Yanvarın 31-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-dramaturq Asim Yadigarın 60 illik yubiley tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları teatrın foyesində ədibin kitabları və dövri mətbuatda işıq üzü görən məqalələrindən ibarət sərgiyə baxmışlar.
Yubiley tədbiri başlamazdan əvvəl qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının ictimai-mədəni həyatındakı fəaliyyətinə görə tanınmış şair-dramaturq Asim Yadigar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı Asim Yadigara təqdim edilmişdir.
Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimli, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev, şair İbrahim Yusifoğlu, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Elxan Yurdoğlu çıxış etmişlər. Vurğulanmışdır ki, Azərbaycançılıq məfkurəsinin tərənnümü Asim Yadigar yaradıcılığının əsasını təşkil edir. Onun ədəbi külliyyatında Vətənimizi tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeir, poema və dram əsərləri xüsusi yer tutur. Şair təkcə ədəbi fəaliyyətlə məşğul olmur. O həm də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri kimi ədəbiyyatımıza neçə-neçə gənc şair və yazıçıların gəlməsində, eləcə də muxtar respublikada ədəbi mühitin inkişafında yaxından iştirak edir.
Tədbirdə şairin şeirləri bədii qiraət olunmuş, dram əsərlərindən parçalar göstərilmiş, əsərlərinə bəstələnmiş mahnılar ifa olunmuşdur.
Sonda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar ona göstərilən diqqət və qayğıya, yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir.
Elnur KƏLBİZADƏ