Hunlardan sonra “köhnə dünya” (Avropa, Yaxın və Orta Şərq) Uzaq Şərqin gücünü bir də XIII əsrdə hiss etdi. Onlar Şərqdən Qərbə doğru ildırım sürəti ilə hərəkət edir, getdikcə daha böyük ərazilər “böyük güc”ün təsiri altına düşürdü. Dünya üzərində yeni bir fövqəlgüc – böyük monqol imperiyası doğulurdu. Onlardan əvvəl dünyaya hökm edənlər və onlardan sonra dünyaya hökm edəcəklər isə onların fövqəladə gücü qarşısında məğlub olduqlarını etiraf edə bilmədikləri üçün həsəd və paxıllıq dolu nəzərlərlə bu böyük imperiya sahiblərini “vəhşi” adlandıracaqdı; zaman ötdükcə “monqol-tatar” sözünü vəhşiliyin və barbarlığın sinonimi kimi dünyaya təlqin edəcəkdi. Zamanı kitablarda tutub saxlayan adamların bir çoxu isə ya bilərəkdən, ya da bilməyərəkdən bu anlayışı bir-birlərindən köçürə-köçürə onlara vəhşi monqol-tatarlar deyəcəkdilər. Bu iddianın sübutu isə o olacaqdı ki, birləşmiş monqol və tatar (türk) tayfaları tabe olmayanları məhv edir, onlara məxsus olanları yandırır, şəhərlərini və qalalarını yerlə-yeksan edirdilər. Amma bu zaman bir sual nədənsə hamının diqqətindən yayınırdı.
Məgər assuriyalılar, urartulular, çinlilər, əhəmənilər, romalılar, makedoniyalılar, bizanslılar, lap elə ərəblər imperiyalarını dünyanın başına sığal çəkə-çəkəmi qurmuşdular? Yaxud da böyük monqol imperiyasının süqutundan sonra meydana çıxan fövqəldövlətlərin hansı işğal etdiyi ölkəyə gül-çiçəklə daxil olmuşdu ki? Bəlkə, bu gün bir ölkəni işğal edən hər hansı bir fövqəlgüc heç bir şəhəri dağıtmadan, insan tələfatına yol vermədən, hər hansı bir maddi-mədəniyyət abidəsini dağıtmadan istəyinə nail olur?
Fakt odur ki, dünyada fövqəldövlət olmağın, imperiya olmağın bir dəyişməyən qaydası var: güclü olduğunu göstərmədən, güc olduğuna inanmadan heç kəs sənə tabe deyil. Orta əsr reallığında isə Çingiz xan, əslində, sələflərinin (dünyadakı əvvəlki imperiyaların) etdiyini və xələflərinin (sonrakı imperiyaların) edəcəyini etmişdi. Bəli, monqol-tatar tayfaları onlara tabe olmayanları qətlə yetirmişdilər, şəhərlərini dağıtmışdılar, qalalarına od vurmuşdular. Lakin onlar dünya işlərindən bixəbər və əsrlər boyunca bizə təlqin olunduğu kimi vəhşi və barbar deyildilər. “Vəhşi”lərin YASASI (Qanunlar toplusu) olmur, vəhşi olanlar əmr və hökmlərini yerli xalqlara üç dildə (ərəb, fars və türk dillərində) çatdırmırlar və ən nəhayətində, vəhşi olanlar özlərindən sonra UNESKO-nun mədəni irs siyahısına düşməyə iddialı olacaq Qarabağlar – Qudi xatın türbəsi kimi bir memarlıq incisini yadigar qoymurlar. Ya da özlərindən daha əvvəl tikilmiş Möminə xatın, Yusif Küseyiroğlu türbələrinə toxunmadan keçmirlər. Hansı ki bu gün İrəvanda və Qarabağdakı həqiqi barbarlar və vəhşilər Azərbaycan mədəniyyətinə aid abidələri darmadağın edir, üzərlərindəki faktları saxtalaşdırırlar.
Monqollar gəlir, Naxçıvan müqavimət göstərir...
Monqolların Azərbaycan ərazisinə hücumları ərəfəsində Naxçıvan Azərbaycanın əsas və inkişaf etmiş vilayətlərindən biri idi. Bu dövr üçün əsas tarixi mənbələrdən biri sayılan Həmdullah Qəzvininin məlumatlarına istinad etdikdə görürük ki, bu dövrdə nəinki indiki Naxçıvan ərazisində yerləşən şəhərlər, hətta Dvin şəhəri belə, Azərbaycan şəhərləri sırasında olmuşdur. Həmdullah Qəzvini yazırdı ki, Dvin şəhəri Azərbaycanın uzaq hüdudlarında yerləşir.
Şərqdən Qərbə doğru sel kimi gələn monqol-tatar tayfaları Naxçıvan ərazisində də xüsusi müqavimətə rast gəlirlər. Böyük və qüdrətli bir dövlətin – Atabəylərin xüsusi mülkü olan Naxçıvanın müqaviməti təbiidir. Tezliklə öz vətənlərinin iqlimi ilə bu torpaqların iqlimi arasında oxşarlıq görən monqollar və tatarlar öz dilləri ilə yerli əhalinin dili arasında bənzərliyi görüb, sözün əsl mənasında, buradakı aborigenlərlə dil tapa bilirlər. Məhz buna görə nəinki bu ərazilərdə məskunlaşır, hətta şəhərlərin yenidən abadlaşdırılmasında iştirak edirlər. Bu dövrdə inkişaf edən Naxçıvan şəhərləri sırasında Qarabağlar xüsusilə seçilirdi. İndiki Kəngərli rayonunun Qarabağlar kəndi ətrafında yerləşən ərazilərdəki mövcud toponimlər də məhz ərazidə monqollar dövründə sürətli məskunlaşmanın olduğunu sübut edir. Hətta elə olur ki, ən qüdrətli monqol ulusunun hökmdarlarından birinin həyat yoldaşı burda yaşayır, burda dəfn olunur və məzarı üzərində möhtəşəm bir memarlıq incisi ucaldılır.
Qarabağlardakı türbənin sahibəsi kim idi?
Qarabağlar ərazisində bu günə qədər qorunub saxlanılan Qarabağlar türbəsi də məhz monqol-hülakülər dövründə tikilmişdir. Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikildiyi güman edilir. Bu iki minarəni bir-birinə bağlayan portal quruluş isə XIV əsrə aid quruluşdur. Bu kiçik portalın üzərində Qudi (Kutuy) xatının adı oxunur. Qudi (Kutuy) xatının Hülakülər dövlətinin banisi Hülakü xanın həyat yoldaşı olması barədə fikirlər qəti olsa da, təəssüf ki, bəzi mənbələrə və internet resurslarına baxarkən onun səhvən Abaqa xanın həyat yoldaşı olduğunu bildirən yazıların da şahidi olduq. Hülakü hökmdarlarının ailələri haqqında “Cami ət-Təvarix” əsərində geniş məlumat verən Fəzlullah Rəşidəddinin məlumatları ilə tanış olarkən birmənalı şəkildə aydın oldu ki, Abaqa xanın Kutuy adlı həyat yoldaşı olmayıb. Hülakü xanın Kutuy xatın adlı həyat yoldaşı konkurat xalqının (tayfasının) nümayəndəsi olmuşdur. Əsərdə yazılır: “Daha bir həyat yoldaşı Kutuy xatındır, konkurat xalqının hökmdarlarının sümüyündən (şəcərəsindən – E.K.) olan .... qızı. Güyük xatın (Hülakünün əvvəlki həyat yoldaşı – E.K.) Monqolustanda vəfat etdikdən sonra o, ona (Kutuy xatına – E.K.) elçi düşdü və onun (Güyük xatının – E.K.) yurd yerini ona verdi”. Əsərin digər bir yerində isə müəllif əvvəllər xatının Monqolustanda məskunlaşdığı, sonradan isə buraya gətirildiyi haqda məlumat verir.
Abaqa xanın həyat yoldaşları haqqında məlumat verən müəllif yazır ki, onun həyat yoldaşlarından biri konkurat qəbiləsindən olan Mertey xatın olmuşdur. Mertey xatın Çingiz xanın qızının oğlu Musa Gürganın bacısı idi. Musanın anası isə Kutuy xatın idi.
Qeyd edək ki, Kutuy xatın vəfat etdiyi zaman Hülakülər dövlətində İslam hələ rəsmi din olaraq qəbul edilməsə də, Qarabağlar kəndindəki abidə üzərində ərəb dilində “Allah” kəlmələri və dini mətnlər həkk olunmuşdur. Bu isə onu göstərir ki, Kutuy xatın burda dəfn olunsa da, onun məzarı üstündəki türbə nisbətən sonrakı dövrdə tikilmiş və yaxud restavrasiya olunmuşdur. Tədqiqatçılar da qeyd edirlər ki, üslub və tikinti texnikası xüsusiyyətləri türbəni Əbu Səid Bahadur xanın hakimiyyəti illərinə (1319-1335-ci illər), minarələri isə XII əsrə aid etməyə imkan verir.
Hülakü xanın 14 oğlundan 2-ni Kutuy (Qudi) xatın dünyaya gətirmişdi. Bunlar xanın dördüncü oğlu Təkşin və yeddinci oğlu Əhməd Təkudər idi. Yeddinci oğul olan Əhməd Təkudər Abaqa xandan sonra Hülakülər dövlətində hakimiyyətdə olmuşdur.
Kutuy xatının mənsub olduğu konkurat (bəlkə də, “kəngərat”) və yaxud konqoran tayfası ən iri tayfalardan biri olmuşdur. Çingiz xanın əcdadı olmuş və X yüzillikdə yaşadığı ehtimal edilən Bodonçar nəslinin davamı kimi bilinən qəbilələrdən olan konkuratlar monqolların özləri tərəfindən də təmiz monqol kimi qəbul edilməmişdilər. Bir çox tarixçilər isə hesab edirlər ki, bodonçar və onun nəsil davamçıları monqollar deyil, türklər olmuşlar. Beləliklə, doğma vətəndən uzaqlara hökmdar xatını kimi gələn Kutuy xatın burada məhz özü ilə bənzər dildə danışanlar arasında özünü vətənindəki kimi hiss etmiş və son mənzil olaraq da Naxçıvanı seçmişdi.
Elnur KƏLBİZADƏ