Qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvan ərazisi tarixi-memarlıq abidələri ilə zəngindir. Bu günə qədər öz möhtəşəmliyini qorumuş abidələrin gələcək nəsillərə çatdırılmasını təmin etmək üçün həyata keçirilən təmir-bərpa işləri cari ildə də davam etdirilir. Belə abidələrdən biri də Naxçıvan şəhərinin cənub-şərqində müdafiə divarları ilə möhkəmləndirilmiş qalatipli istehkam kompleksi olan qaladır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə milli kimliyimizin, bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan şəhər mədəniyyətinin günümüzə qədər gəlib çatan mühüm tarixi abidələrindən olan qalada əsaslı bərpa və yenidənqurma işləri aparılıb. İlkin mərhələdə Naxçıvan Muxtar Respublikası Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı ustaları abidəni əvvəlki görkəminə qaytarmağa çalışıblar. Ümumi ərazisi 12 min kvadratmetrdən artıq olan qalanın divarları, bürcləri, qalanın giriş hissəsi yenidən qurulub.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları isə Qala Muzeyinin inşasında əsas işləri başa çatdırıblar. Muzey binasında hörgü işləri yekunlaşdırılıb, günbəzşəkilli dam örtüyü vurulub, fasad milli ornamentlərlə bəzədilib. Fasadın dizaynında qalanın ümumi görüntüsünə uyğun olan Şərq arxitektura elementlərindən istifadə edilib. Qalanın bərpasında “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları da səylə çalışıblar. Bu təşkilatlar tərəfindən qalanın çiy kərpiclə hörülmüş divarları suvanıb, qala divarlarının ətrafında abadlıq işləri aparılıb. Hazırda qalanın daxilində abadlıq işləri görülür, işıqlandırma sistemləri qurulur, yaşıllıq zolaqları üçün yerlər salınır. Bərpaçıların bu gün əldə etdikləri nəticə belə deməyə əsas verir ki, qalada təmir-bərpa işləri başa çatdırıldıqdan sonra bu abidə öz möhtəşəmliyi və əzəməti ilə görənləri heyran edəcək.
Məlumat üçün bildirək ki, bu tarixi abidə Naxçıvan şəhərinin cənub-şərqində müdafiə divarları ilə möhkəmləndirilmiş qalatipli orta əsr istehkam kompleksidir. Ötən əsrin ortalarında Naxçıvanqalada aparılmış tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, saxsı qablar və Tunc dövründə (eradan əvvəl 3-2-ci minilliklər) duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilmişdir. Qeyd olunanlar sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.
Səbuhi HÜSEYNOV