Milli dəyərləri unutmaq müasirləşmək, yeniləşmək demək deyil
Gəlin etiraf edək ki, xalqımızın qədim musiqi aləti olan zurnanın səsi gələndə qanımız qaynayır. Bu səs yeni bir xeyir işin başlamasının xəbərçisidir... Bir vaxtlar zurna səsi eşidəndə böyük-kiçik demədən – ulu babalarımız, nənələrimiz, qız-gəlinlərimiz, igid oğullarımız bu səsin gəldiyi yerə toplaşmağa tələsərmiş. Bilirmişlər ki, qara zurnanın səsinə qurşaq tutulacaq, ərənlər at belində qəhrəmanlıqlar göstərəcəklər.
Bəs bu musiqi alətinin sirri nədədir? Zurnanı, necə deyərlər, icad edənlər o vaxt nə düşünüblər? Bizcə, bu suallara birmənalı cavab vermək mümkün deyil… Çünki cavablar çoxdur. Bir qədər keçmişə ekskurs etsək, suallarımıza qismən cavab tapa bilərik. Öncə Azərbaycan folklorunda zurna ilə bağlı deyilənlərə nəzər salaq. Məsələn, atalar sözlərinə: “El çalan zurnanın səsi uzağa gedər”, “Toyun axırında zurna belə səslənər” və sair.
Gur və güclü səsi olan bu milli nəfəsli musiqi alətinə xalq arasında “qara zurna” da deyilir. Mütəxəssislərin rəyinə görə, “qara” sözü keçmişdə zurnanın qara rəngli kəl və öküz buynuzundan hazırlanması ilə əlaqədardır. Bəziləri isə zurnanın “surnay” sözündən olub, sur “böyük ziyafət”, nay “qarğı”, “qamış” mənasını verdiyi qənaətindədir. Hər iki versiya ilə razılaşmaq olar. Quruluşuna gəldikdə isə bu musiqi alətinin tərkib hissələrinə gövdə, maşa, mil, dil, tağalaq və qapaq daxildir. Uzunluğu 280-300 mm olan gövdə, əsasən, ərik ağacından hazırlanır. Onun üzərində səkkiz üst pərdə, baş tərəfə yaxın isə bir alt pərdə açılır. Gövdənin enli “ayaq” hissəsindəki pərdə həmişə açıq qalır. Gövdənin diametri altıncı pərdədən başlayaraq tədricən artır və gövdə ayaq hissədə konusvari şəkil alır. Gövdəyə alətin baş hissəsi tərəfindən söyüddən hazırlanmış haça şəkilli “maşa” salınır. Onun vəzifəsi səsi nizamlamaq və gücləndirməkdir. Maşaya bürünc və ya sümükdən düzəldilmiş mil taxılır. Milə isə sədəf və ya sümükdən hazırlanmış dairəvi şəkilli “tağalaq” keçirilir. Çalğı zamanı dodaq ona toxunur. Çalğıdan sonra dil qapaqla örtülür.
Azərbaycan xalqının ənənəvi toylarını, xüsusilə də Naxçıvan toylarını qara zurnasız təsəvvür etmək qeyri-mümkün idi. Ancaq etiraf etmək lazımdır ki, son illərdə şadlıq saraylarında təsadüfən zurna səsinə rast gəlirsən. Düzdür, kənd toylarında, xüsusilə də Şərur və Şahbuz bölgələrində qara zurnaya daha çox üstünlük verirlər. Çünki elə Naxçıvanın emblemi sayılan yallılarımızın əksəriyyəti zurna ilə ifa olunanda daha xoş təsir bağışlayır. Belə demək mümkündürsə, yallılarımızda rəqqasların tamaşaçıya çatdırmaq istədiyi fikri qara zurna ilə daha canlı ifa etmək mümkündür. Ancaq təəssüf hissi ilə qeyd edək ki, bu gün muxtar respublikamızın ərazisində qara zurna ifaçılarının sayı getdikcə azalır. Bunu apardığımız kiçik araşdırmada da gördük. Söhbətləşdiyimiz mədəniyyət işçiləri, ziyalılar, sadə vətəndaşlar toylar üçün zurna ifaçıları tapmağın xeyli çətin olduğunu söylədilər. Bununla bağlı Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kərim Qazıbəyov dedi ki, rayonda toylarda bunun çətinliklərini daha çox kənd sakinləri yaşayırlar. Hamı istəyir ki, toy maraqlı keçsin və təbii ki, bu da əksər hallarda zurnasız mümkün olmur. El şənliklərində, məsələn, Novruz bayramında bu çətinliyi daha çox hiss edirik. Bu boşluğu doldurmaq üçün üz tuturuq Şərur rayonuna. Bu bölgəmizdə, sağ olsunlar, hələ də qədim musiqi alətimizi yaşadanlar var. Ancaq onların da sayı azalmaqdadır.
Digər müsahibimiz 80 yaşlı Hüseyn İsmayılovdur. Məlumat üçün bildirək ki, bu el ağsaqqalı uzun illər Şərur bölgəsinin toy-bayramlarını zurna ilə yola verib. Onun söhbəti:
– Nə olsun ki, toy edənlərin zurna ifaçısına ehtiyacı var. Gərək gənclərdə də buna maraq artırasan ki, onlar gələcəkdə bu işlə məşğul olsunlar. Bu yaxınlarda bir toya getmişdim. Toyda nə yallı gedildi, nə qara zurnanın səsi eşidildi. İnanın ki, nə qədər narahat oldum. Belə cansıxıcı toy görməmişdim. Düşündüm ki, hanı bizim qara zurnamız, qoşa nağaramız? Burada səslənən bayağı mahnılar insanın lap bağrını çatladır. Az qaldım gedəm evdən qara zurnamı gətirəm, səsi dağlara yayılsın. Ancaq səhhətim buna imkan vermir, yaşlaşmışam. Rəhmətlik qardaşım da zurnaçalan olub. Çoxlu xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak etmişik. O ölkələrdə zurnaya olan maraq bizim də qəlbimizi qürurlandırıb. İnanın ki, tədbirlərdə zurna səsi gələndə bütün salon canlanırdı. Mən zurnamla həmişə fəxr etmişəm. Rəhmətlik qardaşım bu sənəti övladlarına da öyrətmişdi. Ancaq sonra onlar başqa musiqi alətlərinə yönəldilər. İndi bilirsiniz ki, şadlıq saraylarında o qədər də zurnaya ehtiyac duyulmur. Bu musiqi alətini ifa edənlər barmaqla sayılır. Zurnaya biganəlik haradandır?
Bəli, Hüseyn kişi haqlıdır. Gəlin etiraf edək ki, bu gün toylarımızda zurnanı başqa alətlər əvəz edib. Əleyhinə deyilik. Olsun. Ancaq həmin musiqi alətləri ilə yanaşı, zurna və digər qədim milli musiqi alətlərimizi unutmamalıyıq. Bu alət ulu babalarımızdan bizə qalan qiymətli milli dəyərlərdən biridir. Onu unutmağa heç birimizin haqqı yoxdur. Digər bir məsələ, gəlin onu da etiraf edək ki, bu gün toylarımızda səsgücləndiricilər vasitəsilə yayılan elə mahnılar səslənir ki, insanın haqlı narazılığına səbəb olur. Bir zamanlar bir-birindən gözəl, ruhumuzu qidalandıran xalq mahnılarını əvəzləyən, bəsit musiqisi və mənasız sözləri ilə təqdim olunan belə “mahnılar”, təəssüflər olsun ki, əksər şadlıq evlərinin mahnı repertuarında əsas yerləri tutur. Bəs hanı bizim “Uzundərə”, “İnnabı”, “Heyvagülü”, “Xançobanı”, “Qaytağı” kimi milli musiqilərimiz, damarımızda qanımızı oynadan yallılarımız? Təəssüf ki, unudulur, zövqümüz fərqinə varmadan korlanır.
Onu da qeyd edim ki, muxtar respublikada yaşayan 10-15 nəfər zurna ifaçısının bəzən Bakı toylarına, hətta xarici ölkələrə dəvət almaları bu musiqi alətinə maraqla bağlıdır. O da var ki, Naxçıvan toyları isə qara zurnasız keçir. Araşdırmamızdan məlum oldu ki, muxtar respublikanın heç bir uşaq musiqi məktəbində zurna ixtisası tədris olunmur. Səbəbi isə odur ki, öyrədən və öyrənmək istəyən yoxdur.
Gəlin çalışaq, toylarımız qara zurnasız olmasın. Bu işdə hamımız əlbir olmalı, qara zurnamızı təbliğ etməliyik. Ulu babalarımız heç bir musiqi təhsili almadan bu musiqi alətini yaradıb, nəsildən-nəslə ötürüb. İmkan verməməliyik ki, nə zamanın kəşməkəşləri, nə də ki müasirləşmə, yeniləşmə qara zurnamızı və bu kimi digər qədim musiqi alətlərimizi unutdursun! Onları göz bəbəyi kimi qorumalıyıq! Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Xalqın milli dəyərlərini qorumaq onun gələcəyini qorumaq deməkdir. Azərbaycan xalqına məxsus milli dəyərlər min illər boyu formalaşaraq bizə çatmışdır. Ona görə də bu dəyərləri qorumaq və yaşatmaq hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Bu gün uşaq və gənclərimiz musiqi məktəblərində təhsil almadan xarici musiqi alətlərində ifa edə bilmirlər. Lakin tarı, sazı, balabanı, zərb alətlərini musiqi təhsili almadan da ifa edirlər. Bu, milli kökümüzə bağlılıqdan irəli gəlir. Bu həm də bizim qədim mədəni irsimizə hörmət və ehtiramımızın ifadəsidir”.
Sevindirici haldır ki, bu gün Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimizə sahib çıxılır, onun təbliği üçün müxtəlif addımlar atılır. Heç şübhə yoxdur ki, qara zurnamız da bu yaşıl işıqdan bəhrələnəcək. Qara zurna ifaçılarının sayı artacaq, musiqi məktəblərində bu alətin də tədrisinə nail olunacaqdır. Əlbəttə, milli sərvət sahiblik sevir! Laqeydlik, unutqanlıq dəyərlərimizin əldən getməsinə səbəb ola bilər. Gəlin biz öz milli dəyərlərimizin keşiyində dayanaq, onu nümayiş etdirək, qoruyaq və gələcək nəsillərə çatdıraq. Bu, hər birimizin ən böyük vətəndaşlıq borcudur.
Sara ƏZİMOVA