25 Dekabr 2024, Çərşənbə

İyirminci əsrin ilk onilliklərində Azərbaycan mətbuatının inkişafında Naxçıvan torpağının yetirməsi olan bir sıra ziyalılar mühüm xidmətlər göstərmişlər. Keçən yüzilliyin Azərbaycan dilində çıxan ilk mətbuat orqanı kimi Məhəmməd ağa Şahtaxtlının nəşr etdirdiyi “Şərqi-Rus” qəzetini, ədəbi-ictimai fikir tariximizdə xüsusi mərhələ sayılan, Mirzə Cəlil dühasından nur alan məşhur “Molla Nəsrəddin” jurnalını xatırlatmaq kifayətdir. Həmin mətbuat orqanları haqqında aparılmış tədqiqatlar onları çağdaş nəsillərin yaxından tanımasına şərait yaratmışdır. Lakin eyni sözləri bir başqa naxçıvanlı ziyalı, görkəmli maarifçi ədib Məhəmmədtağı Sidqinin oğlu, görkəmli jurnalist və publisist Məmmədəli Sidqinin (1888-1956) müdiri, yəni redaktoru olduğu “Şeypur” jurnalı barədə deyə bilmərik. Çünki Azərbaycan satirik mətbuatı tarixində önəmli yer tutan “Şeypur” jurnalı indiyədək elmi fikrin diqqətindən kənarda qalmışdır. Jurnal haqqında yalnız bəzi qısa mülahizələr söylənilmişdir ki, bunların da çoxu qeyri-dəqiq, yaxud da birtərəflidir.

”Şeypur” jurnalının cəmi 14 sayı çıxmışdır, onlardan 11-i 1918-ci ilə, 3-ü isə 1919-cu ilə aiddir. Jurnalın ilk sayı 5 oktyabr 1918-ci ildə, son sayı isə 18 yanvar 1919-cu ildə işıq üzü görmüşdür. Həftədə bir dəfə çıxan bu jurnal Bakıda elektrik “Turan” mətbəəsində nəşr olunurdu. “Şeypur” jurnalının səhifələrində Məmməd­əli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı və digər tanınmış qələm sahiblərinin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu.

Jurnaldakı materiallarla ətraflı tanışlıqdan sonra deyə bilərik ki, “Şeypur”a uzun illər birtərəfli, laqeyd münasibət bilavasitə onun mövzu-ideya mündəricəsi, izlədiyi qayə ilə bağlı idi. İctimai-siyasi hadisə və proseslərə aydın mövqedən münasibət bildirən jurnal Vətən və xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssaslıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmirdi. Xüsusən Azərbaycanın yenidən işğalına yönələn rus bolşevizminin əsl mahiyyəti, onlara və digər havadarlarına arxalanan er-mənilərin fitnəkar əməlləri, əsassız torpaq iddiaları, 1918-ci ilin martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar “Şeypur”un səhifələrində tutarlı faktlar və əhatəli təhlillər vasitəsilə gah ciddi, gah da satirik tərzdə öz ifadəsini tapmışdır. Məhz bu cəhətlərinə görə jurnal “əks-inqilabi” ruhlu mətbuat orqanı sayılaraq sovet dövründə tədqiqə cəlb olunmamışdır. Müstəqillik dövründə də bu yöndə elə bir əsaslı iş görülməmişdir. 
“Şeypur”un səhifələrində müxtəlif gizli imzalara rast gəlirik. Bu mətbuat orqanındakı “Şeypur” imzasının şair-publisist, jurnalın naşiri Səməd Mənsura mənsubluğu barədə iddia olsa da, bu, doğru deyil. Fikrimizi təsdiqləyən çoxsaylı faktlardan birini xatırlatmaq kifayət edər. Məşhur salnaməçi Qulam Məmmədli “İmzalar” kitabında “Şeypur”dakı “Şeypur” imzasını Məmməd­əli Sidqiyə aid etmişdir və bu daha əsaslıdır. Hər şeydən öncə, ona görə ki, Qulam Məmmədli “İmzalar”ın əvvəlindəki “Bir neçə söz”də M.Sidqi ilə uzun illər davam edən yaxınlığını, əməkdaşlığını, həmçinin kitabı hazırlayarkən müxtəlif imzaların toplanılması və dəqiqləşdirilməsində bir sıra digər ziyalılarla yanaşı, Məmmədəli Sidqinin də vaxtı ilə ona kömək etdiyini yazmışdır. Başqa imzaları dəqiqləşdirməyə kömək göstərən M.Sidqi, sözsüz ki, özünə aid imzalar barədə də Q.Məmmədliyə dəqiq məlumat vermiş olmalı idi. Beləliklə, “Şeypur” jurnalındakı “Şeypur” imzasının məhz M.Sidqiyə məxsusluğunu təsdiqləməyə tam əsas var.
Onu da deyək ki, Məmmədəli Sidqi mətbuat sahəsində uzun illər səmərəli fəaliyyət göstərmişdir. M.Sidqi hələ 1910-11-ci illərdə “Molla Nəsrəddin” jurnalında redaktor köməkçisi olmuş, o dövrdə bu jurnalla yanaşı, “Tazə həyat”, “İqbal”, “Yeni iqbal”, “Bəsirət”, “Tuti”, “Zənbur”, “Azərbaycan” və digər mətbuat orqanlarında müxtəlif mövzularda çoxsaylı məqalələr və felyetonlar dərc etdirmiş, sovet dövründə də yaradıcılıqdan uzaqlaşmamışdır. Lakin onun bədii-publisistik irsi, o cümlədən “Şeypur” jurnalındakı fəaliyyəti indiyədək araşdırılmamışdır.
Məmmədəli Sidqinin “Şeypur”un ilk sayındakı “Altı ay” adlı məqaləsi jurnalın əsas məramnaməsi, proqram sənədi də sayıla bilər. Burada həftəlik jurnalın əsas hədəfləri, başlıca qayəsi öz ifadəsini tapmışdır. M.Sidqinin jurnalın müxtəlif saylarında verilmiş “Əsgərlik”, “Qrammofon”, “Tiflis duması”, “Barışırlar”, “Nə istəyirlər?”, “Nə var, nə yox?”, “Bu gün”, “Siyasət” və digər məqalə və felyetonları onun yetkin qələmindən, aydın milli mövqeyindən soraq verir. Onu da deyək ki, ilkin araşdırmalarımız “Şeypur”dakı digər gizli imzalardan da bəzilərinin M.Sidqiyə aidliyi ehtimalını artırır. Hər halda, bütün bunlar əhatəli tədqiqat yolu ilə dəqiqləşdirilməlidir.
“Şeypur”un 4-cü sayında Məmmədəli Sidqinin dərc etdirdiyi “Tiflis duması” adlı məqalədə “sosialist dərisi örtmüş daşnakların” 1918-ci ilin martında xalqımıza qarşı törətdikləri qanlı qırğınları pərdə­ləməsi, uydurmalar yayması, bolşeviklərin erməniləri dəstəkləməsi, azərbaycanlılara münasibətdə ayrı-seçkilik etməsi, həmvətənlərimizin əks-inqilabçı adıyla qırdırılması diqqət mərkəzinə çəkilmişdir. Müəllif istehza və qəzəblə yazırdı: “Qafqaz islam əhalisi hamısı “kontrevolyusioner”, yəni əks-­inqilabçı olduqlarına görə onların qətli vacibdir. Lakin kirvələr əsl həqiqi sosialist, yəni cibgir olduqlarından onlar lazımlı adamlardırlar. Özləri də azdırlar. ...Onlara əl gəzdirib azaltmaq yaxşı deyildir”. M.Sidqi əsl vətəndaş yanğısı ilə belə bir haqlı sual verirdi: “Amma bircə burası var ki, bilmirəm, bu “rəhmli ağalar” bir neçə ildə bütün Qafqaziyada müsəlman qanı çay kimi axanda harada idilər?”
8-ci saydakı “Bu gün” adlı məqalədə isə Andranikin Qarabağda qırğınlar törətməsi, Ermənistan hökumətinin ona dəstək verməsi, ermənilərin əsassız iddiaları nəzərə çatdırılmışdır. Məqalə müəllifi M.Sidqi yazır ki, Tiflisdə çıxan “Qruziya” qəzeti Upuçnin adlı rus yazarın “Keçmiş xülyalar” məqaləsinə öz səhifələrində yer ayırmaqla ermənilərə cavab vermək istəmişdir. “Azərbaycan” qəzeti də həmin məqalənin tərcüməsini dərc etmişdir. Bu məqalədə Upuçnin aşkar şəkildə yazır ki, Qafqazda Ermənistan adlı bir şey olmayıbdır. Ruslar Qafqazı tutanda burada bir Gürcüstan olub, bir də Azərbaycan xanlıqları.
Jurnalın 9-cu sayındakı “Siyasət” məqaləsində də M.Sidqi bədnam Andranikin törətdiyi qırğınlardan danışmışdır. Vətənpərvər publisistin jurnalın 11-ci sayında dərc olunmuş “Gürcü-erməni vuruşması” adlı məqaləsi də siyasi kəskinliyi və o dövrün hadisələrinin obyektiv təhlili ilə səciyyələnir. Məqalə müəllifi sərhəd məsələlərini və digər mübahisəli mətləbləri müzakirə etmək üçün Tiflisdə keçirilməsi nəzərdə tutulan konfransda iştirakdan hər dəfə bir bəhanə ilə boyun qaçıran ermənilərin əsassız mövqeyini, gürcülərə qarşı da iddialar irəli sürmələrini, vəhşi daşnakların Bor­çalı­da yaşayan soydaşları­mıza divan tutduqlarını ifşa etmişdir.
Ümumiyyətlə, Məmməd­əli Sidqinin və digər müəlliflərin “Şeypur” jurnalındakı dəyərli əsərləri dərin sosial-siyasi mündəricəsi ilə səciyyələnir. Onların bir çoxu 1918-1919-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınları, ağılasığmaz vəhşilikləri real faktlara istinadən bədii-publisistik tərzdə əks etdirir.
Bütün bunları nəzərə alaraq, ədəbi-ictimai fikir tariximizdə mühüm mövqeyi olan “Şeypur” jurnalının bütün saylarını latın əlifbası ilə çapa hazırlayırıq.

Hüseyn HƏŞİMLİ
filologiya elmləri doktoru, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR