Azərbaycan Atabəylər dövlətinin mövcudluğu illərində Naxçıvan dövlətin əsas idarəçilik mərkəzlərindən biri olmuşdur. Ərazinin coğrafi-strateji əhəmiyyətini nəzərə alan Eldənizlər şəhərlərin inkişaf etdirilməsinə, qalaların möhkəmləndirilməsinə ciddi diqqət yetirirdilər. Bu dövr haqqında məlumat verən orta əsr mənbələrində paytaxt Naxçıvanla yanaşı, Azad, Kiran, Ordubad, Əylis, Culfa şəhərlərinin və Əlincə, Sürməri, Tağmar, Faqnan kimi qalaların adı çəkilir, şəhərlərin idarəçiliyi, iqtisadi inkişafı, ticarət yolları haqqında məlumatlar verilir.
Qafqazın və Azərbaycanın orta əsr tarixi-coğrafiyasına aid mənbələrdən biri də Həmdullah Mustovfi Qəzvininin “Nüzhət əl-Qülub” əsəridir. Təqribən, 1280-1350-ci illər arasında yaşamış Həmdullah Qəzvininin adı tarixə tarixçi, səyyah və şair kimi düşmüşdür.
Onun “Tarixe-qozide” (“Seçilmiş tarix”) (1330) və “Nüzhət əl-Qülub” (“Qəlblərin əyləncəsi”) (1340) əsərləri orta əsrlər Azərbaycan, İran, İraq, Mesapotamiya, Kiçik Asiya tarixi və tarixi-coğrafiyasına aid məlumatlarla zəngindir. “Nüzhət əl-Qülub” əsərinin VII bölümündə Azərbaycan ərazisindəki tümənlərdən (inzibati-ərazi bölgüsü, region və ya bölgə) bəhs edən H.Qəzvini Naxçıvan tüməni haqqında da məlumat vermişdir. Bu tümənin 5 şəhərinin – Naxçıvan, Əncan, Ordubad, Azad və Makuyənin adını çəkən müəllif monqollardan əvvəlki dövrdə Naxçıvan ərazisində mövcud olmuş 4 qaladan da bəhs edir. Həmdullah Qəzvini qeyd edir ki, Naxçıvan şəhəri ətrafından müəyyən dağıntılara məruz qalmış möhtəşəm Ələncik (Əlincə), Sürməri, Tağmar və Faqnan qalaları vardır.
Nəzərə alsaq ki, Azərbaycan tarixində ən qüdrətli dövlətlərdən biri olan Atabəylər (Eldənizlər) dövlətinin mövcudluğu illərində (1136-1225) Naxçıvan dövlətin əsas idarəçilik mərkəzlərindən biri olmuşdur, onda bu qalaların o zaman hansı əhəmiyyət daşıdığı aydın olar.
Əlincə – “ilk məskən”, yoxsa “boş sahə”?
Xalq etimologiyasında adının izahı “əlini çək”, bəzi tədqiqatçılara görə, “Alancik” (“boş sahə”) mənasını verən Əlincə qalasının tikilmə tarixini bəzən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud”da möhkəm istehkam kimi təsvir olunan Əlincə qalası haqqında orta əsr tarixçilərindən Nəsəvi, Şərafəddin Əli Yəzdi, türk səyyahı Övliya Çələbi də məlumat vermişdir.
“Əlincə” sözünün hansı mənaya gəldiyini düşünərkən bir məqam diqqətdən yayınıb. Bəzi orta əsr mənbələri Əlincə qalasından “Yeröncək” deyə bəhs edirlər. Məsələn, 1225-ci il hadisələrindən danışan Mirxond Əlincə qalasını “Əlincək” kimi təqdim edir.
Əlincə qalasının Eldənizlər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə”də də yazır. Onun yazdıqlarından aydın olur ki, ilk Eldəniz hökmdarları dövründə İraq və Azərbaycandan yığılan bütün gəlirlər məhz Əlincə qalasındakı xəzinədə toplanmışdır. Hətta bəzi dövrlərdə məhz Əlincə qalasındakı xəzinəyə sahiblənmək uğrunda ciddi mübarizə getmişdir. Qalanın müdafiə sistemi o dərəcədə möhkəm olmuşdu ki, hətta bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz Naxçıvana sığınmağa çalışmışlar. Mənbələrdə verilən məlumatlar da bunu təsdiq edir. Sonuncu atabəy Özbəyin dövründə dövlətin Təbrizdən idarə olunmasına baxmayaraq, dağıdıcı monqol hücumlarından canını qorumaq üçün o, ilk növbədə, Naxçıvanda məskunlaşmağa çalışmışdı. İbn əl-Əsir 12 cildlik “Əl-kamil fi-t-tarix” (“Mükəmməl tarix”) əsərində bu haqda bəhs etmişdir: “Təbrizin əsl hakimi Özbək Pəhləvan oğlu oranı buraxıb getmişdi. Çünki o, fəaliyyətsiz bir əmir idi. ...Tatarların Həmədandan çıxıb gəlməkdə olduqlarını eşitdikdə özü Təbrizi buraxıb Naxçıvana getmiş və ailəsini özündən uzaqlaşdırmaq üçün Xoya göndərmişdi”. Mirxondun məlumatlarından isə aydın olur ki, Özbək Naxçıvana gəldikdən sonra Əlincə qalasına çəkilmişdir. O yazır: “...Sultan Cəlaləddinin onun (Özbəyin – E.K.) hakimiyyəti altında olan Azərbaycanı tutmasından sonra Əlincə qalasında kədərdən və qəmdən öldü”.
Sürməli – “müsəlmanların sərhəd dayağı”
Atabəylər dövründə müdafiə qabiliyyətinə görə seçilən qalalardan biri də Sürməli qalası olmuşdur. Orta əsr mənbələrinin bir çoxunda bu qaladan “müsəlmanların sərhədyanı dayağı” kimi bəhs olunur. Sədr əd-Din Əli Hüseyniyə istinadən akademik Nailə Vəlixanlı yazır ki, Səlcuq Sultanı Alp Arslan 1063-cü il yürüşü zamanı Naxçıvana gəldikdən sonra səlcuqlar “müsəlmanların sərhədyanı dayağı” olan iki qalanı (Sürməlini və Qarabağı) tutur və buranı “əsgərlərlə, sursatla, pulla və silahla təmin edib, Naxçıvan əmirinin sərəncamına verirlər”.
Bu qala monqollar dövründə dağıntılara məruz qalmasına baxmayaraq, Sürməli qalası haqqında XIV əsr müəllifi Nizaməddin Şami Əmir Teymurun yürüşlərindən bəhs edən “Zəfərnamə” əsərində də məlumat vermişdir. 1386-cı il hadisələrindən bəhs edən müəllif yazır: “Əmir Teymur yazı Təbriz və ətrafında keçirdikdən sonra Naxçıvan yolundan yola düşüb Qərbi qalasına gəldi. Buranı müharibəyə girişərək zəbt etdi. Buranın başçısı olan Şeyx Həsəni tutub Əmirin yanına gətirdilər. Bundan sonra Sürməli qalasına gələrək onu müharibə ilə zəbt edib yıxdıqdan sonra bu qövmün böyüyü olan Tutan adındakı türkməni tutdular. Bundan sonra oradan köçüb Qars qala və İçqalasına gəlib bunun da ətrafını ələ keçirdilər”.
Qeyd edək ki, tarixçilərin bir çoxu bu qalanın hazırda Türkiyənin İğdır vilayəti ərazisində yerləşdiyini qeyd edirlər. Bir məsələni də qeyd etmək lazımdır ki, Naxçıvan ərazisində (indiki Babək rayonu ərazisində) XX əsrin ortalarına qədər “Sürəməlik” toponimi mövcud olmuşdur. Filologiya elmləri doktoru Adil Bağırov yazır ki, XVI əsrin sonlarında bu ad “Yuxarı Sürəmərk” və “Aşağı Sürəmərk” adları ilə qeydə alınmışdır.
Lakin Ən-Nəsəvi “Sultan Cəlal əd-Din Mənqiburnun həyatının təsviri” adlı əsərində Sürməli şəhərinin Araz çayının cənub sahilində yerləşdiyini yazır. Nəzərə alsaq ki, Babək rayonunun ərazisi Araz çayından şimalda, İğdırın Sürməli kəndinin ərazisi isə Araz çayından cənubda yerləşir, o zaman orta əsr mənbələrində adıçəkilən Sürməlini İğdır ərazisindəki yaşayış məntəqəsi ilə eyniləşdirmək olar. Məlumat üçün deyək ki, İğdır mahalının Tuzluca rayonunun bir kəndi olan Sürməli İğdırın mərkəzindən 32 kilometr, Tuzluca şəhər mərkəzindən isə 11 kilometr aralıda yerləşir. Bugünkü Sürməli ərazisində iki qala mövcuddur. Onlardan biri “Sürməli qalası” adlanan gözətçi qalası, digəri isə “Qaraqala” (“Karakale”) adlanan Suri-Maridir. Birinci qala Tuzlucanın mərkəzindən 14,5 kilometr məsafədə, Sürməli kəndindən 400 metr şərqdə yerləşir, şimalından Araz çayı axır. Bölgə tarixinin tədqiqatçılarından olan Ziya Zakir Acarın yazdığına görə, Qaraqala kimi böyük bir qalaya yaxın olması Sürməli qalasının sərhəd-gözətçi qalası olduğunu deməyə əsas verir.
Tağmar – Haçadağın ətəyindəki gözətçi məntəqəsi
Həmdullah Qəzvininin “Nüzhət əl-Qülub” əsərində adını çəkdiyi qalalardan biri də Tağmar qalasıdır. Qalanın dəqiqliklə Naxçıvan ərazisində hansı istiqamətdə yerləşməsi haqqında məlumatımız olmasa da, toponimin adına əsasən, müəyyən fikirlər irəli sürmək mümkündür.
Məlumdur ki, Naxçıvanın bu gün də simvollarından biri hesab edilən Haçadağın digər bir adı “İlanlıdağ” olmuşdur. Culfa rayonu ərazisində yerləşən və 2415 metr hündürlüyü olan bu dağ bəzi əfsanə və fərziyyələrə görə, Nuh Peyğəmbərin öz qövmünə xitabət dağı olmuş, sonradan isə bu inam o dağı “Elandağa” çevirmişdi. Digər bir ehtimal isə ərazidə zəhərli ilanların çox olması ilə əlaqələndirilir. Haçadağın zirvəsində iki haça arasında qalın gil təbəqəsi, ocaq yeri və orta əsrlərə aid saxsı qab qalıqları aşkar edən tədqiqatçılar qeyd edirlər ki, Haçadağ qədim müşahidə məntəqəsi olmuş, yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsilə Əlincəqalaya, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilmişdir. Tağmar toponimindəki “tağ” komponenti indi də dilimizdə işlənən “dağ” sözünün ilkin forması, “mar” isə səlcuqların saray dili olan farscadan tərcümədə “ilan” deməkdir. Deməli, ehtimal etmək olar ki, İlanlı dağın üzərindəki gözətçi məntəqəsindən – qaladan H.Qəzvini Tağmar kimi bəhs etmişdir. Qədim Gal-İlandağ yaşayış yerində qalıqları bu günədək gəlib çatmış İlandağ karvansarayından 40-50 metr cənubda bu gözətçi məntəqəsinin – qalanın qalıqları bu gün də qalmaqdadır. Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin verdiyi məlumata görə, ətrafı qaya parçaları ilə hasarlanmış, sıldırım qaya üzərində yerləşən bu gözətçi məntəqəsindən ətraf əraziləri izləmək mümkün olmuşdur. Ordubad-Culfa-Naxçıvan-Sədərək karvan yoluna xidmət edən yardımçı qollardan biri – Gal-Şurud-Paradaş-Dərgəməlik-Nürgüt-Sisyan (Sünik) istiqamətində uzanan yolun Culfa şəhərindən Paradaş kəndinə qədər olan hissəsi bu məntəqə vasitəsilə aydın müşahidə olunurdu.
Qeyd edək ki, “Naxçıvan Abidələri Ensiklopediyası”nda da Culfa rayonunun Gal kəndindən şimal-şərqdə, Haçadağın yamacında sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid yaşayış yerindən bəhs olunur. Yerli əhali arasında “Nəbi qalası” adlandırılan bu qalada arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyət nümunələrinə əsasən, onun XI-XVIII əsrlərə aid olması ehtimal edilir.
Faqnan – yeri naməlum olan qala
Həmdullah Qəzvininin adını çəkdiyi digər qala Faqnan haqqında apardığımız araşdırmalar isə, hələ ki, bu qalanın harada yerləşdiyi, hansı məqsədlərlə istifadə olunduğu barədə hər hansı fikir irəli sürməyimizə imkan vermir.
Beləliklə, “Nüzhət əl-Qülub”da adıçəkilən bu qalalar Atabəylərin (Eldənizlərin) hakimiyyəti illərində dövlətin əsas idarəçilik mərkəzi olan Naxçıvanın qorunmasında xüsusi əhəmiyyət daşımışlar. Bu qalaların tarixi-coğrafi baxımdan öyrənilməsi həm də Azərbaycanın və Naxçıvanın orta əsrlər dövründə hansı əraziləri əhatə etdiyini aydınlaşdırmağımız üçün bizə bir çox faktlar verir.
Elnur KƏLBİZADƏ