Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında professor Vidadi Muradovun “Naxçıvan xalçaçıları” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq “Xalçaçılıq xalqımızın qədim sənətkarlıq növüdür” mövzusunda məruzə etmişdir.
Tədbirdə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədovanın“ Naxçıvan Xalça Muzeyinin yaranması və inkişafı” mövzusunda çıxışı olmuşdur.
Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Xəyalə Ağayeva “Naxçıvan xalçaçıları” kitabının məziyyətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı böyük layihənin davamı olan kitab 2013-cü ildə Bakı şəhərindəki “Elm” nəşriyyatında çap edilmişdir. Kitabın üz qabığında Naxçıvan xalçalarının Qarabağlar türbəsi biçimində təsviri verilmişdir. Kitabda bütövlükdə Naxçıvanın tarixi inkişafı və mədəni nailiyyətləri nəzərdən keçirilmiş, Naxçıvan xalçalarının ümumi xarakteristikası, Naxçıvan xalçaçıları haqqında məlumat və fotoşəkillər, dünyanın bir sıra şəxsi kolleksiyalarında saxlanılan Naxçıvan xalçaları təqdim olunmuşdur. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən bu nəfis tərtibatlı kitabı ekspedisiya materialları, muxtar respublikanın 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar daha da zənginləşdirir. Kitabda Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən 35, Ordubaddan 36 toxucunun həyat və fəaliyyəti, habelə qədim abidələrdən, Gəmiqaya qayaüstü təsvirlərdən, şəxsi fantaziyalardan, yerli adət-ənənələrdən, inanclardan qaynaqlanan naxış-ornament, kompozisiya üslubu işıqlandırılmışdır. 151 səhifədən ibarət olan kitabda yuxarıda adlarını sadaladığımız rayonlarda yaşayıb xalçaçılıqla məşğul olanların toxuduqları xalçaların fotoşəkilləri öz əksini tapmışdır.
Tədbirə kitabxananın direktoru Aytəkin Qəhrəmanova yekun vurmuşdur.
Xəbərlər şöbəsi