25 Dekabr 2024, Çərşənbə

Qədim tarixə malik Naxçıvan ədəbi mühiti söz sənətimizin inkişafına zaman-zaman dəyərli töhfələr bəxş etmişdir. Bu ulu diyarın yetirmələri Azərbaycan ədəbiyyatının yüksəlişində, onun yeni mövzu və ideyalarla zənginləşməsində mühüm rol oynamışlar. Hazırkı mərhələdə də Naxçıvanda yaşayıb fəaliyyət göstərən bir sıra yazarlar özlərinin diqqətəlayiq əsərləri ilə tanınmaqdadırlar. Bunlardan biri də altmış yaşını yenicə tamamlayan istedadlı nasir, publisist və tədqiqatçı Rafiq Babayevdir.

Onun ayrı-ayrı qəzet, jurnal və toplularda, eləcə də müxtəlif illərdə nəşr olunmuş “Axırıncı axşam”, “Yolçu daşı”, “Zühur”, “Ölüm mələyi” kimi kitablarında oxuduğumuz roman, povest və hekayələri orijinal üslublu yazıçının sənət axtarışlarının hədər getmədiyini əyani şəkildə göstərməkdədir. Bu sırada xüsusən onun “Məktub”, “Dağ başının dumanları”, “Axırıncı axşam”, “Sabaha bir gün qalmış”, “Ağ bilək”, “Arxadan gələn adam” kimi hekayələrinin, “İlğım”, Zühur”, “Təkbətək” kimi povestlərinin, bu il çapdan çıxmış “Ölüm mələyi” romanının adlarını çəkmək istərdim. Həmin əsərlərin hər birinin öz tematika və problematikası var, biri digərini təkrarlamır. Hər birində də müəllifin yeni-yeni sənət axtarışlarının geniş imkanlarının şahidi oluruq. Amma onların hamısını birləşdirən bir ortaq cəhət var.

Rafiq Babayev daha çox yığcam bir ədəbi müstəvidə, bir neçə, bəzən isə hətta bir obrazın həyatının müəyyən məqam və epizodları əsasında sosial-mənəvi problemləri, düşündürücü mətləbləri böyük məharətlə, həm də lirik-psixoloji üslubun rəngarəng imkanları ilə təcəssüm etdirməyi bacarır. Oxucunun diqqətini adiliyin qeyri-adiliyinə, fəlsəfi mündəricəsinə yönəltməyə nail olur. Və bütün bunların hamısının arxasında müəllifin həssas sənətkar qəlbinin yaşantıları, oxucuya həyat eşqi aşılayan düşüncələri dayanır. Rafiq Babayevin müşahidə qabiliyyəti, duyum və deyim tərzi onun hər bir əsərində aşkar şəkildə nəzərə çarpır. Yazıçı quru, cansıxıcı təhkiyə, yaxud macəraçılıq ardınca getmir, hadisəçilikdən daha çox obrazların hissi-mənəvi yaşantılarını, daxili aləmini, psixologiyasını açmağa xüsusi səy göstərir. Və beləcə, onun nəsrində təşəkkül tapan üslub özünəməxsusluğu əsərdən əsərə daha da püxtələşərək aparıcılıq, üstünlük qazanır.
Rafiq müəllimin povestləri özünəməxsus ədəbi çəkiyə və mündəricəyə malikdir. Bu maraqlı və təsirli bədii nümunələrdə sosial-mənəvi problemlər fərdi talelərin timsalında orijinal bədii biçimdə canlandırılmışdır. Hekayələrində olduğu kimi, povestlərində də müəyyən lirik-psixoloji yozum və mənalandırmalar önəmli yer tutur. “İlğım” povestində  xeyirlə şər qarşılaşdırılır, şərin simvolu kimi İsti obrazının  mahiyyəti açıldığı kimi, onun fitnələrinə tab gətirib düz yolundan azmayan mətanətli insanların uca, işıqlı mənəviyyatı da önə çəkilir. Yazıçının “Təkbətək” povestində isə bir ailənin taleyinin diqqət mərkəzinə keçməsi fonunda sosial-mənəvi problemlər işıqlandırılmışdır. Tənhalığın faciəsi əsas obrazın timsalında öz ifadəsini tapmışdır. Öz doğmalarından belə, adi diqqət, anlayış görməyən bu şəxsin iztirabları, laqeydliyə məruz qalması təsirli bədii boyalarla mənalandırılmışdır. “Zühur” povestində müəllif ali məktəb müəllimi ilə keçmiş tələbəsinin görüşü, mükalimələri, xatiratları fonunda ictimai problemlərə həssas sənətkar münasibəti nümayiş etdirmişdir. Olub keçənlər bir kino lenti kimi vərəqlənir və müxtəlif obrazlarla bağlı müəyyən epizodlara işıq salınması yolu ilə həyati yaşantılar ədəbi müstəviyə gətirilir. Sıravi adamların məişətindən, ovqatından təsirli lövhələr yaradıldığı kimi, bəzi xəbis “ziyalıların” da bəd əməllərindən epizodlar  və onların qurbanlarının aqibəti barədə anımlar da povestdə özünəməxsus yer tutur. Xüsusən sovet cəmiyyətinin müəyyən xofları və buxovları barədə yazıçının təsvirləri maraq doğurur.
Yazıçının nəsrində ona da diqqət yönəldilir ki, həyat mürəkkəbdir, göy qurşağı kimi yalnız parıltıdan, könüloxşayan əlvanlıqdan ibarət deyil. Beşikdən məzara qədər addımlayan insanların heç də hamısı ömür yolunun dolanbac sınaqlarından üzüağ, alnıaçıq çıxa bilmir. Belə məqamlarda yazıçının lirik-psixoloji təhkiyəsi konkret notlarla müşayiət olunur. Müəllifin  “Zühur” povestindəki müstəntiqin – sovet dövründə müxtəlif haqsızlıqlara imza atmış bir şəxsin sonrakı etirafları oxucuları haqq-ədalət, mənəvi təmizlik işığına səsləməsi ilə səciyyələnir.
“Ölüm mələyi” romanı yazıçının yaradıcılıq axtarışlarının yeni bəhrəsi kimi ortaya çıxmışdır. Bu romanda təsvir olunan hadisə və obrazlar dünyasını dəyişən qarının ömür yolu ilə bağlı anım və fraqmentlərin axarı boyunca təqdim olunmuşdur. Müəllifin məharəti ondadır ki, yığcam bədii boyalar və epizodlar vasitəsilə əsas qayəni məharətlə canlandıra bilmişdir. Bu əsas qayə isə yazıçının hələ ilk qələm təcrübələrindən başlayaraq boy verən işıqlı ideala çağırış, mənəvi ucalığa səsləməkdir. Yazıçının təsvir və təqdimləri də, obrazların etirafları da məhz bu işığın sorağına köklənmişdir. Yaşanmış həyatın sevinci də, kədəri də, itirilmiş dəyərlərin faciəsi də, son nəticədə, dolanıb o işığa yön alan pərvanəyə çevrilir. Kəşməkəşli ömür sürmüş, həyatın dolanbaclarından adlamış, daim bəd əməllərdən uzaq olmuş qarının dünyasını dəyişməsi ilə bağlı təsvir və xatiratlar da, əslində, bu psixoloji romanın ideya-bədii semantikasını aşkarlamağa istiqamətlənmişdir. Yazıçının izlədiyi qayə də budur: “Günahkarı görüb onun günahını üzə vurmayanlar, sözünü deməyənlər o biri dünyaya üzüağ getməyəcəklər. Qarısa o dünyaya üzüağ getmək istəyirdi. O, elə uzun bir ömrü bunun üçün yaşamışdı... O, ömrünü gül kimi yaşayıb. Ancaq gülün ləçəklərinə bir damcı toz qonmağa da imkan verməyib”. Bu qayə – ömrü gül kimi təmiz, pak yaşamağa çağırış ideyası  R.Babayevin bütün əsərləri üçün başlıca kredodur.
Rafiq Babayev istedadlı nasir kimi tanınmaqla yanaşı, həm də publisistdir. Hələ gənclik illərindən Ordubad rayonunda dərc olunan qəzetdə ədəbi və publisistik yazılarla çıxış etməsi, həmin qəzetdə sıravi əməkdaşlıqdan redaktorluğadək yol keçməsi də onun yaradıcılıq bio­qrafiyasının yaddaqalan səhifələridir.
Rafiq Babayev həm də zəngin, çoxəsrlik folklorumuzun yaxşı bilicisi, toplayıcısı və tədqiqatçısıdır. Hələ 1970-ci illərdən – ali məktəb tələbəsi olduğu vaxtlardan etibarən  o, doğulub boya-başa çatdığı Ordubad rayonunda şifahi söz sənəti nümunələrini toplamağa başlamış, indiyədək bu sahədə səmərəli fəaliyyət göstərməkdədir. Folklora aid müxtəlif nəşrlərdə, o cümlədən mötəbər antologiyalarda onun topladığı çoxsaylı materiallara da yer ayrılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü və yüksək qayğısı ilə nəşr olunan çoxcildli “Naxçıvan folkloru antologiyası”nın hazırlanmasında Rafiq müəllim bir folklorçu kimi yaxından iştirak etmişdir. R.Babayevin Naxçıvanda toplanılmış şifahi xalq ədəbiyyatı materiallarına istinadən apardığı səmərəli tədqiqat nəticəsində müdafiə etdiyi dissertasiya və onun əsasında hazırlayıb nəşr etdirdiyi “Naxçıvan folkloru: bəşərilik, türklük, regionallıq” monoqrafiyası da  özünün elmi səviyyəsi ilə diqqəti çəkir. Nəhayət, Rafiq Babayevin uzun illər orta məktəblərdə, son illərdə isə Naxçıvan Özəl Universitetində səmərəli pedaqoji fəaliyyət göstərdiyini də əlavə etmək yerinə düşər.
Ömrünün və yaradıcılığının kamillik çağında olan Rafiq Babayevə yeni sənət sevincləri arzulayırıq!

Hüseyn HƏŞİMLİ
filologiya elmləri doktoru, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR