Müasir Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir.
Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 8 iyun 2013-cü il tarixli Sərəncamından
Görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli möh-təşəm fəaliyyətində və mükəmməl nəzəri-ideoloji təlimində ədəbiyyat məsələləri də mühüm yer tutur. Bütün fəaliyyəti boyunca görkəmli sənətkarlarımızın yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünya miqyasında tanıtdırılması, respublikamızda ədəbi-mədəni mühitin əsaslı yüksəlişi is-tiqamətində hərtərəfli tədbirlər həyata keçirən dahi rəhbər həm klassik, həm də müasir ədəbiyyatın məşhur simalarının yaradıcılıqları barədə konseptual qənaətlər, son dərəcə dəyərli fikirlər də irəli sürmüşdür. Başqa sözlə desək, ulu öndərimiz həm ədəbiyyatın böyük qayğıkeşi, hamisi, həm də mükəmməl bilicisi olan dahi şəxsiyyətdir.
Bu baxımdan ümummilli liderimiz Heydər Əliyevin Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Arazın yaradıcılığına münasibəti də maraq doğurur. Müdrik rəhbər həm Məmməd Arazın şəxsiyyətinə, həm də böyük istedadına, bənzərsiz sənətinə daim yüksək qiymət vermişdir. Qeyd edək ki, Məmməd Arazın ilk şeri mətbuatda 1952-ci ildə dərc olunsa da, o, bir şair olaraq məhz 1970-ci illərdə, ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə parlamışdır. Sənətkara böyük şöhrət gətirən “Qanadlı qayalar”, “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Aylarım, illərim” kimi diqqətəlayiq kitabları məhz həmin illərdə çap olunmuş, geniş əks-səda doğurmuşdur. O dövrdə Məmməd Araz müxtəlif vəzifələrdə də çalışmışdır. 1970-72-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında, 1972-74-cü illərdə isə Azərbaycan Dövlət Nəşriyyatında Baş redaktor müavini vəzifələrində çalışmış, 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmiş, 1974-cü ildən “Azərbaycan təbiəti” jurnalının redaktoru kimi səmərəli fəaliyyət göstərmişdir. Hələ 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunması, 1978-ci ildə isə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi Məmməd Araz şəxsiyyətinə və sənətinə ulu öndərin hörmət və qayğısının ifadəsi idi.
Ümumiyyətlə, ədəbiyyatın böyük hamisi və bilicisi olan görkəmli dövlət xadimi Heydər Əliyev Məmməd Araz sənətinə həmişə diqqət göstərmiş və yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, istedadlı sənətkarın anadan olmasının 60 illiyi ərəfəsində ulu öndər Heydər Əliyev 6 oktyabr 1993-cü il tarixdə şairə təbrik məktubu ünvanlamış, səmimi arzularını çatdırmış, onun yaradıcılığının ideya-bədii məziyyətlərini, fəlsəfi mündəricəsini, xəlqi mahiyyətini, populyarlığını, mənəvi tərbiyədə rolunu yüksək dəyərləndirmişdir. Təbrikdə deyilir: “Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün məhsulu olan yüzlərlə şeriniz milyonların qəlbinə yol taparaq özünə və Sizə əbədi yaşamaq hüququ qazandırıb. Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda bundan belə də yorulmadan çalışacaq, qədim və zəngin ənənələri olan milli poeziyamıza yeni töhfələr bəxş edəcəksiniz”.
Ulu öndərin M.Araz şəxsiyyətinə, sənətinə ardıcıl hörmət və qayğısının başqa bir ifadəsi də 1995-ci ildə şairi dövlət vəsaiti hesabına Almaniyaya müalicəyə göndərməsi, ona həm fiziki sağlamlıq, həm də mənəvi cəhətdən böyük diqqət göstərməsi idi. 1995-ci ilin 15 aprelində ümummilli liderimiz Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif etmiş, bir gün sonra Azərbaycan Dövlət Filarmoniyasında vətənpərvər şairin poeziyasına həsr olunmuş “Azərbaycan – dünyam mənim” adlı ədəbi-musiqili məclisində iştirak etmişdir. Dörd saata yaxın davam edən bu möhtəşəm tədbirdən sonra ulu öndərimiz Heydər Əliyev Məmməd Arazla və ədəbi-musiqili gecənin iştirakçısı olan ziyalıların nümayəndələri ilə görüşüb söhbət etmiş, həm M.Araz sənəti haqqında, həm də, ümumən, poeziya, ədəbiyyat barədə qiymətli fikirlər söyləmişdir. Tədbirdə ifadə olunduğu kimi, öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir. Məmməd Arazın yaradıcılığı haqqında danışarkən dahi rəhbərin dediyi aşağıdakı sözlər də bu baxımdan çox qiymətlidir: “Bu gün biz bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı, gərəkli olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”.
Görkəmli dövlət xadimi Heydər Əliyev həmin tədbirin təkcə M.Araz yaradıcılığına diqqət baxımından deyil, bütövlükdə, ölkənin mədəni həyatı üçün böyük önəm daşıdığını vurğulamış, bu cür ədəbi-musiqili gecələrin mənəvi-ideoloji və estetik əhəmiyyətinə diqqət yönəldərək demişdir: “Bilirsiniz, bu axşam bizim üçün nə qədər böyük bir mənəviyyat axşamı oldu!.. Çünki bu gün mədəniyyətimizin, ədəbiyyatımızın böyük nümunələri səsləndi, canlandı, gözümüz önünə gəldi və biz özümüz özümüzü bir daha qiymətləndirdik, tanıdıq… Məmməd Araz poeziyasının bugünkü məclisi, mənə elə gəlir ki, Azərbaycanın mədəniyyət tarixində, mədəni həyatında, ictimai həyatında böyük, görkəmli bir hadisədir. Mən şerə də, mahnıya da çox hissiyyatlı adamam. O misraları, o sözləri, o musiqini həyəcansız dinləyə bilmirdim”.
Ulu öndər həmin çıxışında Məmməd Arazı, Bəxtiyar Vahabzadəni və Xəlil Rzanı respublika vətəndaşları içərisində ilk dəfə olaraq “İstiqlal” ordeni ilə təltif etməsi məsələsinə də toxunmuş, Azərbaycanda xalqın özünüdərkində, milli şüurun oyanışında, müstəqillik duyğusunun qüvvətlənməsində həmin sənətkarların yaradıcılığının zaman-zaman önəmli rol oynadığını, həm də bu proseslərin heç də asan olmadığını, müxtəlif maneələri dəf edə-edə irəlilədiyini vurğulayaraq demişdir: “Bildiyiniz kimi, müstəqil Azərbaycanın ən yüksək ordeni “İstiqlal” ordenidir. İndiyə qədər bu ordenlə heç bir vətəndaş, heç kəs təltif olunmayıbdır. Dünən isə mən fərman verərək Məmməd Arazı, Bəxtiyar Vahabzadəni, mərhum Xəlil Rzanı “İstiqlal” ordeni ilə təltif etmişəm. Bu, bir təsadüf, yaxud da ki, birdən meydana çıxmış, mənim tərəfimdən birdən qəbul olunmuş qərar deyil. Bu haqda mən çox düşünürdüm. O mənada ki, biz milli azadlığımız uğrunda çalışmışıq, vuruşmuşuq, mübarizə aparmışıq. Amma bu mübarizə bəzən açıq getməyibdir, bəzən qəlblərdə gedibdir, bəzən üstüörtülü yazılarda gedibdir... Yaşadığımız o rejim dövründə bu prosesə açıq təkan vermək də çətin idi. Ancaq Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi insanlar öz yaradıcılığı ilə bu sahədə çox işlər görüblər… Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə hörmətli şairimiz Bəxtiyar Vahabzadə, hörmətli şairimiz Məmməd Araz və mərhum Xəlil Rza bu ordenlə təltif edildilər”.
Ümummilli liderimiz Heydər Əliyev onu da ayrıca nəzərə çatdırmışdır ki, B.Vahabzadə, M.Araz, X.Rza kimi vətənpərvər şairlərin yaradıcılığında damla-damla, addım-addım ifadə olunan milli ruh, istiqlal duyğusu bizim böyük amallarımıza öz töhfəsini vermiş, müstəqillik uğrunda mübarizəmizə layiqli xidmət göstərmişdir. Müdrik rəhbər həmçinin M.Arazın və digər istiqlalçı şairlərin cəsarətinə, bütöv xarakterinə də yüksək qiymət vermişdir: “Sizin uzun illər, həqiqətən, xırda-xırda, misra-misra, damcı-damcı yaratdığınız əhval-ruhiyyə Azərbaycan xalqını gətirib bugünkü vəziyyətə çıxardı. Doğrudur, bəzən bu yazılarınıza görə siz sıxılmısınız da, təqib olunmusunuz da, sizi incidiblər də, sizə kəm baxıblar da, sizi açıq və ya gizli tənqid də eləyiblər. Ancaq mənə belə gəlir ki, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın qəhrəmanlığı (mən bu sözü tam cəsarətlə deyirəm) elə ondan ibarətdir ki, onları heç bir şey qorxutmayıbdır…Onlar öz işlərini görüblər. Xırda-xırda, çox incə, çox zərif görüblər və məhz bu incəliyə, zərifliyə, nazikliyə görə də sizin bu fikirləriniz bizim vətənpərvər insanlarımızın, xalqımızın ürəyinə yol tapıbdır”.
Ümummilli lider Heydər Əliyev M. Arazın yaradıcılıq gecəsinin sonundakı çıxışında poeziyanın, bütövlükdə, söz sənətinin insanların sağlam ideyalar ruhunda formalaşması işində mühüm rol oynadığını yüksək qiymətləndirmiş, M.Araz kimi şairlərin yetkin vətəndaşlıq mövqeyindən yazılmış ideya-bədii mükəmməlliyə malik əsərlərinin milli psixologiyamızın və ideologiyamızın möhkəmlənməsində, inkişafında diqqətəlayiq rol oynadığını da qeyd etmişdir: “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur… Həmin şeirlər, həmin sözlər, doğrudan da, xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır”.
Məmməd Arazın əsərlərinin populyarlığından, xalq tərəfindən sevilməsindən danışarkən ulu öndər bunun səbəblərinə də toxunmuş, həmin nümunələrdə millətin milli azadlıq ovqatının ifadəsini önə çəkmişdir: “Məmməd Arazın şerini nə üçün bu qədər sevir insanlar? Axı şeri insanlara zorla sevdirmək olmaz. Nə üçün sevirlər? Mən keçmişdə də bunu hiss edirdim. Uzun müddət Azərbaycanda olmadıqdan sonra, 90-cı ildə Azərbaycana qayıtdıqdan sonra hara gedirəm, Məmməd Arazın şeirləridir. O vaxt bizdə çox coşqun ictimai-siyasi vəziyyət yaranmışdı. İnsanlar 20 Yanvar hadisələrindən sonra çox coşmuşdular. Çox inciklik var idi cəmiyyətdə. Eyni zamanda milli azadlıq ruhunda fikirlər daha açıq deyilirdi. Hər yerdə Məmməd Arazın, Bəxtiyar Vahabzadənin şeirləri oxunurdu”.
Görkəmli dövlət xadimi Heydər Əliyev M.Arazın, eləcə də “İstiqlal” ordeninin ilk laureatlarının Vətən və xalq qarşısındakı xidmətlərinin heç vaxt unudulmayacağına, gələcəkdə də xatırlanacağına inandığını bildirmişdir: “Mən ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlər Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerlərini tutacaqlar”.
Ulu öndər Heydər Əliyev M.Araz poeziyasından nümunələrin həmin tədbirdə bədii qiraətini, şairin şeirlərinə yazılmış mahnıların ifasını da yüksək qiymətləndirmiş, xüsusən ustad sənətkarın məşhur “Dünya sənin, dünya mənim” şerinə və onun əsasında bəstələnmiş mahnıya böyük dəyər verərək demişdir: “Məmməd Arazın şeirləri, şübhəsiz ki, çoxdur. Amma “Dünya sənin, dünya mənim” kimisi yoxdur... M.Araz fəlsəfəsini musiqi tutubdur. Bu fəlsəfə şeirdə də var, musiqidə də var”.
Çıxışının sonunda dahi rəhbər Heydər Əliyev ədəbi-musiqili gecədən aldığı təəssüratları ümumiləşdirərək demişdir: “Məmməd Arazın yaradıcılığı ilə, bizim mədəniyyət xadimləri ilə təmasda olmaq, görüşmək, söhbət etmək dövlət adamı kimi mənim üçün böyük bir hadisədir. Belə tədbirləri gələcəkdə də keçirmək lazımdır”.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyev Xalq şairi Məmməd Araza daim böyük qayğı göstərmiş, onun yaradıcılığını həmişə yüksək qiymətləndirmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev də M.Araz sənətinə böyük ehtiramını ifadə etmiş, 2010-cu ilin mart ayında görkəmli şairin xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncam imzalamışdır. Həmin sərəncamda Bakı şəhərində küçələrdən birinə Məmməd Arazın adının verilməsi və onun yaşadığı binaya xatirə lövhəsinin vurulması barədə müvafiq təşkilatlara tapşırıq verilmişdir.
Böyük şairin şəxsiyyətinə və sənətinə Naxçıvan Muxtar Respublikasında da daim ehtiram göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 8 iyun 2013-cü il tarixli Sərəncamı bu baxımdan son dərəcə böyük əhəmiyyətə malik olub, yaradıcı ziyalılar, ümumən, bütün xalq tərəfindən dərin minnətdarlıqla qarşılanmışdır. Bu sərəncam görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi və təbliği işinə mühüm töhfələr verəcəkdir. Sərəncamda qeyd olunduğu kimi: “Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır”. Naxçıvanda Məmməd Arazın 80 illik yubileyinin qeyd olunması ulu öndərimiz Heydər Əliyevin bu sahədə də yolunun muxtar respublikamızda uğurla davam etdirilməsinin ifadəsidir.
Hüseyn HƏŞİMLİ
filologiya elmləri doktoru, Əməkdar elm xadimi