“Bir ömür yaşadım…” Naxçıvan Dövlət Universitetinin “Qeyrət” mətbəəsinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair Vaqif Məmmədovun çapdan çıxan yeni kitabı belə adlanır.
Kitabı, başqa sözlə, bir yaradıcı insan ömrünün ötən 65 ilinin hesabatı da adlandırmaq olar. Kitabda müxtəlif illərdə Vaqif Məmmədov və onun yaradıcılığı haqqında elm adamlarının, ictimai xadimlərin, mədəniyyət xadimlərinin yazdıqları fikirlər – rəylər, məqalələr, ona ünvanlanmış müxtəlif məktublar və şeirlər toplanıb. Ümumilikdə, 45-ə yaxın məqalənin dərc olunduğu birinci fəsildə akademik İsa Həbibbəylinin “Sənətə Vaqiflik”, akademik İsmayıl Hacıyevin “Qeyrət qalası Sədərək”, professor Yavuz Axundlunun “Zirvələr sorağında”, Nəbi Xəzrinin “Uğur olsun”, Xanəli Kərimlinin “Zamanın və sözün rəngi”, Asim Yadigarın “Dolğun misralar sorağında”, Qəşəm İsabəylinin “Öz dünyasında olan insan-şair Vaqif Məmmədov”, Elxan Yurdoğlunun “Yaxşı ki, varsınız” adlı məqalələri xüsusilə diqqət çəkir. “Fikirlər və rəylər” adlanan bölmədə akademik Ziya Bünyadov, Xalq yazıçısı İsmayıl Şıxlı, akademik Bəkir Nəbiyev, Xalq yazıçısı Əzizə Cəfərzadə, Xalq şairi Bəxtiyar Vahabzadənin şairin ədəbi yaradıcılığı ilə bağlı fikir və rəyləri təqdim olunub. Məmməd Araz, Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə, Fərman Kərimzadə və başqa ədiblərin məktubları da maraq doğurur. Kitabda müəllifə həsr olunmuş 44 şeir də yer alıb.
Qeyd edək ki, 326 səhifəlik kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərlidir. Kitab “Qeyrət” nəşriyyatında işıq üzü görüb.
Elnur KƏLBİZADƏ