Görkəmli maarifçi, böyük mütəfəkkir Məhəmməd Tağı Sidqi Naxçıvan torpağının yetirdiyi tanınmış maarifçilərdən biridir. O, 1854-cü ildə Ordubad şəhərində anadan olmuşdur. İlk təhsilini Molla Məhəmməd Tağı adlı axunddan almış, sonra isə Şah Hüseyn Soltan mədrəsəsində təhsilini davam etdirmişdir. Bir müddət İranda yaşayan görkəmli maarifçimiz orada həm bilik alır, həm də tacirlərin yanında ticarətlə məşğul olurdu. 1885-ci ildə Ordubada qayıdan Sidqi həyatının böyük qismini maarifçilik və bədii yaradıcılığa həsr etmişdir. 1892-ci ildə Avropa mədəniyyətinə dərin rəğbət bəsləyən Hüseyn Sultan Kəngərlinski ilə birlikdə Ordubad şəhərində açdığı “Əxtər” adlı yeni üsullu məktəbdə M.T.Sidqi pedaqoji fəaliyyətə başlamışdır.
Bildiyimiz kimi, millətin gələcəyi olan uşaqların, xüsusilə də gənc nəslin tərbiyəsi və təhsili əhəmiyyətli məsələlərdəndir. Sidqi bu təməli sağlamlaşdırıb gələcək adlanan qalanı sağlam bina etmək üçün bütün varlığıyla çalışmışdır.
Naxçıvanda ilk milli məktəblərdən biri olan “Məktəbi-Tərbiyə”ni M.T.Sidqi təsis etmişdir. Bu məktəb Azərbaycan xalqının gələcəyi üçün ən böyük yatırımlardan biri kimi qəbul edilməlidir. Məktəbdə dünyəvi elmlərlə yanaşı, dünya mətbuatını mütaliə etmək imkanı da mövcud idi. “Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır”, – deyən Sidqi bir bağban həssaslığı ilə yetişdirdiyi şagirdlərini həm maddi, həm də mənəvi cəhətdən gələcəyə hazırlayırdı. Hüseyn Cavid, Əziz Şərif, Əliqulu Qəmküsar, Rza Təhmasib, Ələkbər Abbasov, Məmmədəli Səfərov və başqaları Sidqi məktəbinin yetirmələri olmuşlar.
“Əncümənü-şüəra” ədəbi məclisinin fəal nümayəndəsi olan M.T.Sidqi yaradıcılığında həm aşiqanə, həm də ictimai motivli nümunələrə rast gəlirik. Elmə rəğbət, məktəbə çağırış motivli ideyaların əks olunduğu əsərlərində yazıçı görkəmli pedaqoq kimliyi ilə diqqət çəkir.
Çox tərəqqi tapıb cümlə millət,
Biz də təhsil edək istirahət.
Ciddü-cəhd eyləsin əhli-qeyrət,
Bəlkə, gəlsin ələ elmü-sənət.
Keçməmiş, keçməmiş vaxt fürsət,
Eyləyək, eyləyək dərsə diqqət.
Onun “Elmin şərafəti”, “Məktəbdə”, “Oğlan” kimi şeirləri bu çağırışın əks olunduğu nümunələrdəndir.
Sidqinin uşaqlar üçün yaratdığı əsərlər gənc nəslin tərbiyələndirilib maarifləndirilməsində mühum rol oynayır. Sidqinin əsərləri mətbuatda da çap olunmuş, ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır.
Onun qız uşaqlarının təhsil alması uğrunda mübarizəsi təqdirəlayiqdir. O, mövhumatın tüğyan etdiyi bir zamanda arzularını, istəklərini qorxmadan, çəkinmədən qələmə alırdı:
Hər qız ki ülümə etsə rəğbət,
Axırda, yəqin, tapar səadət.
Yox elmdən özgə bir şərafət,
Elm ilədir iftixar, qızlar.
Sidqinin elmə, biliyə çağırış motivli əsərləri yalnız uşaqları deyil, böyükləri də təhsilə, savad əldə etməyə səsləyir. O deyirdi: “Ağıllı ata-ana övladını elmə və tərbiyətə rağib edəndir. Balasını bikar və əziz saxlayan adam övladının düşmənidir”.
Əsərlərinin əksəriyyətini nəsihət, öyüd motivli fikirlər təşkil edən sənətkarın bu qiymətli fikirləri müasir dövrdə də öz əhəmiyyətini itirməmişdir. Onun “Heykəli-insana bir nəzər”, “Kəblə Nəsir”, “Puşkin”, “Müxtəsər coğrafiya risaləsi” və sair kimi əsərləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Sidqinin diqqət cəlb edən əsərlərindən biri də “Qəzet, yaxud qəzetə nədir?” adlı məqaləsidir. Qəzetin faydalarından, qəzet oxumağın vacibliyindən bəhs edilən bu məqalədə qəzetə və mətbuata fərqli baxışlarla yanaşı, obyektiv yanaşmalar da öz əksini tapır. Sənətkarın həm ironik, həm də realist fikirlərinin bir-birini əvəzləməsi şəklində yazılan məqalədə qəzet oxumağa qarşı mənfi münasibətdə olan insanlar tənqid olunur. Eyni zamanda məqalədə dünya ölkələrindən gətirilən bir sıra nümunələrlə qəzet oxumağın faydaları və qəzetin cəmiyyətin dünyagörüşündə, təfəkküründə oynadığı əhəmiyyətli rolundan bəhs olunur: “Qəzetənin mühəssənatı və əhəmiyyəti çox-çoxdur. Onun tərif və tövsifi, izzət və ehtiramı, məziyyət və lüzumu bundan ziyadədir ki, əsrimizdə hər məmləkətin müəzzilat ümurunun nəticəsi və hər millətin nətayici-əfkarının səmərəsi və hər dövlətin politikasının təğyirat və təbdilatı küllən qəzetə ilədir. Qəzetəni alıb oxumaqdan ar etməyəlim”.
Dünyanın inkişaf etmiş mədəniyyət mərkəzlərinin tərəqqisində mətbuatın rolunu vurğulayan Sidqi öz ölkəsində də mətbuata qarşı bu cür sevgi və hörmət görmək arzusu ilə çırpınır. Məqaləsini “Qəzet oxuyalım! Qəzet oxuyalım!” sözləri ilə bitirən Sidqinin özü də qəzetlərdə yazılarla çıxış edirdi. O, xalqın tərəqqisini elm öyrənməkdə, mütaliə etməkdə görürdü.
M.T.Sidqi yaradıcılığının əsasını təşkil edən mövzular hər zaman aktualdır; onun elm, mərifət, insanlıq barəsindəki düşüncələri gələcək nəsillərə həyatı anlamaq baxımından meyar rolunu oynayır.
Nərgiz İSMAYILOVA