25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Yaşar Xəlilovun yaradıcılığında Vətən, doğma torpaq mövzusu ana xətt təşkil edir. Onun Naxçıvan diyarına olan sonsuz sevgisi müxtəlifjanrlı əsərlərində tərənnüm edilmişdir. Elə son günlərdə tamamladığı “Əshabi-Kəhf” baleti yuxarıda deyilənlərə bariz nümunə ola bilər.
Dünya bəstəkarlarının yazdıqları balet nümunələrinin əksəriyyəti məhəbbət mövzusuna əsaslanır. “Əshabi-Kəhf” baletində isə, ümumiyyətlə, qadın personajı yoxdur. Bəstəkardan nə üçün bu cür mövzuya müraciət etdiyini soruşduqda öz fikirlərini belə izah etdi: “Əvvəla, bu əsərin də qayəsini məhəbbət mövzusu təşkil edir. Lakin bu, adi, insani məhəbbət deyil, İlahi məhəbbətdir. Gənclər cahillikdən qaçaraq vəhdaniyyətə tapınırlar, onlara bəxş edilən hidayət sayəsində qəlbləri İlahi məhəbbət ilə çırpınır və sonda əbədi olaraq ona qovuşurlar”.

Baletin librettosunu da bəstəkar özü tərtib etmişdir. Libretto müqəddəs “Qurani-Kərim”in “Kəhf” surəsinin 9-cu və 26-cı ayələrinə əsaslanır. Əsərdə 18 nömrə var.  Birinci nömrə proloq – introduksiya, sonuncu nömrə isə epiloq – himn sayılır. Nömrələrin adlandırılması ayələrdən olan ümumi çıxarışa əsaslanır: I “Qüdrət”, II “Hidayət”, III “Şəhadət”, IV “Qüvvət”, V “Dəlil”, VI “Zülm”, VII “Tərk”, VIII “Rəhmət”, IX “Dua”, X “Pərdə”, XI “Möcüzə”, XII “Əsrlərin yuxusu”, XIII “Oyanış”, XIV “Göndəriş”, XV “Ehtiyat”, XVI “Mübahisə”, XVII “Vəhy”, XVIII “Vahid”.
Baletdə hər bir nömrə ayrılıqda sərbəst olsa da, onları ümumi dramatik inkişaf xətti birləşdirib. “Vahidlik” mövzusu bir leytmotiv olaraq əsər boyu inkişaf etdirilir və öz kulminasiya zirvəsinə sonuncu nömrədə çatır. Burada xor epizodik olaraq orkestr ilə birlikdə “Vahidlik” mövzusunu səsləndirir. Dəqiqliklə desək, azana daxil olan əsas və vacib kəlmələr xorun ifasında səslənir.
“Əshabi-Kəhf” baleti ilk Naxçıvan baleti olmaqla yanaşı, İlahi sözlərə əsaslanan sənət əsəri olaraq, ümumiyyətlə, bütün müsəlman Şərqində bu janrda yazılmış yeganə nümunə sayıla bilər.
Baletin uğurlu səhnə təcəssümünə qovuşacağına xoş ümidlər bəsləyir və müvəffəqiyyətlər arzulayırıq.
P.S. Müəllif bu əsəri Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə bir sənət töhfəsi olaraq ithaf etmişdir.

Rumiyyə QASIMOVA
Naxçıvan Dövlət Universitetinin müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR