Kinoteatr yarandığı zamandan mədəni istirahətimizin ünvanlarından biri olub. Beləcə, kinoteatr mədəniyyəti yaranıb.
Televiziya, video, kompüter, hətta mobil telefonla filmseyretmə imkanlarının hədsiz dərəcədə genişləndiyi indiki zamanda belə, dünyanın əksər ölkələrində kinoteatrlarda film seyr etmək ənənəsi bu günə qədər yaşamaqdadır. Üstəlik, 3D, 5D kimi yeniliklərlə indi kinoya daha canlı, özünü sanki hadisələrin içində hiss etməklə baxmaq mümkündür. Filmlərin geniş ekranda nümayiş olunduğu Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzinə üz tutmazdan öncə gənclərin kinoteatra marağını öyrəndik.
Tünzalə HƏSƏNOVA – Naxçıvan Dövlət Universitetinin tələbəsi: – Afişada tarixi və ya melodram filmi gördükdə kinoteatra gedirəm. “Gənclik” Mərkəzində nümayiş olunan filmlərin əksəriyyəti xarici ölkələrin çəkdikləri filmlərdir. Son illər çəkilən Azərbaycan filmlərinə baxmaq istərdim.
Lətif Qədirov – Naxçıvan Dövlət Universitetinin tələbəsi: – Kinoteatra az-az gedirəm. Buna səbəb afişada adları yer alan ekran əsərlərinin, əsasən, xarici istehsal olan kommersiya filmləri olmasıdır. “Buz dövrü-4”, “Paralel dünyalar”, “Medalyon” kimi filmləri internet vasitəsilə izləmişik. Məncə, kinomərkəzlərdə, hələlik, televiziya kanallarında efirə buraxılmayan kinolar yer alsa, bir də təbliğat güclü olsa, bizdə də maraq oyanar.
Bir neçə gənc sakinlə kinoteatrda film seyr etməklə bağlı söhbətimiz oldu. Əksəriyyət nümayiş olunan filmlərdən və təbliğatdan danışdı. Məlum oldu ki, gənclər kinoya getmirlər. Bəs şəhərimizdəki “Gənclik” Mərkəzində hansı səpgidə filmlər nümayiş etdirilir, milli dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən Azərbaycan filmləri seanslarda nümayiş olunurmu? Bu düşüncə ilə “Gənclik” Mərkəzinə üz tutduq. Qapını açar-açmaz Azərbaycan filmlərindəki fraqmentlərdən ibarət fotostendlə qarşılaşdıq. Sevindik ki, “Gənclik” Mərkəzində milli kinolarımız nümayiş olunur. Mərkəzin direktoru İbrahim Abbasov bildirdi ki, burada 74-ə yaxın Azərbaycan bədii filmləri olsa da, onlardan hamısı nümayiş etdirilməyib. Müəyyən tədbirlər çərçivəsində indiyə kimi “Dolu”, “Xoca”, “Ağ atlı oğlan”, “Arxada qalmış gələcək” kimi filmlər nümayiş etdirilib. Lakin çox belə filmlərimiz var ki, onlar hələ tamaşaçılara təqdim olunmayıb. Müsahibim vurğuladı ki, bəzi Azərbaycan filmləri vardır ki, onlar “Gənclik” Mərkəzində ilk dəfə nümayiş etdiriləcək. Bunlardan biri olan “Çölçü” filmi yaxın zamanda kinosevərlərə təqdim olunacaq. Yaxın gələcəkdə “Çölçü” bədii filmi ilə yanaşı, yeni istehsal edilən “Tərsinə çevrilən dünya”, “Əlavə təsir” kimi Azərbaycan filmləri də tamaşaçılara təqdim ediləcək.
Mərkəzlə tanışlıq zamanı aydın oldu ki, burada 3D formatlı filmlərin də nümayişinə başlanılıb. 3D filmlərini nümayiş etdirmək üçün mərkəzdə yeni avadanlıq quraşdırılıb. İndiyə qədər bu formatda iki film nümayiş etdirilib.
“Bir Almaniya şirkəti ilə müqaviləmiz var və dünya ekranına çıxan yeni filmlər eyni vaxtda bizdə də nümayiş olunur. Çalışırıq ki, həm uşaqlar, gənclər, həm də ortayaşlı insanlar üçün filmlər nümayiş etdirək”, – deyən İbrahim Abbasov qeyd etdi ki, həftənin bütün günləri 4 seansda filmlər nümayiş olunur.
Bir məsələni də qeyd edək ki, kinoların repertuarının reklamı əhatəli şəkildə aparılsa, əminik ki, insanların kinoya marağı artacaq.
Gənclərlə söhbətlərimiz də bunu deməyə əsas verir ki, hazırda “Gənclik” Mərkəzində xarici ölkələrin istehsalı olan filmlərin nümayişinə üstünlük verilir. Unutmamalıyıq ki, bizim yeni çəkilən, geniş auditoriya qazanmaq arzusu ilə yaşlanan filmlərimiz hələ də öz tamaşaçılarını gözləyir. Bunun üçün həftənin hər hansı bir günü yerli filmlərin nümayişinə ayrılsa, daha yaxşı olar.
Türkan HÜSEYNLİ