Ulu öndər Heydər ƏLİYEV: Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi” qeyd olunur.
Azərbaycan dili dünyanın qədim tarixə malik zəngin dillərindəndir. Minillərin sərt sınaqlarından keçən ana dilimiz xalqımızın ən ali milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Dilimiz öz ifadə imkanlarının zənginliyi, fonetik tərkibinin səlisliyi və qrammatik strukturunun sabitliyi ilə seçilir. Müasir Azərbaycan dili ictimai-siyasi, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim zənginləşən bir dildir.
Əsrlər boyu analarımız həzin laylalarını bu dildə söyləmiş, nənələrimiz bizə bu dildə şirin nağıllar danışmışlar. Bu dildə zəngin xalq yaradıcılığı nümunələri – dastanlar, nağıllar, bayatılar, rəvayətlər, əfsanələr, atalar sözləri, mahnılar yaranmış, min illərin dil çeşməsində durularaq və sınaqlardan keçərək XXI əsrə gəlib çıxmışdır. Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məmməd Araz və başqa görkəmli söz ustaları bu dildə ölməz sənət nümunələri yaratmışlar.
Hər bir dilin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, millətin millət olaraq təsdiq imkanıdır. Çünki dilin dövlət dili statusuna yüksəlməsi xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olması, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, dilimizin mənəvi birlik atributuna çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
“Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur”, – deyən ulu öndər milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atmışdır. Hələ Sovetlər Birliyi dövründə Moskvanın təzyiqlərinə baxmayaraq, ulu öndər böyük cəsarət göstərərək 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuş, dilçilik elmi yeni inkişaf mərhələsinə yüksəlmişdir. Həmin dövrdə Azərbaycan dilinin qrammatik quruluşunun elmi şəkildə öyrənilməsinə başlanılmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmışdır. Azərbaycan dilinə və ümumiyyətlə, Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı ölkəmizin keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, ötən əsrdə SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.
Ümummilli liderimizin yüksək diqqət və qayğısı ilə müstəqillik dövründə də Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyətə malik olmuşdur. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Dahi şəxsiyyətin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmışdır. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla ölkəmizdə latın qrafikalı əlifbanın tətbiqi ilə bağlı mühüm işlər həyata keçirilmişdir. Latın qrafikasına keçid türk xalqlarının yazı, orfoqrafiya baxımından yaxınlaşması üçün zəmin yaratmışdır. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan ümummilli lider Heydər Əliyev deyirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşan dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamları ölkəmizdə bu işlərin davamlı və ardıcıl həyata keçirilməsinin təsdiqidir. Dövlət başçısının 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bu sahədə görüləcək vacib işlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır. Eyni zamanda sərəncamda Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyətinin, terminologiyanın inkişafı, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri də öz əksini tapmış, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuraların yaradılması qərara alınmışdır.
Bu gün Azərbaycan cəmiyyətində yaşayan hər kəs ana dilimizdən istifadə edir. Ona görə də Azərbaycan dilinə münasibətdə, dilimizin saflığının qorunmasında vətəndaşlıq mövqeyi hamımızdan tələb olunur. Azərbaycan dilində dünya elm və sənət xəzinəsinin ən qiymətli əsərlərini oxumaq mümkündür. Xalqımız bu gün Aristotel, Homer, Firdovsi, Şekspir, Tolstoy, Höte kimi filosof ədibləri Azərbaycan dilində mütaliə edir. Bütün bunlar həm də onu göstərir ki, doğma dilimiz dünya xalqlarının yaratdığı zəngin ədəbiyyatı, elmi, fəlsəfi əsərləri dəqiq, aydın və hərtərəfli ifadə etmək zənginliyinə və qüdrətinə malikdir.
Muxtar respublikamızda da dövlət dil siyasəti uğurla həyata keçirilir. Azərbaycanda latın qrafikasına keçiddən sonra muxtar respublikanın kitabxanalarına 2 milyondan artıq kitab verilmiş, Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır. Son illər muxtar respublikamızda dilimizin saflığı və qorunması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. 2012-ci ilin muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunması ən böyük milli dəyərimiz olan ana dilimizin saflığının qorunması, dilimizin imkanlarının təbliği baxımından əhəmiyyətli olmuşdur.
Azərbaycan əlifbası və dili təkcə ölkəmizin vətəndaşlarının deyil, dünya azərbaycanlılarının doğma əlifbası, doğma dili, ünsiyyət vasitəsidir. Bu gün Azərbaycan dilinin qorunması, onun daha da zənginləşdirilməsi qarşımızda duran başlıca vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti