25 Dekabr 2024, Çərşənbə

“Yurdçu” Kəngərlilərin əsas tayfa adlarından biridir

Kəngərli rayonu ərazisində, Naxçıvan-Sədərək avtomobil yolunun sağında yerləşən kəndlərimizdən birinin adı Yurdçudur. “Yurdçu” adı XIX əsrə aid mənbələrdə “Yurtçu-Girdəsər” və “Yurtçu-Gildəsər” fonetik variantlarında yazılmış, sonrakı dövrdə adın ikinci komponenti ixtisar edilmiş və kənd adı “Yurdçu” şəklində sabitləşmişdir. Toponimin tərkibinə “Girdəsər” komponentinin artırılması ərazinin landşaftı ilə bağlı olub, buradakı Qulalı təpəsinin relyefi ilə əlaqədar yaranmışdır. “Girdəsər” sözü “girdə” (yumru) və “sər” tərkib hissələrindən ibarət olub, “yumrubaş” mənasında işlənir.

Tədqiqatçılar toponimin mənşəyinə müxtəlif yönlərdən yanaşırlar. Məsələn, bir qisim tədqiqatçı kənd adının mənşəyini Şahsevənlərin poladlı tayfasının Yurdçu tirəsinin adı ilə bağlı olduğunu yazır. Digər tədqiqatçılar isə “insanın doğulub-böyüdüyü yer, məmləkət, ölkə, vətən; “yaşayış yeri, ev, eşik, məskən” mənalarında işlənən “yurd” sözü ilə Yurdçu oykoniminin mənşəyinə eyni mövqedən yanaşırlar  ki, bu da məqsədəmüvafiq deyildir.  Bu mövqedən çıxış edən araşdırmaçılar bu adı (yurd//yurt sözünü) türk dillərində lap qədimdən “ev, ocaq, yuva”, “yaşamaq yeri, məskən, doğma yer; keçmiş yaşayış yeri” şəklində mənalandırır və qeyd edirlər ki, bu söz yaşayış məntəqəsi mənasında türk xalqlarının toponimiyasında geniş yayılmışdır. Digər bir əsərdə “yaylaq yerində maldar elin hər il eyni ərazidə yaşadığı və mal-qaranın saxlanıldığı yer-yurd adlanırdı. Yurd yeri sonralar həmin ərazidə yayı keçirən ellərə mənsub ailələrin məskunlaşması nəticəsində yaşayış məntəqələrinə çevrilmişdir”, – deyə məsələyə münasibət bildirilir. Bir faktı da qeyd edək ki, “yurdçu/yurtçu” sözü türk dillərinin bir çoxunda saray xidmətçilərinə verilmiş ad olmuşdur. Məsələn, monqol-tatar yürüşləri zamanı sarayda müxtəlif qeydlər aparan, cahangirin əsərlərini yayan, xəbərlər alan və xüsusi kəşfiyyata qasidlər göndərən baş qərargahın xidmətçiləri “yurdçu” adlanırmış. Bu fikrə əsaslanan tədqiqatçılar isə toponimin mənşəyinin  sənət və peşə ilə bağlı olduğunu yazırlar. Göründüyü kimi, tədqiqatçılar daha çox “yurd” apelyativinin mənası haqqında danışmış, oykonimin mənşəyini “yaşayış yeri, ev, eşik, məskən” şəklində mənalandırmış, toponimin tarixi kökü haqqında tutarlı fikir söyləməmişlər. Apardığımız araşdırmalar sübut edir ki, kənd adının mənşəyi kəngərlilərin Yurdçu tayfasının adı ilə bağlıdır. Yurdçu kəngərlilərin əsas tayfalarından biri olmuş və tarixən Kəngərli zonasına daxil olan bu ərazidə yaşamışlar. XIX əsr və sonrakı dövrlərdə isə Yurdçu tayfasına məxsus ailələrin bir qismi Cəhri və Uzun­oba kəndlərində məskunlaşmışlar. Hazırda Babək rayonunun Cəhri və Gərməçataq kəndlərində Yurdçu tayfasına məxsus ailələr yaşayırlar.

“Xoşkeşin” ərazinin relyef quruluşu əsasında yaranmış addır

Xoşkeşin kəndi Culfa rayon mərkəzindən 34 kilometr aralıda, Əlincəçayın sahilində yerləşir. Bu ad mənbələrdə “Xoşkeşin”, başqa adı isə “Firəngöy” (əslində Firən+köy) kimi qeydə alınmışdır. Əvvəlcə Firənköy toponimi haqqında.
“Firənköy” adı yerli əhali tərəfindən verilmiş, XVIII əsrə aid mənbədə özünə yer tapmış, bir müddət xalqın dilində yaşamış, sonra isə sıradan çıxmışdır. Firənköy toponimi fransız xalq adı olan “firəng” və “kənd” mənasında işlənən “köy” sözlərinin birləşməsi yolu ilə əmələ gəlmişdir.
Tarixi faktlar sübut edir ki, orta əsrlərdə ölkə, əyalət, nahiyə və kəndlər arasındakı sərhədləri müəyyənləşdirmək üçün sərhəd ayrıclarında kömür quyuları qazılır, kömürdən sərhəd işarələri qoyulurmuş. Dünyanın ayrı-ayrı ölkələrində olduğu kimi, Naxçıvan ərazisində də bu üsuldan istifadə edilmiş, bu məqsədlə Fransadan yer quruluşu üzrə mütəxəssislər dəvət olunmuşdur. Həmin mütəxəssislər bir müddət Naxçıvanda yaşamış, kömür quyuları vasitəsilə əyalət, nahiyə və kəndlər arasında sərhəd nişanlarının qoyulması və xəritələrin  hazırlanmasında yaxından iştirak etmişlər. Fransalı mühəndislər bir müddət Xoşkeşin kəndində yaşamış və ətraf ərazilərdə (Culfa rayonu) işləmiş, bu səbəbdən də kəndə “firənglərin yaşadığı kənd” mənasını verən “Firənköy” adı verilmişdir. Culfa rayonunun Saltaq kəndi ərazisində firəng qəbiristanlığının olması faktı da  burada fransızların yaşadığını təsdiqləyən faktdır. Firənköy toponimi bir müddət yerli əhali arasında  işlənmiş və fransalı mütəxəssislərin ərazidən getməsi ilə əlaqədar sıradan çıxmışdır.
Xoşkeşin kəndi öz tarixi adını bu gün də qoruyub saxlayır. Çöl materialları toplayarkən Xoşkeşin yaşayış yeri, Xoşkeşin nekropolu, Xoşkeşin kəndi, Xoşkeşin çayı, Xoşkeşin mineral suyu, Xoşkeşin körpüsü (Culfa rayonu), Xoşkeşin dağ  silsiləsi (Ordubad rayonu) kimi toponim və hidronimlər qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, toponim türk dillərindəki “koş” (çobanların müvəqqəti yaşayış yeri, yurd, dayanacaq) və “kezen” (aşırım, dağlıq ərazidə batıq yer, dağ yalı) sözünün fonetik forması olan “keşin//keçin” sözündən ibarətdir. Kəndin adı “dağ yalında çobanların dayanacaq yeri” mənasını bildirir. Başqa bir mənbədə isə koş/kas-ın sözünün fonetik hadisə nəticəsində “xoşkeşin” sözünə çevrildiyi qeyd olunur. Tədqiqatçılar “keş” sözünü “dağ  yamaclarında və dağətəyi yerlərdə suyun açdığı şırım, yarğan, dərə, dəhnə” və ya “iki dağın arasında su axan yer, sulu dərə, böyük su arxı, kanal keçilən yer” mənalarında izah edirlər. Bu fikirlərdən fərqli olaraq, R.Yüzbaşov “keş” sözünü  “yumşaq, münbit”, “dağ yamacında yağış sularının açdığı çuxur”, “çılpaq dağ yamacında atmosfer suyunun açdığı şırım” mənasında işləndiyini yazır. Bizim fikrimizcə, “Xoşkeşin” adı “koş-kezen” (keşin/keçin) və ya “koş/kaş-ın” şəklində yox, “xoş-keş-in” kimi tərkib hissələrinə ayrılır. Burada “xoş” türk dillərindəki köş - “köç” “elat düşərgəsi”, keş sözü  “yumşaq, münbit”, “dağ yamacında yağış sularının açdığı süxur”, “çılpaq dağ yamacında atmosfer suyunun açdığı şırım” mənalarında işlənir, -in şəkilçisi isə mənsubluq bildirir. Demək, “Xoşkeşin” “yağış sularının şırım açdığı münbit yerdə dayanan köç, elat düşərgəsi” mənasına uyğun gəlir. Bu da onunla bağlıdır ki, tarixən insanlar dağ ətəyini köç yeri etmiş, burada düşərgə salmış və heyvandarlıqla məşğul olmuşlar. Toponimin bu şəkildə mənalandırılmasını ərazinin relyef quruluşu da təsdiqləyir. 

Adil BAĞIROV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR