Biri var idi, biri yox idi... Belə rəvayət edirlər ki, Nuh Peyğəmbər Yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, Allahın lazım bildiyi kəsləri və hər canlıdan bir cüt götürüb gəmiyə mindirmişdi. Gəmi səfər zamanı Haçadağa, Ordubaddakı Ələngəz və Araz sahilindəki Kəmki dağlarına toxunub keçdikdən sonra Gəmiqayada lövbər salmışdı. Su çəkildikdən sonra gəmidəkilər quruya ayaq basmış, onları bu fəlakətdən qurtardığına görə Uca Yaradana dua etmişlər...
Bəli, həyatın davam etməsi üçün Uca Tanrı bəşəriyyətin ən qədim insan məskəni olan bu əraziyə münbit torpaqlar, sulu çeşmələr, bol Günəş işığı bəxş etmişdir. Zəngin iqlim qurşağı, saf su yataqları, məhsuluna dad verən bərəkətli torpaqlar bəşəriyyətin formalaşması üçün zəruri şərtlərdəndir. Bu yurd yerində insanların yaşamaq uğrunda mübarizəsi ana təbiətdən istifadəyə əsaslanırdı. “Mədəniyyət” sözünün latıncadan tərcüməsinin “becərmək”, “əkmək”, “bəsləmək” olduğunu nəzərə alsaq, deməli, insanoğlu həm də bu yurdun ilkin mədəniyyətini formalaşdıracaqdı. Bu isə yaşı minilliklərlə ölçülən qədim Naxçıvan torpağında böyük bəşəriyyətin gələcək sivilizasiyasına təkan verəcək ibtidai icma mədəniyyətinin yaranmasını labüdləşdirirdi.
Bəzən əlahəzrət tarix onu öyrənənlərə qısqanclıqla yanaşır. Nə qədər çalışsan da, ondan istədiyini ala bilmirsən. Ancaq yaxşı ki, tarix özündən sonra izlər qoyur. Bu gün əfsanəvi gəmini xatırladan Gəmiqaya abidəsi, qollarını səmaya açan əsrarəngiz Haçadağ, “Nuh” toponimi ilə bağlı yer adları bu yurdun qədimliyini sübut etməklə bərabər, həm də öz-özlüyündə ilkin şəhər mədəniyyətinin formalaşması fikrini sübuta yetirir. 5000 ildən çox yaşı olan bu diyar qədim insan məskənlərinin izləri, onların məşğuliyyəti, yaşayış tərzi və digər maddi-mədəniyyət amilləri ilə hər zaman diqqət mərkəzində olmuşdur. Tarixin müxtəlif dövrlərində bu yurd yeri müxtəlif maraqlar səbəbindən yadellilərin hücumuna məruz qalsa da, ayaqda durmağı bacarmış, yenilməzliyi ilə yenidən inkişaf edib intibaha qovuşmuşdur.
Naxçıvan şəhərinin adı eramızdan əvvəl 65-8-ci illərdə yaşamış Roma yazıçısı Kvunt Horotsi Flakk və eramızdan əvvəl I əsrdə yaşamış yəhudi tarixçisi Flafi İosifin əsərlərində çəkilmişdir. Bunlardan əlavə, Naxçıvan şəhərinin ilk dəfə adı çəkilən əsərlərdən biri də yunan coğrafiyaşünası Klavdi Ptolomeyin “Coğrafiya” əsəridir. Müəllif bu əsərində şəhərin adını çəkməklə yanaşı, onun ərazisi barədə də məlumat verir. Bəzi orta əsr tarixçiləri isə Naxçıvan şəhərinin eramızdan əvvəl VI əsrdə mövcud olduğunu bildirirlər. Naxçıvan şəhərinin yaranması tarixinə dair rusiyalı mütəxəssislər məlumat verirlər ki, şəhərin meydana çıxması tarixi “Ümumdünya tufanı”na gedib çıxır.
Tarixin sonrakı dövrlərində ilkin yaşayış yerinin planlı tikilməsi, onun möhkəm müdafiə olunması üçün möhtəşəm divar və bürclərlə əhatə edilməsi, qala daxilində müxtəlif istehsalat emalatxanalarının mövcudluğu, şəhər mədəniyyəti üçün səciyyəvi olan boyalı qabların hazırlanması, sənətkarlıq məhsullarının ailə təsərrüfatı daxilindən çıxaraq mübadiləyə qoşulması kimi bir sıra əlamətlər də şəhər həyatının formalaşmasını sübuta yetirən amillər hesab olunur.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun arxeoloq və etnoqrafları Gəmiqayada apardıqları elmi tədqiqatlara əsaslanaraq belə bir nəticəyə gəlmişlər ki, Nuh əfsanəsinin istər coğrafi, istər toponomik, istərsə də etnoqrafik baxımdan Naxçıvanla bağlılığı danılmaz həqiqətdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Vəli Əliyev öz tədqiqatlarında qeyd edir ki, araşdırmalara görə, 4000-5000 il bundan əvvəl Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından Naxçıvan bəşər sivilizasiyasının digər mərkəzlərindən olan Şumer dövlətləri ilə sıx iqtisadi-mədəni əlaqələr saxlamışdır. Odur ki, ümumşərq dünyası üçün səciyyəvi olan bir çox qədim miflər Naxçıvanda yaşayanların da yaddaşında qalmış və bu günümüzə gəlib çatmışdır. Şumer abidələrində olan təsvirlər özünü Gəmiqaya təsvirlərində də göstərir.
Qədim Naxçıvan şəhəri əlverişli iqtisadi və hərbi-strateji ərazidə yerləşdiyindən qədim və orta əsrlərdə bu və ya digər dövlətlərin, xüsusilə Roma imperiyası və sasanilərin (III-VI əsrlərdə) hərbi əməliyyat meydanına çevrilmişdir. Roma dövləti bu əraziyə yiyələnərək atəşpərəstlik məbədlərini dağıtmış, əvəzində xristian abidələri ucaltmış, ölkənin iqtisadiyyatını xeyli zəiflətmişdir. Lakin müharibənin müvəqqəti dayandırılması ilə əlaqədar şəhərin təsərrüfat həyatı yenidən canlanmışdır. A.K.Nikitin o dövr Naxçıvanının şəhər həyatından bəhs edərkən yazır ki, bu dövrdə şəhər həddən artıq varlı həyat keçirdiyindən burada ticarət əlaqələri də xeyli güclənmişdi. Müəllifə görə, hələ IV əsrdə şəhərdə 150 min əhalinin məskunlaşdığı 30 min ev mövcud idi.
Naxçıvan ərazisindəki ilkin insan məskənlərinin əsas tədqiqatçılarından biri sayılan AMEA-nın müxbir üzvü Vəli Əliyev yazır: “Bütün Qafqazda, Urmiyada, Ön Asiyada (Suriya, Fələstin və başqaları) geniş yayılmış Kür-Araz mədəniyyətinin əsas vətəni Naxçıvan diyarıdır. Odur ki, Kür-Araz mədəniyyətinin ən zəngin və qalın yaşayış yerləri (I Kültəpə, II Kültəpə, Maxta, Ovçular təpəsi, Daşarx və başqaları) Naxçıvan ərazisindədir”. Təbii ki, əlverişli coğrafi iqlim şəraitinə malik olan Naxçıvan ərazisindəki ilk ibtidai insan məskənlərində – II Kültəpə, Qarabağlar, Oğlanqala, Plovtəpə və Qazançı kimi ərazilərdə ilkin şəhər mədəniyyətinə dair maddi-mədəniyyət nümunələri kifayət qədərdir.
Bəli, Naxçıvan qədim tarixə malik yurd yerlərindəndir. Bu diyar maddi və mənəvi sərvətləri ilə zəngin olmuşdur. Naxçıvan həm də bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin Vətənidir. Məhz buna görə də Sovetlər Birliyi dövründə “Nuh-Naxçıvan” mövzusu qadağan olunmuş, tarixi həqiqətlərin ortaya çıxmasına imkan verilməmişdir. Araşdırmalar göstərir ki, “Ümumdünya tufanı” və Nuhla əlaqədar rəvayətlər daha çox Naxçıvanla bağlı olmuşdur. Qədim yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatmış, XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi nəinki Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir. Rus tədqiqatçısı K.N.Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləmiş, hətta onun dəqiq yerini də göstərmişdir. Azərbaycan rəssamı Bəhruz Kəngərli ötən əsrin 20-ci illərində Nuh Peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini 6 dəfə naturadan kətan üzərinə köçürmüşdür.
Dünyanın heç bir yerində Naxçıvan Muxtar Respublikasında olduğu qədər Nuh Peyğəmbərlə bağlı yer adlarına hələlik rast gəlinməmişdir. “Gəmiqaya”, “Nəbi yurdu”, “Naxçıvan”, “Nehrəm”, “Nəhəcir”, “Nuhdaban”, “Nuhgədik”, “Peyğəmbərayağı”, “Haçadağ” kimi yer adlarının, yaşayış məskənlərinin mövcudluğu Nuh Peyğəmbərin bu torpaqda yaşadığını əyani şəkildə sübut edir. Qeyd olunanlar bir daha göstərir ki, Nuh Peyğəmbər Naxçıvanda vəfat etmiş, onun məzarı minlərlə insanın ziyarətgahına çevrilmişdir.
“Biri var idi, biri yox idi”... Bəşər xalqları içərisində, bəlkə də, yeganə xalq bizik ki, nağıllarımız bu ifadə ilə başlayır. Bu pişrovun daxilində gizlənən reallıq isə ondan ibarətdir ki, həqiqətən, Nuh tufanından sonra dünyada hər şeydən, sadəcə, bir dənə var idi, digərləri yox idi. Bir də üzərinə ilk ayaq basılmış və sonralar “Naxçıvan” adlanacaq yurd yeri var idi... Və tarix bundan sonra yazılacaqdı; nağıl yox, həqiqət kimi!
Səbuhi HƏSƏNOV