Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində türkiyəli rəssam, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik kafedrasının dissertantı Tamer Tuğrulun fərdi sərgisi təşkil edilib.
Sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın, Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Rza Akıncının, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimovun, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə, onun üfüqlərinin daha da genişləndirilməsinə bəşəriyyətin bu gün olduğundan daha çox ehtiyacı vardır. Bu prosesdə incəsənət mühüm rol oynayır. Bu gün Türkiyə Cümhuriyyəti və Naxçıvan Muxtar Respublikası arasında bütün istiqamətlər kimi, incəsənət sahəsində də möhkəm təməlli körpülər atılıb. Naxçıvan qədim mədəniyyətlərin beşiyi, əsrarəngiz təbiət mənzərələri, tarixi abidələr məkanıdır. Əminliklə demək olar ki, qədim diyarın gəzməli və görməli yerləri türkiyəli rəssamın fırçasında əsl sənət əsərlərinə çevriləcək.
Bildirilib ki, Tamer Tuğrulun rəsm əsərləri Türkiyə təsviri incəsənətində xüsusi yeri olan əsərlərdəndir. Hər bir rəssam vətənini əsərlərində vəsf etməli, gələcək nəsillər üçün miras qoymalıdır. Rəssamın əsərləri də bu baxımdan dolğun və rəngarəngdir. O, öz tablolarında vətəninin gözəlliklərini, insanların gündəlik həyatını özünəməxsus şəkildə əks etdirir, onun əsərləri insanları düşündürür, onlarda incəsənətə böyük maraq və sevgi oyadır. Əsərlərdəki real həyatdan götürülmüş təsvirlər rənglər dünyasını bir daha insanlara sevdirir. Əsərlərdə yerində və qədərində işlədilmiş boyalarda sanki bir işıq var və bu işığı heç bir qaranlıq gizlədə bilməz. Bu işıq sonsuz sənət sevgisinin işığıdır.
Sonra sərgiyə baxış olub. Kətan üzərində yağlı boya ilə çəkilmiş Heydər Əliyev, Mustafa Kamal Atatürk portretləri, natürmortlar, marina, peyzaj janrında işlənmiş rəsm əsərləri sərgiyə gələnlər tərəfindən maraqla seyr edilib. “Cirit oynayanlar”, “Balerinalar məşq edərkən”, “Van mənzərəsi”, “Bəyoğlunda qış”, “Ərzurum qoşa minarələri”, “Diyarbəkir Səmt bazarı”, “Çiçəklər və qadınlar”, “Ağrı dağından mənzərə” və digər rəsm əsərləri də sərginin ən çox diqqətlə baxılan nümunələrindən olub. Naxçıvanlı rəsmsevərlər rəssamın qabartma üsulu ilə işlədiyi “Naxçıvanda çöl ördəkləri” əsərinə də maraqla baxıblar.
Məlumat üçün bildirək ki, sərgi Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təşkil edilib.
Səbuhi HÜSEYNOV