Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan öz zəngin tarixi keçmişi ilə dünya sivilizasiyasının önündə gedir. Naxçıvan əlyazma mətnləri tarixi baxımdan çox əhəmiyyətli dərəcədə başqa əlyazma mətnlərindən fərqlənir. Bu əlyazma mətnlərinin araşdırılması milli-mənəvi, dini-əxlaqi, tarixi-keçmişi, ədəbi-mədəni, fəlsəfi və regional baxımdan geniş bir sahəni əhatə etdiyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Coğrafi şəraitinə görə Araz çayının fövqündə dayanan Naxçıvan böyük strateji əhəmiyyətə malik olmuşdur. Sanki Araz çayı Naxçıvanın dünyada tanınma – işarə mərkəzi olmuşdur. Əlyazma mətnlərdə rast gəldiyimiz Araz çayının forma və məzmun baxımından necə çay olması barədə qısa da olsa, məlumat verilir.
Şərqin tanınmış böyük alimi İbn əl-Vərdinin “Xəridət əl-əcaib və fəridət əl-qəraib” əsərindən nümunə olaraq Araz çayı haqqında verilmiş əlyazma mətninin bir hissəsinin Mahmud Şirvani tərəfindən tərcümə edilmiş cümləsinə nəzər yetirək: “Nəhr Araz Azərbaycandadır. Qayət bərk akar və içində böyük taşlar var, bəzi bəllidir, bəzi degil. Ol səbəbdən gəmi anda yürüməz. Bu, dəxi mübarək sudur, qərq olmuşların əksəri nicat bulmuşdur...” Araz çayı boyunca Naxçıvanın şəhər və kəndlərinin yerləşdiyi bir ərazidə tarixin zəngin arxiv materialları gizlənir. İstər osmanlı zamanının, istərsə də əvvəlki dövrlərin mənbələrində Naxçıvan diyarının şəhərləri kimi, Naxçıvan və Ordubadın adı qeyd edilir.
Naxçıvan əlyazma mətnlərinin ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bütün reallıqları özündə əks etdirir. İstər Atabəylər dövləti zamanına aid qiymətli, eyni zamanda ən zəngin əlyazma olan “Munisnamə” əsəri, istər Azərbaycan mədəniyyəti tarixində XIII-XIV əsrlərdə çoxcəhətli yaradıcılığa malik alim, şair və dövlət xadimi kimi tanınan Hinduşah Naxçıvaninin “Əs-Sihah əl-əcəmiyyə” əsəri və istərsə də XIX əsrin görkəmli nümayəndəsi Hacı Molla Məhəmməd Naxçıvaninin “Qürrətul-Əbsar” (“Gözlərin nuru”), “Dürrətül-Əbrar” (“Söylənilməmiş inci sözlər”), “Kəşkülü-nur” (“Nur qabı”), “Məzahir ən-nur” (“Nurların zahir olduğu yerlər”) və “Səhabəd-Dümu” (“Buludların göz yaşları”) kimi əsərləri bunun bariz nümunəsidir.
“Munisnamə” əsəri XII-XIII əsrlər Atabəylər dövlətinin iqamətgahında yazılan nadir əlyazma nüsxəsidir ki, əsli Böyük Britaniyadakı muzeylərdən birində mühafizə olunur. Əlyazmanın fotosurətinin Naxçıvana aid hissələri ana dilimizə tərcümə edilərək tədqiqata cəlb olunmuşdur.
Son dövrlərə qədər tədqiqatçıların diqqətindən yayınmış “əs-Sihah əl-əcəmiyyə” lüğəti Azərbaycan ərazisində azərbaycanlı müəlliflər tərəfindən tərtib edilmiş, ilkin dövrlərdə dilimizin leksikası haqqında məlumat verən qədim və hələlik, yeganə abidə kimi diqqəti cəlb edir. Farsca-türkcə ikidilli lüğət olan “əs-Sihah əl-əcəmiyyə”də 5117 fars sözünün müqabili kimi verilmiş türk mənşəli sözlərin təxmini sayı 10 minə yaxındır.
XIX əsr ictimai mühiti üçün səciyyəvi xarakter daşıyan Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-Dümu” əsəri fəlsəfi baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. İstər islam fəlsəfəsi nöqteyi-nəzərindən, istər insanlıq baxımından özündə qeyri-adi hadisələri canlandıran və insanları riqqətə gətirən əsər fenomenliyi ilə diqqəti cəlb edir. Bu baxımdan əsərin müəyyən hissələri tədqiqata cəlb edilmiş və iki cilddə “Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-Dümu” əsərində fəlsəfi düşüncələr” adlı monoqrafiya çap edilmişdir.
Naxçıvan əlyazma mətnlərinin digər bir xüsusiyyəti ondan ibarətdir ki, əlyazmalar müxtəlif xətlərlə yazılmış, sonralar onların katiblər tərəfindən üzü köçürülmüşdür.
Səbuhi İBRAHİMOV
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun şöbə müdiri, dosent