Bu barədə qəzetimizə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vüqar Səfərov məlumat verib. Onun sözlərinə görə, xalçalarla yanaşı, hazırlanan digər əl işlərinin üzərində də “Naxçıvan – 90” ifadəsinin əksini tapması nəzərdə tutulub. Hazırda xalq yaradıcılığı emalatxanasında 3 xalça toxunur. Xalçaların toxunmasına yanvar ayından başlanılıb və toxucular, əsasən, Naxçıvan xalçaçılığına məxsus olan ornamentlərdən istifadə edirlər.
Muxtar respublikamızda xalçaçılıq ənənələrinin yaşadılması, keyfiyyətli yerli xalçaların istehsalının kütləviliyinə nail olunması, evlərdə kiçik xalça istehsalı sahələrinin yaradılması son dövrlərdə xüsusilə diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Qeyd edək ki, bir müddət öncə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs keçməyə dəvət edib. Xidmət tərəfindən verilmiş elanda bildirilir ki, peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il fevralın 10-dək tələb olunan sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim etməlidirlər.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində açılmış xalçaçılıq üzrə peşə kursları, Naxçıvan Qızlar Liseyində tikiş, toxuculuq və xalçaçılıq dərnəyinin fəaliyyətə başlaması, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkili gələcəkdə hər bir xalçaçının özünün bir kiçik toxuculuq fabrikinin, müəssisəsinin sahibinə çevrilməsinə imkan verəcək.
Xəbərlər şöbəsi