aktyor Yedigeyi daha çox el ağsaqqalı, dünyagörmüş, həyat sınaqlarından, mənəvi imtahanlardan çıxmış müdrik bir şəxs kimi təqdim etməyi bacarmışdır.
Tamaşada hadisələr üç zamanda cərəyan edir. “Manqurt” tamaşasındakı Joloman (manqurt  – aktyor Elnur Rzayev) min illər bundan əvvəl fiziki cəhətdən zorla köləyə çevrilmişsə, yazıçıya görə, bu günün manqurtları başqa formalarda bu hala salınır.
Tamaşada Nayman (ana – Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Günay Qurban­ova) xalq ruhunu, min illərin yaddaşını bu günə daşıyan əsas obrazlardan biridir. Vaxtilə qəhrəman olmuş oğlu Jolomanın öz adını unudub anasını belə tanıma­ması, hətta ananı oxla qətlə yetirməsi əsərin kulminasiya nöqtəsi olub, tamaşanın dramatik səhnələrindən biridir.
Tamaşada ikinci zaman 1937-ci ili yada salır. Müstəntiq Tansıkbəyov (Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynov) bu illərin qurbanı olmuş Abutalıbı (aktyor Teyyub Zeynalzadə) dindirir. İnsanlara əzab verib onlardan istədiyi cavabı alan müstəntiq Tansıkbəyov bu dövrün manqurtudur. Onun üçün əsas olan tapşırılan işi manqurt kimi yerinə yetirməkdir. Çingiz Aytmatovun qədim “Manqurt əfsanəsi”ni tarixin proseslərindən keçirib bu günə daşıdığı mətləb və ideya budur.
Tamaşada rol almış qadın aktrisalar Nazlı Hüseynquliyeva (Ukubala), Nurbəniz Niftəliyeva (Ayzada), Şölə Novruzbəyli və Zülfiyyə Zeynalovanın personajları hadisələrin daha canlı və təbii açılmasına xidmət edir.
Kürəkən rolunun ifaçısı Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşıyev, Qulubəy obrazının ifaçısı Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haqverdiyev, Ədilbəyi oynayan aktyor Zakir Fətəliyev, juan-juanlar tayfasının döyüşçüləri Azərbaycan Respublikasının əməkdar artisti Əbülfəz İmanov, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Rzayev, aktyor Cəbrayıl Nəbiyev, Mirzə obrazının ifaçısı Azərbaycan Respublikasının əməkdar artisti Yusif Allahverdiyev rolların öhdəsindən bacarıqla gəldilər.
Tamaşada Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərən “Təməl” teatr studiyasındakı yaradıcı gənclərin qüvvəsindən istifadə edilmişdir.
Tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axund­ovun tərtibatı qırğız milli koloritinə uyğundur. Musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovun qırğız milli melodiyalarından istifadə etməsi bu koloriti bir qədər də gücləndirmişdir.
Tamaşadan sonra teatrın direktor əvəzi, Xalq artisti Rza Xudiyev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar,  Xalq rəssamı Hüseynqulu Əliyev, Xalq artistləri Yasəmən Ramazan­ova, Kamran Quliyev, Rövşən Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Faiq Musayev, rejissor Tofiq Seyidov çıxış edərək ta­maşa haqqında fikir və rəylərini bildirmişlər.
Yaxın günlərdə tamaşa teatrsevərlərə təqdim olunacaqdır.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR