Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir. Xalqımızın milli və ümumbəşəri mahiyyət daşıyan mədəni dəyərlərindən biri də Azərbaycan xalçasıdır. Bizim xalçalarımız nənələrimizin, babalarımızın dilində olan bayatılarla, şeirlər və qoşmalarla uyğunlaşdırılıb toxunmuş və nəsildən nəslə ərməğan edilmişdir. Azərbaycan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Tarixi çox qədim dövrlərə gedib çıxan xalçaçılıq sənəti xalq sənətkarları tərəfindən əsrlər boyu yaşadılmış, inkişaf etdirilmiş, zəmanəmizə qədər gəlib çatmışdır.
Azərbaycanda xalçaçılıq sənətinin kökü çox qədim dövrlərə gedib çıxır. Naxçıvan diyarında da xalçaçılıq sənətinin ən qədim dövrlərə aid olduğunu sübut edən nümunələr aşkara çıxarılmışdır. I Kültəpə ərazisində arxeoloji tədqiqatlar aparan O.Həbubullayev buradan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları tapmış və bu sənətin Eneolit dövrünə aid olduğunu sübut etmişdir.
Xalçaçılıq sənətinin Naxçıvanda orta əsrlərdə inkişafı haqqında sənətşünas Lətif Kərimov üçcildlik “Azərbaycan xalçaları” adlı monoqrafiyasında xüsusi bölmə ayırmış və o dövrdə Naxçıvanda bir-birindən rəngarəng palaz, cecim, xalı toxunması haqqında məlumat vermişdir. XVII-XVIII əsrlərdə Azərbaycanda yaranan bir neçə böyük xalçaçılıq məktəblərinin Naxçıvan xalçaçılığının inkişafına böyük təsiri olmuşdur.
Orta əsrlər dövrünə aid məlumatlarda göstərilir ki, Azərbaycanın ayrı-ayrı bölgələrində xalça və xalça məmulatları geniş yayılmış, həmçinin bəzi bölgələr toxuculuq sahələrinə görə, bir növ, ixtisaslaşmışdı. Məsələn, Muğanda palaz və çuval, Naxçıvanda və Xoyda xalça, Ərdəbildə və Şirvan bölgəsində parça istehsalına daha geniş yer verilmişdir.
XVI-XVII əsrlərdə yaşayan məşhur rəssamlar da öz əsərlərində bir çox Azərbaycan xalçalarını təsvir etmişlər. Məsələn, bizim xalçalarımız Venetsiya taciri və tədqiqatçısı Marko Polonu heyran qoymuşdur. XVI əsrin ingilis səyyahı Antoni Cenkilisin və XVII əsrin alman dəniz səyyahı Can Strusun qeydlərində xalçalarımız haqqında maraqlı məlumatlar verilir. Macar rəssamı Hans Memlinqin “Məryəm və onun uşağı” rəsmində, alman rəssamı Hans Holbeynin “Səfirlər” rəsmində bir çox Azərbaycan xalçaları təsvir olunmuşdur.
Qədim Naxçıvan bölgəsində xalçaçılıq sənətinin orta əsrlər dövrü inkişaf etdiyini sübut edən mühüm qaynaqlar mövcuddur. Naxçıvanda bu sənətin yüksək səviyyədə inkişaf etdiyini sübut edən həmin qaynaqlardan biri də qəbirüstü xatirə abidələridir. Bildiyimiz kimi, orta əsrlər dövründə qəbirüstü abidələrdə dəfn olunan şəxsin sənət və peşəsi haqqında müəyyən təsvirlər nəqş olunurdu. Bu abidələr üzərində bir sıra simvolik işarələr göstərilmiş, hana, kirkid, daraq, usta təsvirləri verilmişdir. Bu təsvirlərdən məlum olur ki, bu qəbirdə dəfn olunan şəxs xalçaçılıq sənətilə məşğul olmuşdur.
Toplanmış etnoqrafik materiallardan məlum olur ki, qədim və orta əsrlər dövründən başlayaraq günümüzədək toxuculuq, bədii tikmə sənəti xüsusən qadınların mühüm məşğuliyyət sahəsi olmuş və demək olar ki, həmin sənət sahələrinin inkişafı, əsasən, qadın əməyinə əsaslanmışdır. Lakin bu, o demək deyil ki, kişilər bu sənətdən tamamilə uzaq olmuşlar. Tarixin müxtəlif dönəmlərində xalçaçı kişilər yaşamışlar və bir çox hallarda kişi xalça ustaları xüsusən xalçaçıların naxış tərtibatının yaranmasında fəal iştirak etmişlər.
Xalçalar üzərində müxtəlif rəng koloritindən və naxış növlərindən istifadə edilmişdir ki, bunların hər birinin həm rəng çalarlarının, həm də naxışların özünəməxsus mənaları olmuşdur. Məsələn, Naxçıvan xalçalarında ən çox istifadə olunan rənglərdən biri qırmızı rəngdir. Məlumdur ki, hələ ən qədim zamanlardan insanların mifoloji dünyagörüşündə qırmızı rəngdə qoruyuculuq xarakterinin olduğuna inanılmışdır. Həmçinin qırmızı rəngə xalq arasında canlı həyat rəmzi kimi də baxılmışdır. Yaşıl rəng isə islam simvolu olmaqla yanaşı, həmçinin təbiətin oyanmasının rəmzi kimi də qədimdən insanların düşüncəsində müqəddəs hesab edilmişdir.
Naxçıvan xalçalarında rənglərlə yanaşı, simvolik elementlər də üstünlük təşkil edir: məsələn, gecə-gündüzü ifadə edən romb təsvirləri, 1 il, 12 ayı ifadə edən naxışlar və sair. Naxçıvan xalçaları üzərində bir sıra heyvan – dəvə, at, quş təsvirlərinə də tez-tez rast gəlmək mümkündür ki, bu da bölgədə məskunlaşan insanların yaşam tərzilə əlaqədar işlənmişdir.
Naxçıvan xalçalarında ən geniş yayılmış mürəkkəb element butadır. Xovlu xalçaların bəzəyinə çevrilmiş buta elementi öz bədii quruluşuna və texniki üslubuna görə digər məktəblərdən fərqlənib “Naxçıvan butası” adını daşıyır. Buta naxışları xalçaların yelenlərilə yanaşı, arasahə naxışlarında da üstünlük təşkil edir. Xalçalar üzərində ağac, yarpaq, gül və çiçək rəsmləri də geniş formada öz əksini tapmışdır.
Xalçalar üzərində əks olunan hər bir naxış, ahəng və ölçü, axıcılıq, rəng çaları, adət-ənənəyə bağlılıq xalqımızın milli-mənəvi dəyərlərindən örnəklərdir. Qeyd etmək olar ki, tarixin hər bir mərhələsində Azərbaycanın xalça ustaları zamanın ruhunu, kütlələrin əhval-ruhiyyəsini yüksək bədii səviyyədə ifadə etmiş, öz niyyətini, qayəsini parlaq, gözoxşayan estetik formalarda təcəssüm etdirmişlər.
Orta əsrlər dövründə Azərbaycan xalçaları xovlu və xovsuz olmalarına, həm də naxış, kompozisiya, rəng və texniki xüsusiyyətlərinə görə 4 əsas xalçaçılıq (Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan, Gəncə-Qazax) məktəbinə ayrılmış və bu sənətkar ocaqlarında xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən gözəl sənət əsərləri yaradılmışdır. Azərbaycan xalçaçılığının Naxçıvan məktəbi özünəməxsusluğu ilə həmişə diqqəti cəlb etmişdir.
Naxçıvanın zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar vermiş, onun rəng kompozisiyalarının həllinə çoxçeşidli boyalar bəxş etmişdir. Al-əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini tapmışdır.
Xalça sənəti Naxçıvanın Şərur, Şahbuz, Ordubad və Culfa bölgələrində daha geniş yayılmışdır və milli-mənəvi dəyərlərimizi özündə yaşadan məişət əşyası kimi qorunmuş, istifadə edilmişdir.
Azərbaycan xalça sənəti qədim türk mədəniyyətinin tərkib hissəsi kimi ümumdünya mədəniyyətinə daxil olan qiymətli sənət nümunəsidir. Xalça Azərbaycan xalqının milli dəyərlərindəndir və bu dəyərləri qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
Sara HACIYEVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru