Şərur rayonunun mədəniyyət işçiləri bunu bir an belə unutmurlar
Mədəniyyət cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı, nəsildən nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusudur. F.Hegel ona “insan tərəfindən yaradılmış ikinci təbiət” adı vermişdir.
Cəmiyyət inkişaf etdikcə mədəniyyət də formalaşır. Dünya xalqları öz mədəniyyətləri ilə tanınıb məşhurlaşmışlar. Ən qədim xalqlardan biri olan Azərbaycan xalqı da zəngin mədəniyyət yaratmışdır. Bu gün Azərbaycan mədəniyyəti ölkəmizi dünyaya tanıdır, xalqımızın mədəni həyatı gündən-günə zənginləşib yeniləşir. Söz yox ki, bunun əsasında Azərbaycanda həyata keçirilən mütərəqqi mədəniyyət siyasəti dayanır.
Azərbaycan mədəniyyətinin böyük hamisi olan ulu öndər Heydər Əliyev demişdir: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, yaşayacaq, inkişaf edəcək”.
Ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial və mədəni həyatımız da inkişaf edir, yeniləşir, istirahət, mədəniyyət və turizm obyektlərinin sayı artır; bir-birindən maraqlı tədbirlər keçirilir, milli mədəniyyətimiz yeni inkişaf mərhələsini yaşayır.
Mədəni həyatında canlanma duyulan bölgələrimizdən biri də Şərur rayonudur. Burada təkcə abadlıq-quruculuq, təmir-tikinti işlərinə deyil, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, mədəni-kütləvi tədbirlərin rəngarəngliyinə, başlıcası isə bu tədbirlərin səmərəli olmasına xüsusi diqqət və qayğı ilə yanaşılır.
Hazırda Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində rayon Mədəniyyət Sarayı, 25 kənd mədəniyyət evi, Şərur şəhər klubu, 38 kənd klubu, rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun 58 kənd filialı, uşaq kitabxanası, Şərur Şəhər Uşaq İncəsənət və Bədii Sənətkarlıq Məktəbi, 5 kənd uşaq musiqi məktəbi, rayon Tarix-Diyarşünaslıq Muzeyi, “Bahar” kinoteatrı, Rza Təhmasib adına Xalq Teatrı, “Şərur” Xalq Yallı Ansamblı fəaliyyət göstərir.
2013-cü ildə – “Heydər Əliyev ili”ndə bölgənin mədəniyyət işçiləri öz işlərini necə qurmuşlar? Bu sualla rayon Mədəniyyət və Turizm Şöbəsi müdirinin müavini Sabir Cəfərova müraciət etdik:
– Bəri başdan deyim ki, ümummilli liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin, ulu keçmişimizin öyrənilməsi ilə bağlı tarixi fəaliyyəti, məruzə və çıxışları, göstəriş və tövsiyələri bizim üçün əməli fəaliyyət proqramıdır. Xalqımızın böyük oğlu dönə-dönə xatırladırdı ki, insan yaxşı işlədiyi kimi, yaxşı da yaşamalı, öz kökünə, tarixinə bələd olmalı, adət-ənənələrini qoruyub saxlamalı və onu daha da inkişaf etdirməli, bilik və dünyagörüşünü daim artırmalıdır. Ulu öndərimizin dediyi bu sözlər də həmişə xatirimizdədir: “İnsan, hər şeydən əvvəl, mənəviyyat üçün yaşamalıdır”.
Bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bununla bağlı Şərur rayonunda da mədəni tədbirlər keçirilmişdir. Yubileylə əlaqədar uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin müsabiqəsində Şərur Şəhər Uşaq İncəsənət və Bədii Sənətkarlıq Məktəbinin nəfəs alətləri orkestri birinci yeri tutmuşdur. Məktəbin nəfəs alətləri orkestri və sazçalanlar ansamblı yekun konsertdə çıxış etmişlər. Mayın 6-7-də isə “Şərur” Xalq Yallı Ansamblı Bakı şəhərində keçirilmiş yubiley tədbirlərinə qatılmış, qədim yallılarımızı nümayiş etdirmişdir.
Bununla belə, nöqsanlar da yox deyil. Bu barədə ötən ilin yekunlarına həsr olunmuş rayon müşavirəsində də ətraflı söhbət getmişdir. Belə ki, əhalinin asudə vaxtının səmərəli təşkilində, oxucu konfranslarının keçirilməsində, müasir dövrlə səsləşən əsərlərin müzakirəsində, əhali ilə əlaqələrin qurulması istiqamətində mədəniyyət ocaqlarının işi günün tələbləri səviyyəsində qurulmamışdır. Bütün bunlar təhlil edilmiş, müzakirələr aparılmış, problemlərin həlli yolları araşdırılmışdır. Nəticə etibarilə deyə bilərik ki, artıq Mədəniyyət və Turizm Şöbəsinin işində böyük canlanma vardır. Şöbə mədəniyyət evlərinin və klub şəbəkələrinin gördükləri işlərə dair baxış-müsabiqələri keçirir, fərqlənənlər mükafatlandırılır. Rayon və muxtar respublika səviyyəsində keçirilən tədbirlərdə Mədəniyyət Sarayının, Mahmudkənd, Aralıq, Qarxun, Cəlilkənd, Çərçiboğan, Çomaxtur kənd mədəniyyət evlərinin işçiləri, “Şərur” Xalq Yallı Ansamblının, “Şərur qönçələri” Uşaq Yallı Ansamblının, “Nurani” folklor kollektivinin, “Arpaçay” İnstrumental Ansamblının, Xalq teatrının üzvləri xüsusilə fərqlənirlər.
Rayon Mədəniyyət Sarayı Şərur şəhərinin ən gözəl və yaraşıqlı binalarından biridir. Görülmüş iş təkcə binanın yenidən qurulmasından ibarət deyil. Mədəniyyət Sarayı lazım olan avadanlıqlarla da təmin edilmiş, burada bir sıra dərnəklər yaradılmışdır. Sarayın direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Səttar Əhmədov dedi ki, “Şərur qönçələri” Uşaq Yallı Ansamblı, “Arpaçay” İnstrumental Ansamblı öz rəngarəng çıxışları ilə tamaşaçıların rəğbətini qazanmışlar. Bu yaxınlarda isə Mədəniyyət Sarayının nəzdində “Zurnaçılar” ansamblı yaratmışıq. Məqsədimiz unudulmaqda olan rəqs havalarını toplayıb bu ansamblın proqramına əlavə etməkdir.
Ümummilli liderimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və zənginləşdirilməsi, tariximizin öyrənilməsi sahəsində tarixi xidmətlər göstərmişdir. Həmin əvəzsiz xidmətlərdən biri də milli dəyərlərimizi təbliğ edən, tariximizin yaşadıldığı mədəniyyət müəssisələrinin yaradılması, onların fəaliyyətinin təmin edilməsidir. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin böyük bir qismi ötən əsrin 70-ci illərində yaradılmışdır. Təəssüf ki, 90-cı illərin əvvəllərində respublikamızı bürüyən xaos bu sahədən də yan keçməmişdir. 70-80-ci illərdə tikilib qurulmuş mədəni-məişət obyektlərinin çoxu baxımsızlıq və diqqətsizlik üzündən öz fəaliyyətini dayandırmış, onların işinə maraq və həvəs azalmışdı. Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi işində əvəzsiz rol oynayan tarix-diyarşünaslıq muzeyləri də onun kimi.
Şərurda bu istiqamətdə ilk addım təkcə köhnə və yöndəmsiz binanın bərpası ilə məhdudlaşmamışdır. Rayon Tarix-Diyarşünaslıq Muzeyi yeni memarlıq üslubunda ucaldılmış təzə binaya köçürülmüş, eksponatlarla zənginləşdirilmişdir. Burada müntəzəm olaraq elmi-praktik konfranslar, müxtəlif məzmunlu görüş və diskussiyalar keçirilir. Gənclər, orta məktəb şagirdləri və müəllimlər tez-tez Tarix-Diyarşünaslıq Muzeyinin qonağı olurlar.
1980-ci ildə 500-ə yaxın eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 7 mindən çox eksponat mühafizə və nümayiş etdirilir. Muzeydə 2 şöbə və 13 bölmə fəaliyyət göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, rayonun 6 uşaq musiqi məktəbi də bölgənin mədəni həyatında mühüm rol oynayır. Həmin musiqi məktəblərində tar, kamança, qarmon, saz, fortepiano, skripka, klarnet, nağara, truba, muğam, rəssamlıq və rəqs sinifləri üzrə 1400-dən çox şagird təhsil alır. 250-yə yaxın ali və orta ixtisas təhsilli musiqi müəlliminin dərs dediyi musiqi məktəblərində maddi-texniki bazanın gücləndirilməsi qayğısına da qalınmışdır. Təkcə ötən il Şərur Şəhər Uşaq İncəsənət və Bədii Sənətkarlıq, Yuxarı Daşarx Kənd Uşaq Musiqi məktəbləri üçün yeni binalar istifadəyə verilmişdir.
Şərur şəhərindəki “Bahar” kinoteatrı, Aralıq, Qarxun, Axura, Həmzəli, Kərimbəyli, Yengicə, Maxta, Zeyvə, Düdəngə, Cəlilkənd, Mahmudkənd, Danyeri, Dərəkənd, Çomaxtur, Siyaqut kəndlərindəki mədəniyyət müəssisələri təzə binalarda fəaliyyət göstərirlər. Bu il isə Xanlıqlar, Sərxanlı, Dəmirçi, Gümüşlü və Şahbulaq kəndlərindəki mədəniyyət evi, klub və kitabxanalar yeni inşa olunmuş binalara köçürüləcək. Əlbəttə, bütün bunlar dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi ən yüksək diqqət və qayğının bariz ifadəsidir. Sözsüz ki, bu qayğının müqabilində mədəniyyət işçilərinin pis işləməyə haqqı yoxdur.
Şərurlular həmişə dövlətçiliyə dərin ehtiram və sədaqətləri ilə tanınmışlar. Bu gün də onlar regionun iqtisadi və mədəni potensialının ölkəmizin tərəqqisi naminə istifadə edilməsində əzmkarlıq nümayiş etdirirlər. Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi bu prosesdə fəal iştirak etməklə milli-mədəni dəyərlərimizi öyrənmək, təbliğ etmək və zənginləşdirmək işinə öz töhfəsini verir. Tarix göstərir ki, mədəni irsinə hörmətlə yanaşmayan xalqların aqibəti acınacaqlı olur. Bu baxımdan şərurluların öyünməyə haqqı olduğu kimi, görməyə işləri də çoxdur. Yaxşı deyiblər ki, mədəni irsi öyrənməsən, qorumasan, zənginləşdirə bilməzsən.
Cəfər ƏLİYEV