Qəhrəmanlıq tariximizi özündə qoruyub saxlayan mədəniyyət müəssisələrindən biri də Naxçıvan şəhərindəki Xatirə Muzeyidir. Xatirə Muzeyi xalqımızın vətənpərvər övladlarının xatirəsinin əziz tutulması və gənclərimizə vətənpərvərlik hisslərinin aşılanması kimi müqəddəs bir vəzifəni yerinə yetirmək baxımından böyük əhəmiyyət daşıyır.
Bu günlərdə adıçəkilən mədəniyyət müəssisəsinə üz tutduq. Muzeyin direktor əvəzi Aytən Mikayıllı bizi muzeylə yaxından tanış etdi. Öyrəndik ki, bu mədəniyyət müəssisəsi 1997-ci ildə Şəhidlər Muzeyi kimi yaradılmışdır. 2000-ci ildən isə Xatirə Muzeyi kimi fəaliyyətini davam etdirir. Hazırda muzeydə 2 minə yaxın eksponat var.
XX əsrin əvvəllərindən bu günədək xalqımızın yaşadığı müxtəlif tarixi hadisələri əks etdirən eksponatların yer aldığı muzeydə yaradılmış guşələr gənclərimizin şanlı tariximizə məhəbbət ruhunda tərbiyə edilməsində zəngin mənbədir. Muzeyə gələn hər bir şəxs burada qorunub saxlanılan sənədlərlə tanış olur, keçmişimizə səyahət edir.
Burada 1828-ci il Türkmənçay sülh müqaviləsi nəticəsində Azərbaycan torpaqlarının İran və Rusiya arasında bölünməsi, ermənilərin buraya köçürülməsi prosesinin gedişi, torpaqlarımızın zaman-zaman işğal olunması barədə məlumatlarla tanış olmaq mümkündür.
Muzeyin girişində Azərbaycan Respublikasının xəritəsi yerləşdirilmişdir. Bu xəritədə Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması göstərilmişdir. Muzeyin girişindəki ilk guşədə 1918-ci ilin mart soyqırımına aid müxtəlif sənədlər, eləcə də Qarabağ hadisələrinə, 20 Yanvar və Xocalı faciələrinə dair müxtəlif dillərə tərcümə edilmiş kitablar qorunub saxlanılır.
Guşələrarası yerləşdirilmiş tablolarda isə 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə Azərbaycan xalqının başına gətirilən fəlakətlər əks olunmuşdur.
Ötən əsrin əvvəllərində baş vermiş hadisələri əks etdirən guşədə ermənilərin törətdikləri qırğınlar sənədlər vasitəsilə nümayiş etdirilir. 1918-1921-ci illərdə Naxçıvanda törədilmiş qanlı aksiyaları əks etdirən arxiv sənədlərindən məlum olur ki, həmin dövrdə erməni daşnakları hər gün indiki Ermənistan ərazisindəki müsəlman kəndlərinə, eləcə də Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarına basqınlar etmiş, buradakı günahsız insanlara amansız divan tutmuşlar. Bu guşədə həmçinin Naxçıvanla bağlı Moskva və Qars müqavilələri, Naxçıvana muxtariyyət statusunun verilməsinə dair sənəd və materiallar mühafizə edilir.
Bundan başqa, muzeydə 1937-1939-cu illərə həsr olunmuş “Azərbaycanın repressiya dövrü” guşəsi də yaradılmışdır. Buradakı materiallarda göstərilir ki, bu illərdə 29 min ziyalımız “xalq düşməni” adı ilə güllələnmiş və ya sürgün edilmiş, bəzi ziyalılarımız isə mühacirət həyatı yaşamağa məcbur olmuşlar.
...1988-ci ildən Azərbaycanda azadlıq istəyən, öz müstəqil dövlətini qurmağa çalışan xalqımıza qarşı qanlı terror aktları törədilməyə başlanmışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qanlı cinayətdə naxçıvanlı övladlarımız Rahim Babayev və Teymur Alməmmədov da şəhid olmuşlar. Hər iki şəhidin həyat yolundan bəhs edən guşə yaradılmışdır.
Başqa bir guşədə 20 Yanvar hadisələri ilə eyni vaxtda Sədərəkdə gedən döyüşlərdə şəhid olan Abbasəli Nəzərəliyev, İdris Məmmədov, Asəf Rəhimovun döyüş yolu barədə məlumatlar toplanmışdır.
Qanlı Yanvar faciəsində və Sədərək döyüşlərində şəhid olmuş Vətən övladlarının döyüş yoluna həsr edilən, tarixi-statistik məlumatların yer aldığı guşələrə baxdıqca Vətənimizin belə igid, məğrur qəhrəmanlar torpağı olmasından qürur hissi duyursan. Və düşünürsən ki, 20 Yanvar Azərbaycan xalqının matəm günü olmaqla yanaşı, həm də azadlıq, yenilməzlik, qəhrəmanlıq tarixidir.
Torpaqlarımızın müdafiəsində böyük şücaət göstərən və “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən 211 qəhrəman Vətən övladının 8 nəfəri naxçıvanlıdır. Muzeydə bu qəhrəmanların döyüş yolu ilə tanış olan hər bir gənc qürur hissi keçirir ki, məhz Azərbaycan xalqının övladıdır.
Bu günlərdə muzey daha qələbəlikdir. Qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümü ərəfəsində buraya ali və orta ixtisas məktəblərinin tələbələri, ümumtəhsil ocaqlarının şagirdləri, təşkilatların əməkdaşları gəlir, xalqımızın çətin, mübariz tarixini bir daha xatırlayırlar. Muzey əməkdaşları buraya üz tutanları səmimiyyətlə qarşılayır, onlara yüksək mədəni xidmət göstərməyi, burada mühafizə və nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verməyi vətəndaşlıq borcu hesab edirlər.
Türkan HÜSEYNLİ