25 Dekabr 2024, Çərşənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yazıçı-dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd Şah Qacar” ikihissəli dramı əsasında hazırladığı tamaşaya ictimai baxış olmuşdur. Bir sıra tarixi dramları uğurla səhnələşdirmiş teatrın bu tamaşası da maraqla qarşılanmışdır.
Daha çox tarixi reallıqlara əsaslanmaqla yazılmış bu tarixi dram tamaşaçını şöhrətpərəst və qəddar şah kimi tanınan Qacar obrazına  başqa yöndən yanaşmağa dəvət edir. Tamaşada taleyin faciəsinə, yaxud istehzasına dözməyən bəxtsiz hökmdarın hakimiyyəti dövründə mürəkkəb və ziddiyyətli bir obraz olduğu görünür.
Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşıyev Şah Qacar obrazını özünəməxsus formada təqdim etməyi bacarmışdır. Tamaşanın əvvəlində Qacar qəddarlığı ilə bərabər, müdrik və tədbirli obraz kimi təqdim olunur.

Zəndilər tayfasının nümayəndəsi Kərim xan Zəndə (Azərbaycan Respublikasının əməkdar artisti Əli Əliyev) qalib gələn Qacar zülmkar­lığı, qəddarlığı ilə bərabər, ədalətini də göstərməyə çalışır. Kərim xan Zənd Qacarın müdrikliyini, tədbirliliyini görmədiyi üçün məğlub olur. Qardaşı Cəfərqulu xanı da (Xalq artisti Rza Xudiyev) öldürən hökmdar həm də taleyin amansızlıqlarını öz həyatında hiss etdiyi üçün bu ağrıları, iztirabları yaşayır.
Tamaşada diqqəti cəlb edən obrazlardan biri də Ceyran xanım (Xalq artisti Yasəmən Ramazanova) surətidir. Ceyran xanım oğlunun hökmranlıq taleyini və şəxsi əzablarını duyan, onu ruhdan düşməyə qoymayan mətin bir qadındır. Tamaşada hökmdarın anası ilə dialoqlarında, başqa obrazlarla söhbətlərində səsləndirilən fəlsəfi fikirlər, mükalimələr, həyat və ölüm, hakimiyyət və qəddarlıq haqqındakı düşüncələr tamaşaçının diqqətini cəlb edən məqamlardandır. Hökmdarın özünün də dediyi kimi, bütün əzablara son qoyan ölüm onu da yaxalayır. Xüsusilə bu ölüm Şuşanın mühasirəsi zamanı baş verir. Bu səhnə tamaşaçıda böyük maraq doğurur. Hakimiyyəti dövründə çoxlarını diz çökdürən, zəfərlər qazanan, sonda isə bir saray xidmətçisi (Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haqverdiyev) tədbirli və müdrik şahın həyatına son qoyur. Öz ədalət tərəzisini hər şeydən üstün tutan bəxtsiz hökmdarın ömrü, beləcə, başa çatır.
Tamaşadakı Şeyx Cəfər Tonkabuni (Azərbaycan Respublikasının əməkdar artisti Əbülfəz İmanov), Axund Hacı Babək (Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynov), Cahanbani (aktyor Səyyad Məmmədov) obrazları da aktyorların ifasında canlı və təbii görünürlər.  
Tamaşada pantomim hərəkətləri və rəqsləri ilə diqqəti cəlb edən aktyorlardan Zakir Fətəliyev (taclı mim), Nurbəniz Niftəliyeva (qız mim), Elnur Rzayev (sevən mim) daha çox insan qəlbindəki duyğuları, xeyir və şər qüvvələri simvolik olaraq göstərirlər. Bu səhnədən aydın olur ki, insanı qəlbinin dərinliklərində gizlənən qəddarlıq və mərhəmət duyğuları, xeyir və şər qüvvələri idarə edir, onu yaxşı və ya pis əməllərə sövq edir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, baletmeysteri isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdur.
İctimai baxışdan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının sektor müdiri Turqayə Əliyeva, Xalq artisti Rövşən Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlı, yazıçı-dramaturq, filologiya elmləri doktoru Həmid Arzulu, filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimli, Xalq artistləri Kamran Quliyev və Rza Xudiyev çıxış edərək tamaşa haqqında fikir və rəylərini bildirmişlər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR