Müasir həyatda dünya xalqlarının sivilizasiyası onun tarixi və mədəniyyəti ilə ölçülür. Azərbaycan xalqı da o xalqlardandır ki, qeyd olunan hər iki reallığın qədimliyi və zənginliyi ilə seçilir. Zəngin mədəniyyətinin izi tarixin çox uzaq dövrlərinə gedib çıxan ulu Naxçıvan diyarı isə bu sivilizasiyanı günümüzə daşıyan unikal regionlardan biridir. Bu yurdun hansı bölgəsinə getsən, orada yaşı yüz illərlə, bəzən isə min illərlə ölçülən bir daş, qaya parçası, tikiliyə rast gələrsən. Əsrlərin sınağından süzülüb gələn bu yadigarlar müxtəlif zamanlarda dağılmağa, aşınmalara məruz qalsa da, yenə də öz milli kimliyini tarix qarşısında sübut etməkdədir. Bu cür zəngin yadigarları özündə ehtiva edən bölgələrdən biri də Culfa rayonudur.
Culfa rayonu istər tarixi, istər dini, istərsə də mədəni abidələri ilə hər zaman diqqət mərkəzində olan bölgələrimizdəndir. Adı müqəddəs “Qurani-Kərim”də keçən Əshabi-Kəhf mağarası, Şərq aləmində hürufiliyin banisi sayılan böyük mütəfəkkir və filosof-şair Fəzlullah Nəiminin qəbrinin yerləşdiyi Xanəgah türbəsi, Naxçıvan memarlığının incilərindən sayılan Gülüstan türbəsi, 14 il xarici yadellilərə sinə gərmiş Əlincə qalası, Naxçıvanın simvolu sayılan əsrarəngiz Haçadağ məhz qədim Culfanın köksündə qərar tutub. Müasir Culfa isə bu tarixi və təbii gözəlliklərin fonunda daha da gözəlləşir...
İndi Culfa rayonu muxtar respublikamızın digər rayonları kimi, özünün intibah dövrünü yaşayır. Culfa şəhəri də daxil olmaqla rayonun əksər yaşayış məntəqələrini öz ağuşuna alan quruculuq tədbirləri bu qədim bölgənin simasını xeyli dəyişməklə bərabər, insanların rahat yaşayışını da təmin etmişdir. Sosial-iqtisadi göstəriciləri ildən-ilə yüksələn bu rayon həm də mədəni tərəqqisi ilə diqqət çəkir. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Füzuli Hüseynli bizimlə söhbətində bildirir ki, rəhbərlik etdiyi şöbə rayon üzrə 58 mədəniyyət müəssisəsini özündə birləşdirir. Mədəniyyətə göstərilən böyük qayğının nəticəsidir ki, bu müəssisələrin yarıdan çoxu – 31-i yeni binada fəaliyyət göstərir. Rayon üzrə 15 mədəniyyət evi, 12 klub, 26 kitabxana, 1 muzey, 2 musiqi məktəbi olmaqla, Əlincəçay xanəgahı sakinlərə mədəni xidmət göstərir. Şöbə müdirinin sözlərinə görə, indi həm rayon mərkəzində, həm də rayonun müxtəlif kəndlərində insanların asudə vaxtının səmərəli təşkili, həmçinin müxtəlif adət-ənənələrimizin, milli dəyərlərimizin qorunması və təbliği baxımından hərtərəfli şərait yaradılıb.
Füzuli Hüseynlinin dediklərindən: – Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində mədəniyyətin inkişafına, bu sahədə çalışan insanlara böyük diqqət və qayğı göstərmişdir. Məhz onun rəhbərliyi dövründə xalqımızın keçmişdən süzülüb gələn adət-ənənələrinə, milli dəyərlərinə böyük sevgi ilə yanaşılmağa başlanmışdır. 1969-cu ildən sonra muxtar respublikamızda, həmçinin Culfa rayonunda mədəniyyət müəssisələri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Culfa Rayon Mədəniyyət Evi 2007-ci ildə əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Rayon sakinlərinə mədəni xidmət üçün burada hərtərəfli şərait yaradılmışdır. Müxtəlif əlamətdar günlərlə bağlı Mədəniyyət Evinin əməkdaşları tərəfindən maraqlı tədbirlər təşkil olunur. Yola saldığımız 2013-cü il bizim üçün daha əlamətdar oldu. Belə ki, həmin ilin muxtar respublikamızda “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar olaraq rayonun bütün mədəni-maarif müəssisələrində ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgilər təşkil edilmiş, ümummilli liderə həsr olunmuş şeir və mahnı müsabiqələri, kitabxanalarda oxucu konfransları, lektoriyalar keçirilmişdir.
Milli dəyərlərimizin təbliği istiqamətində görülən işlərlə bağlı sualımıza cavab olaraq şöbə müdiri qeyd edir ki, xalqımıza məxsus dəyərlərin yaşadılması, təbliği qarşımızda duran əsas vəzifələrdən biridir. Görülən işlərin nəticəsidir ki, indiyədək kənd mədəniyyət evlərinin nəzdində 11 folklor kollektivi yaradılmış, ötən il rayon Mədəniyyət Evində yeni rəqs dərnəyi təşkil edilmişdir. Otuza yaxın uşaq və yeniyetmənin iştirak etdiyi dərnəkdə milli rəqslərimiz öyrədilir.
Culfa rayonunda qonaqların tez-tez ziyarət etdiyi ünvanlardan biri də rayon Tarix-Diyarşünaslıq Muzeyidir. Bu mədəniyyət müəssisəsi əldə edilmiş arxeoloji abidələr, maddi-mədəniyyət nümunələri hesabına daha da zənginləşib. 2912 ədəd eksponatın saxlanıldığı bu muzeyi ziyarət edənlər arasında xaricdən gələn qonaqlar da az deyil.
Müasir dövrdə intellektual səviyyənin yüksəldilməsində, asudə vaxtın səmərəli təşkil edilməsində mühüm rol oynayan ünvanlardan biri də kitabxanalardır. Rayonda 26 kitabxana fəaliyyət göstərir. Mərkəzləşdirilmiş və uşaq kitabxanaları Culfa şəhərində, digərləri isə mövcud 24 kəndin hər birində fəaliyyət göstərir. Hər iki kənd kitabxanasından biri və ya 13 kənd kitabxanası yeni binada fəaliyyət göstərir. Bu kitabxanalarda, ümumilikdə, 315 min 228 ədəd ədəbiyyat mövcuddur ki, onlardan 44 mini latın qrafikalı nəşrlərdən ibarətdir. Füzuli Hüseynlinin sözlərinə görə, kitabxanalar bu gün oxucu müzakirələrinin, açıq dərslərin mütəmadi olaraq keçirildiyi ünvanlardandır. Şair və yazıçıların yubiley və xatirə günlərinin, gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşdırılmasında bədii təsir gücünə malik əsərlərin müzakirəsinin keçirilməsində kitabxanalar mühüm əhəmiyyətə malikdir. Və kitabxanaların rolu bu sahədə ildən-ilə artmaqdadır.
Bəli, Culfa rayonunun müxtəlif mədəniyyət müəssisələri ilə tanış olduqca onun da fərqinə varmış olursan ki, muxtar respublikamızda hər bölgənin inkişafı onun yalnız sosial, iqtisadi tərəfləri ilə deyil, həm də mədəni yüksəlişi ilə əhatələnir.
Səbuhi HƏSƏNOV