Fiziki imkanları məhdud vətəndaşlarımızın, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların istedad və qabiliyyətlərinin aşkara çıxarılması, yaradıcılıq əzminin yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə 26-28 noyabr tarixlərində Bakı şəhərində Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-Müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar muğam, mahnı, rəqs, instrumental ifaçılıq, poeziya, bədii qiraət sahəsində qabiliyyətlərini nümayiş etdiriblər. Baxış-müsabiqədə muxtar respublikamızı musiqi istedadı olan 4 və bədii qiraət qabiliyyəti olan 1 nəfər təmsil edib.
Böyük maraqla qarşılanan baxış-müsabiqənin qalibləri sırasında həmyerlilərimiz də vardır. Belə ki, müsabiqənin sonunda münsiflər heyətinin rəyinə əsasən, musiqi alətlərində ifaya görə Naxçıvan şəhər sakini Sənan Salmanov (tar) ikinci yerə, mahnı ifaçıları arasında Naxçıvan şəhər sakini Zöhrab İsmayılov (muğam), Sədərək rayon sakini Məhəmməd Əhmədov (mahnı) üçüncü yerə çıxıblar. Sağlamlıq imkanları məhdud uşaqlar arasında müsabiqənin qalibləri Naxçıvan şəhər sakini Bənövşə Salmanova (qanun) və Babək rayon sakini Kənan Feyzullayev isə (bədii qiraət) xüsusi diploma layiq görülüblər.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti