25 Dekabr 2024, Çərşənbə

Ağac üzərində oyma sənəti ilə məşğul olanlar deyirlər ki, bu təbiət abidəsi kimi mülayim, həssas, səxavətli, “sözəbaxan” digər material yoxdur. Bu sənət növünə ömrünü həsr edənlər üçün ağac həm də bənzərsiz, həmişəyaşar materialdır. Ona görə ki, bir sənətkarın əlində tutduğu ağac parçasının qismətinə sobada yanmaq və ya kağız parçasına çevrilmək yox, böyük sərgilərdə nümayiş olunmaq, qiymətli bir nümunə kimi birinə hədiyyə edilmək düşüb. Ağacla təmasda olanda onun bütün müsbət enerjisi insana keçir. Ağac istidir, nəfəs alır, canlıdır. Onun üzərindəki illərin  buraxdığı izlərdən belə, naxış kimi istifadə etmək olar. Əsas odur ki, bu incəlikləri görüb tətbiq etməyi bacarasan.

Təbiət ən yaxşı sənətkardır, – deyirlər. Çünki əlində düzələn cansız daş parçası da, yamyaşıl, naxış-naxış yarpaqlardan süzülüb düşən bir yağış damlası da, bir ağac parçası da ustalıqla, incəliklə işlənib hazır­lanıb. Dünən Naxçıvan Biznes Mərkəzində təşkil edilən sərgi də məhz bu incəliklərdən sənət naminə ustalıqla istifadə etməyi bacaran bir xalq sənətkarının, ağacoyma ustası Akif Həsənovun sənətsevərlər qarşısında, bir növ, yaradıcılıq hesabatı idi.

Sərginin açılışına Akif ustanın sənət dostları, rəssamlar, heykəltəraşlar, musiqiçilər, ədəbiyyatşünaslar,  teatrşünaslar, bir sözlə, ictimaiyyətin sənətlə daha yaxın olan nümayəndələri toplaşmışdı.
Tədbirdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vüqar Səfərovun, Azərbaycan Respublikasının əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Ülviyyə Həmzəyevanın çıxışları oldu. Çıxışlarda qeyd edildi ki, qədim Naxçıvan torpağında yayılmış el sənəti böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə etməklə dövlətimizin diqqət və qayğısı ilə bu gün də yaşayır, inkişaf edir.  Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu sənət növləri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirir. Qədim sənət növlərindən biri də ağacoymadır. Akif Həsənovun yüksək ustalıqla işlədiyi əl işlərindən ibarət sərgi bir daha göstərir ki, digər xalq sənəti nümunələri kimi, ağacoyma sənəti də inkişaf edir, gələcək nəslə ötürülür.
Sonra sərgiyə baxış olub. Hər naxışında Naxçıvan koloritinin açıq-aşkar hiss olunduğu, tükənməz istedadın, böyük səbrin, yaradıcı düşüncənin məhsulu olan əl işləri tamaşaçılarda böyük maraq oyadıb.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR