Naxçıvan Dövlət Xalça Muzeyinin yenidən qurulmasından sonra bu mədəniyyət müəssisəsində olmaq, yenilikləri gözümüzlə görmək istədik. Bundan əvvəl də dəfələrlə olduğumuz muzey, doğrudan da, yeniliklərlə dolu idi. Muzeydə xalçaçılıq sənətinin öyrənilməsi, təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində xeyli iş görülüb.
Burada sərgilənən müxtəlif xalça nümunələri tariximizi, mədəniyyətimizi, incəsənətimizi, xalqımızın məişət tərzini özündə əks etdirir, ulularımızın təfəkkürünü, yaratmaq istedadını ortaya qoyur.
Xalça Muzeyi ilə yenidən tanışlıqda öyrəndim ki, muxtar respublikanın Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında bu gün də xalçaçılıqla məşğul olunur. Bir vaxtlar Ordubad Rayon Peşə Məktəbində bu sənət gənclərə öyrədilib. Ordubadda bu sahəyə bağlılığın ifadəsidir ki, Mirhəsən Seyidovun rəhbərlik etdiyi “Nicat” Elm İstehsalat Müəssisəsinin xalça istehsalı sahəsi bölgədə qədim ənənələrə malik olan xalçaçılığı yaşatmaqdadır. Buna görə də üz tutduq Ordubad rayonuna.
Müəssisənin rəhbəri Mirhəsən Seyidovla xalça istehsalı sahəsində görüşdük. O, öncə muxtar respublikada milli dəyərlərimizin tədqiqi, qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etdi. Son illər bu sahədə görülən işlərin onu da bir ziyalı kimi sevindirdiyini dilə gətirdi. Bildirdi ki, 2011-ci il yanvar ayının 14-dən Ordubad şəhərində ilkinliyi, qədim arxitektura üslubu saxlanılmaqla yenidən qurulan bir neçə yeraltı abidənin açılışı onların fəaliyyətinə yaşıl işıq yandırıb. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəssisəyə milli naxışlardan istifadə olunaraq hədiyyəlik xalçaların toxunmasını, muxtar respublikamızda fəaliyyət göstərən xalçaçılıq sexləri ilə təcrübə mübadiləsinin aparılmasını tövsiyə edib. XIX əsrin ikinci yarısında ordubadlı Mənsur ağa tərəfindən inşa edilən həmin binada istehsal sahəsi üçün hərtərəfli şərait yaradılıb.
Onu da öyrəndik ki, Mirhəsən Seyidov 1993-cü ildən bu sahə ilə məşğuldur. Həmin il Ordubad Elektron Zavodunda yaradılmış xalça istehsalı sahəsinin məhsulları bu gün də ordubadlıların evlərinin bəzəyidir. O vaxt istehsal sahəsində 30 hana quraşdırılıb. Burada 40 nəfər işlə təmin edilib. Müəssisə 2000-ci ilə kimi fəaliyyət göstərib. Müxtəlif səbəblər üzündən öz fəaliyyətini dayandırıb. Muxtar respublikada müxtəlif xalq yaradıcılığı sahələrinin inkişafına göstərilən yüksək dövlət qayğısı onu yenidən bu sahə ilə məşğul olmağa sövq edib.
Naxçıvanda xalçaçılığın tarixindən danışan M.Seyidov bildirdi ki, istər xovlu, istərsə də xovsuz xalça məmulatları Naxçıvan xalçaçılıq məktəbinin qiymətli məhsullarıdır və özünəməxsus inkişaf mərhələsi keçib. Naxçıvan xalçaçılıq məktəbində daha çox butalardan, rəmzi çeşnilərdən istifadə edilib. Xalçatoxuma növlərindən şaquli istiqamətli zolaqlarla bəzədilmiş cecim xovsuz xalçaların əsas istehsal mərkəzi tarixən Ordubad olub. Əsasən, ipək liflərdən toxunan bu xalçalar ağ, yaşıl, qırmızı, sarı, mavi və sair rəngli zolaqların növbələşməsi ilə bəzədilib, zəriflik baxımdan qumaş təsəvvürü yaradıb. Vaxtilə daha çox Ordubadda inkişaf etdirilən xalçaçılıq nümunələri mürəkkəb dolama texnikası ilə toxunub, həm rənginə, həm də bədii xüsusiyyətlərinə görə digər xalça məktəblərinin məhsullarından seçilib. Bütün bunları öz fəaliyyətində əsas götürən bu xalça istehsalı sahəsində, əsasən, kiçik xalçalar toxunur. Bu xalçalarda Naxçıvanın qədim tarixi abidələri əks olunub. Dörd xalçada Möminə xatın abidəsi üzərində olan 4 möhürdən istifadə edilib. Haçadağ, Hüseyn Cavid türbəsi, Qeysəriyyə, Gülüstan və digər abidələrimiz də xalçalarda öz əksini tapıb. Məqsəd muxtar respublikada olan bütün tarixi və təbiət abidələrini xalçalarda yaşatmaqdır.
Sahibkar müxtəlif çeşni və butaların hazırlanmasında Ordubadda təsviri sənətin müxtəlif sahələri ilə məşğul olan Cabir Cabbarova minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu gün Ordubad rayonunun müxtəlif kəndlərində – Tividə, Biləvdə, Azada, Azadkənddə, Nüsnüsdə, Gənzədə, Vənənddə, Əylisdə və başqa yaşayış məntəqələrində vaxtilə bu sənətlə məşğul olan insanlar yaşayırlar. Bu gün onların qüvvəsindən istifadə edərək kəndlərdə xalça istehsalı müəssisəsi yaratmaq olar. Bu müəssisələrdə onlarla insan özünə iş yeri tapar. Belə müəssisələri yaratmaq həm də xalçaçılığı yaşatmaq, xalçaçılığı yaşatmaq isə xalqımızın milli-mənəvi dəyərlərini yaşatmaq deməkdir.
Ordubada gəlmişkən bu sənətlə məşğul olmuş insanlarla görüşmək, xalçatoxuma prosesini öyrənmək istədim. Azadkənd sakini Elmira Babayeva bildirdi ki, yayın sonunda, əsasən, avqust ayında (buna oğlaqqıran dövrü də deyilir) qoyunlar qırxılır, yun yuyulur, əyrilir, xalça üçün nəzərdə tutulmuş rənglər tapılaraq rənglənilirdi. Bundan sonra hana qurulmasına başlanılırdı. Xalçanın toxunmasına tayfanın qadınları cəlb olunardılar. Bir tayfada ən çoxu 2 hana qurulardı, üçüncü hananı qurmağa hazırlaşana “işə pəl vurmaq” deyilirdi. Çünki “iməci” adlanan köməkçilərin eyni vaxtda ancaq 2 hana arxasında işləməyə gücləri çata bilirdi. Hər hananın bir dəstə başçısı olurdu. Hanada xalça toxunmasına başlanmamış ilk olaraq dəstəbaşı digər tayfalardan gəlin gəlmiş qadınlara tapşırığını verirdi ki, həmin tayfaya xəbər olunsun. Çünki xalça toxunmasına başlanılan məqamda işin üstünə gəlmək uğursuzluq sayılırdı. Bu minvalla xalça toxunmasına başlanılırdı.
Elmira Babayeva deyir ki, o vaxt onların toxuduqları xalçalar istifadə baxımından iki yerə bölünürdü: yerə salınan və divara vurulan xalçalar. Yerə salmaq üçün toxunan xalçalarda həmin tayfalara məxsus rəmzlərdən istifadə olunmurdu ki, ayaqlanar.
P.S. Qeydlərimi qələmə alarkən yadıma uşaqlıq illərində nənəmin və qonşu Məleykə xalanın xalça toxumaqları düşdü. Onu da deyim ki, dünyalarını dəyişmiş o ağbirçəklərin toxuduqları xalçalar indi də qiymətli sərvət kimi qorunub hər iki evdə saxlanılır. Xalçaların üstündə bir-birindən gözəl çeşnilər, butalar var. Hər birində insan təfəkkürünün məhsulu olan naxışların ortasında “1966-cı il” toxunub. Bu tarix xalçaların toxunduğu tarixi göstərir.
Deməli, bu gün hər bir evdə belə hana qurub xalça toxumaq imkanlarımız var. Hər kəndli evi bir xalçaçı sexidir. Bu iş üçün qayğı da yetərincədir. Qalır ki, qollarımızı çırmalayıb bu işə girişək.
Muxtar MƏMMƏDOV