20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar muxtar respublika Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən rəsm müsabiqəsinin yekun tədbiri olmuşdur.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkil etdikləri müsabiqədə 15 rəsm işi nümayiş etdirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Nicat Babayev və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin əməkdaşı Nizami Alıyev çıxış edərək tədbirin mahiyyətindən danışmışlar. Müsabiqədə fəxri yerləri tutmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və qiymətli hədiyyələr, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplomları təqdim olunmuşdur.
Xəbərlər şöbəsi