25 Dekabr 2024, Çərşənbə

İyulun 14-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr edilmiş “Milli dəyərlərimiz – yallı” Folklor Festivalı keçirilmişdir. Tədbirin aparıcısı əvvəlcə şəhərimizin sakinlərini, qonaqları bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Qeyd edilmişdir ki, ümummilli liderin 1969-cu ildə Azərbaycanda ali hakimiyyətə gəlişindən sonra xalqımızın milli-mənəvi dəyərlərinin və folklorunun qorunub-yaşadılmasına xüsusi diqqət yetirilmişdir.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirmişdir ki, 1969-cu il iyulun 14-ü ölkəmizin siyasi həyatında çox mühüm dönüş nöqtəsidir. Görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkə­mizdə bütün sahələrdə uğurlu inkişafın əsasını qoymuşdur. 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsi ilə ölkə­mizin ictimai-siyasi və mədəni həyatında yeniliklər, dəyişikliklər dövrü başlanmışdır. Buna görə də 1969-cu ilin 14 iyul tarixi ölkəmizin parlaq və işıqlı yolunun başlanğıc günü kimi qiymətləndirilir. Bu dövr həm də Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin intibah dövrüdür.
Nazir qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həm də milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin inkişafı üçün böyük işlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyev deyirdi: “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyər­lərimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir”.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı, muxtar respublikamızda 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması qədim diyarımızda xalq yaradıcılığının hərtərəfli inkişafına yeni üfüqlər açmış, xalqımızın qədim xalq yaradıcılığı ənənələrini yaşatmaq, gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb etmişdir.
Artıq bir neçə gündür ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlişinin 45-ci ildönümünə həsr olunmuş “Milli dəyərlərimiz – yallı” Folklor Festivalının rayon turlarının keçirildiyini bildirən Sarvan İbrahimov bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində festivalın yekun tədbirinin keçirildiyini qeyd etmişdir.
Sonra qədim yallılarımızdan söhbət açan aparıcı meydana Şərur Xalq Yallı Ansamblını dəvət etmişdir. Ansamblın ifa etdiyi “Göyçəməni”, “Kafeyi”, “Dönə-dönə” yallıları alqışlarla qarşılanmışdır.
Aparıcı qeyd etmişdir ki, bu gün yallını yaşadanlar arasında uşaqlar da var ki, bu, yallının nəsildən nəslə aşılandığını, nəticə etibarilə, bu qədim el adətinin yaşadıldığını göstərir.
“Şərur qönçələri” Uşaq Yallı Ansamblı “Tirmə şal”, “Xələfi” yallılarını ifa etmişdir.
Culfa rayonunda da bu gün yallılar böyük sevgi ilə ifa olunur və yaşadılır. Saltaq kənd mədəniyyət evinin “Tənzərə” yallı kollektivinin ifasında “Tənzərə” yallısı maraqla qarşılanmışdır.
Şahbuz rayon Yuxarı Qışlaq kənd mədəniyyət evinin “Köçəri” yallı kollektivinin ifasında “Köçəri” yallısı bir daha göstərir ki, muxtar respublikanın bu bölgəsində də yallılarımız yaşadılmaqdadır.
Kəngərli Rayon Mədəniyyət Evinin “Gülüm hey” folklor qrupu da bu xalq oyununu böyük coşqu ilə ifa etmişdir.
“Milli dəyərlərimiz – yallı” Folklor Festivalı Şərur Xalq Yallı Ansamblının ifa etdiyi “Söylə” və “Urfani” yallıları ilə başa çatmışdır.
Festivalda Şərur Xalq Yallı Ansamblı 1-ci dərəcəli diplomla, Şahbuz rayon Badamlı kənd mədə­niyyət evinin yallı kollektivi 2-ci dərəcəli diplomla, “Şərur qönçələri” Uşaq Yallı Ansamblı 3-cü dərəcəli diplomla mükafatlandırılmışlar. Kəngərli Rayon Mədəniyyət Evinin “Gülüm hey” folklor qrupu və Culfa rayon Saltaq kənd mədəniyyət evinin “Tənzərə” yallı kollektivi həvəsləndirici diplomlara layiq görülmüşlər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR