Dünya ədəbiyyatında elə bir şair tapmaq olmaz ki, onun əsərlərində payız nəfəsi hiss edilməsin. Payız A.Puşkin üçün “təbiətin ən cazibəli afəti”, Qabriel Qarsiya Markes üçün “ömrün qürub çağı”, Boris Vian üçün “ruhun təlatümünün ifadəsi” idi... Payız Azərbaycan ədəbiyyatında da özünəməxsus tərənnüm və təsvirə malik fəsil olmuşdur. Bəlkə də, bütün dünya ədəbiyyatından qabaq rənglərin mistik rəqsinin tərənnümü olan payıza “Dədə Qorqud” dastanlarında “güz” adıyla rast gəlirik:
“Bərü gəlgil, başum bəxti, evüm təxti!
Evdən çıqub yüriyəndə səlvi boylum!
Topuğından sarmaşanda qara saçlum!
Qurulu yaya bənzər çatma qaşlum!
Qoşa badam sığmayan tar ağızlum!
Güz almasına bənzər al yanaqlım!”
Hər fəslin öz gözəlliyi olduğu kimi , öz əhval-ruhiyyəsi də vardır. Payız qışın xəbərçisidir. Bu fəsildə havalar yavaş-yavaş soyuyaraq insanları qışa hazır olmağa çağırır. Ağaclar yaşıl libasını soyunur, bitkilər Günəşin rənginə boyanır. Payız fəslinin mistik bir aurası var. İnsan təbiətin bu halını seyr edərkən duyğu selinə qapılır...
Gözəlliyi ilə gözoxşayan bu fəsil, bərəkəti ilə də könül oxşayır. Payız dörd fəsil içərisində ən çox bolluğun müşahidə edildiyi fəsildir.
İnsanlar bu fəsildə qış üçün lazım olacaq azuqəni hazırlamağa başlayırlar. Bu vaxt yetişən meyvələrdən mürəbbələr bişirilir, ev-eşik isti əşyalarla döşənir. Əvvəllər qış üçün odun-kömür tədarük olunur, çörək yapılır, yun əyrilir, qış üçün isti geyimlər toxunurdu...
O vaxtlarla indini müqayisə etdikdə ölkəmizdə gedən yüksək inkişafın bir daha şahidi oluruq. Ən ucqar kəndlərimiz belə, qaz və elektrik enerjisi ilə təmin olunub, evlər qaz sobaları ilə isidilir. Hər şəhərdə, kənddə çörək sexləri fəaliyyət göstərir. Böyüklərimiz danışırlar ki, əvvəllər çıraqlardan, şamlardan istifadə edirdik, kömür və odun sobaları əhalini usandırmışdı, evlərlə birlikdə təlim-təhsil ocaqları, iş yerləri də eyni problemi yaşayırdı. Bu söhbətləri dinləmək ölkəmizdə gedən sürətli inkişafı açıq-aydın görməyimizə imkan verir. Bu inkişafı və firavanlığı təmin edənlərə minnətdarlığımızı bildiririk.
Payız fəsli haqqında çox danışmaq olar. Bu fəsil etnoqrafiyamızda ayrıca yerə malikdir. Bunun üçün tarixçi-etnoqraf alim, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə ilə payız fəsli haqqında söhbət etdik:
– Payız fəsli haqqında düşüncələriniz nələrdir? Bu fəslin özünəməxsusluğu haqqında nə deyə bilərsiniz?
– Payız fəsli bolluq fəslidir. Həmçinin payız toylar fəslidir. Çünkü bu fəsildə təsərrüfat işləri azalır, məhsul yığımı başa çatır, asudə vaxt çox olur, heyvanlar ət tutur (kökəlir). Bu fəsil qışa hazırlığın tamamlandığı vaxtdır.
– Xalqımız payız fəslini necə keçirir, bu fəsildə nə kimi işlər görülür?
– Bu fəsildə “il ruzisi” ( qovurmalıq, un ehtiyatı) adlandırılan ərzaq ehtiyatı hazırlanır. Un ehtiyatının hazırlanması xüsusilə çətin iş idi.
– Qadir müəllim, görünür, o vaxtlar indiki kimi bolluq yox imiş?
– Bəli, əvvəllər bu cür bolluq yox idi. O vaxtlar əhali əziyyət çəkirdi. Məsələn, un əldə etmək üçün su dəyirmanlarından istifadə olunurdu. Kəskin iqlimi olan Naxçıvanda havalar soyumağa başlayanda un əldə etmək çətinləşirdi. Çünkü bu vaxt su donurdu, dəyirmanlar öz fəaliyyətini məcburi dayandırırdı. Bəzi dəyirmanlar kəhrizlərin üzərində yerləşirdi, təkcə bu dəyirmanlarda iş davam edirdi, lakin belələri az idi. Payızda əkin sahələrinə “don suyu” adlanan su verilirdi. Belə bir deyim var idi: “güz suyu, yüz suyu”. Əkin sahələrinə verilən bu su yüz suya bərabər imiş. Bu vaxt torpaqda olan bütün zərərvericilər məhv olurdu. Naxçıvanın bəzi yerlərində isə bu aylarda buğda və arpa əkilib suvarılırdı. Yeni əkinə verilən bu ilk su “torpaq suyu” adlanırdı.
– Qadir müəllim, etnoqraf alim kimi tarixin müxtəlif dövrlərində xalqımızın məişət şəraiti, milli adətləri ilə bağlı tədqiqatlar aparmısınız. Payız fəslinə aid keçirilən mərasimlər əvvəlki dövrlərdən nəyi ilə fərqlənir? Keçmiş dövrlərdə bu fəsillə bağlı qeyd olunan adət və mərasimlər hansılardır?
– Bəli, əvvəllər payızın son aylarında, yer donmağa başlayanda heyvanların otlağa, örüşə aparılmasına son qoyulurdu. “Naxırqoyan” adlanan bu adət geniş yayılmışdı. Bu vaxt “çoban öz ağacını yerə qoyurdu”.
Əvvəllər “Qoçqarışan” adlanan bir mərasim də var idi. Bu mərasim oktyabr ayında qeyd olunurdu. Mərasimdə qoç sürüyə buraxılırdı, bu vaxt insanlar çobana ərməğanlar aparırdılar. Çoban da onları “çoban fətiri” adlanan fətirə qonaq edirdi. Bu fətir daşda bişirilirdi. Mərasim çox təmtəraqlı keçirilərmiş. Novruz bayramına qədər sürü çoxalarmış. Təəssüf ki, indi bu adət yoxdur. Bu mərasimə “Qoç bayramı”, “Çoban bayramı” da deyirdilər.
Xalq arasında belə bir inam var imiş: “Əgər qoç ağ qoyuna tərəf qaçarsa, qış qarlı, ala qoyuna tərəf qaçarsa, ala qarlı, qara qoyuna tərəf qaçarsa, quraq keçəcəkdir”.
Payızın rəngarəngliyi xalqın fikir dünyasına da yansıyırdı, gözəl nəğmələr, deyimlər yaranırdı ki, bu dəyərlərimiz bizi var edib, var edəcəkdir.
– Bildiyimiz kimi, payızda xalqımız qış fəsli üçün hazırlıq görür. Müasir dövrümüzdəki qışa hazırlıqla, qədim dövr arasında nə kimi fərqlilik mövcuddur?
– Müasir dövrümüzdə xalq rahat yaşayır, ərzaq və geyim baxımından bolluqdur, həm elektrik enerjisi, həm də təbii qazla təminat yüksək səviyyədədir. Demək olar ki, yaşamaq üçün hər nə lazımdırsa, ölkəmizdə mövcuddur.
Əvvəllər bu cür şəraitimiz yox idi. Əhali payızda qış üçün isti geyimlər hazırlayardı. Bunu öz güclərinə əldə edərdilər.
Qız-gəlinlər ağbirçəklərin rəhbərliyi altında hana (palaz, xalça) toxuyarmışlar. İnsanlar bir-birlərinə qarşılıqlı kömək edirdilər ki, buna “iməci”, “öməci” (qarşılıqlı yardımlaşma deməkdir. Bu adət indi yoxdur) deyərdilər.
Bundan əlavə, əvvəllər Naxçıvanda payız aylarında xalq 3 şeyin hazırlanmasına diqqət edərmiş: dadlıq (yağ, pendir, heyvanat məhsulları), yanacaq, mal-qara üçün yem ehtiyatı.
Belə bir deyim var idi: “Yayın yayxıntısı qışın dadlığıdır”. Ərzaqlar içində Naxçıvanımıza məxsus olan qovurma xüsusi yer tuturdu. Qovurma hər ətdən bişirilə bilməzdi. Övəc (yetişən heyvan) ətindən hazırlanmalı idi. Heyvan erkək olmalı idi. Qovurma olunan heyvanın ciyərindən “çızlı” hazırlanırdı. Bu yemək Ordubad rayonunda indi də hazırlanır. Qovurma teştinin başına qohum-qonşu yığılırdı. Qovurmanın işgənəsi (pörtlədilmiş ət suyu) iyi gedəcək evlərə paylanarmış. Bu, bir növ, yardımlaşma idi. İndi bu adətimiz təsadüf yerlərdə rastımıza çıxmaqdadır.
Qadir müəllimin də danışdıqlarından aydın olur ki, xalqımız qədim adət-ənənələri olan zəngin mədəniyyətə sahibdir. Bizim borcumuz bu mədəniyyətimizlə fəxr etmək, bu mədəniyyətin elementləri olan milli dəyərlərimizi ən qiymətli əmanət kimi gələcək nəsillər üçün qoruyub saxlamaqdır.
Nərgiz İSMAYILOVA