Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva açaraq mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri içərisində Babək Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Şərqin səhəri” qəzetinin də özünəməxsus yeri var. Bu qəzetin ilk nömrəsi 1979-cu il yanvar ayının 1-də işıq üzü görüb. “Əmək bayrağı” adı ilə nəşrə başlayan qəzet fəaliyyəti dövründə bölgənin güzgüsü rolunu oynamağa səy göstərib. Ötən əsrin 90-cı illərindəki məlum hadisələr zamanı bu qəzet də maliyyə çətinliyi ilə üzləşib, ayda, bəzən isə iki ayda bir işıq üzü görüb. 1992-ci ildən “Şərqin səhəri” adı ilə nəşr olunan rayon qəzetinin fəaliyyətində olan çətinliklər aradan qaldırılıb. Qəzetin maddi-texniki bazası gücləndirilib, jurnalistlərin fəaliyyətinə hərtərəfli şərait yaradılıb.
Tədbirdə qəzetin redaktoru Hafizə Əliyeva, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Hüseynov, rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Vəliqulu Həsənov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayeva, İcra Hakimiyyətinin şöbə müdiri Vəli Vəliyev, rayon prokurorunun böyük köməkçisi Xalid Mirzəyev və Kərimbəyli kənd tam orta məktəbinin müəllimi Ulduz Əliyeva çıxış ediblər.
Xəbərlər şöbəsi