25 Dekabr 2024, Çərşənbə

Stolumun üstündəki yenicə çapdan çıxmış növbəti kitabın adını oxuyarkən xalqımızın ümummilli lideri Heydər Əliyevin 2002-ci ilin iyununda Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində səsləndirdiyi bir fikri xatırladım. Ulu öndərimiz Heydər Əliyev o nitqində deyirdi: “Tarix nədən yaranır? Tarixi insanlar yaradır. İnsanların şəxsiyyəti tarixi yaradır – əgər onlar şəxsiyyətdirlərsə. Bir də ki bu şəxsiyyətlərin yaratdıqları əsərlər, qoyub getdiyi irs bu tarixi yaradır”. Şah əsəri müstəqil Azərbaycan olan görkəmli dövlət xadimi Heydər Əliyevin nitqindəki bu həqiqət Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini, Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayevin yenicə çapdan çıxan “Tarix yaradan şəxsiyyətlər salnaməsi” adlı kitabında bir daha təsdiqini tapmaqdadır. Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə çap olunan yeni kitabın elmi redaktoru Naxçıvan Dövlət Universitetinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zaman­ov, rəyçiləri Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, Naxçıvan Özəl Universitetinin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlidir.

Kitabda müəllif tarixin müəyyən dövrlərində müxtəlif tarixi proseslərə təsir etmək imkanına malik olan bir qrup şəxsiyyətin çoxcəhətli fəaliyyətini işıqlandırmış, Şərq-Qərb tarixi məkanlarını təmsil edən diplomatların, sərkərdələrin, dövlət başçılarının düşüncələrini və fəaliyyətlərini təhlil edərkən onları qlobal təfəkkür kontekstində tarixi fəlsəfi baxış prizmasından təqdim etməyə çalışmışdır. Tədqiqatçılar, universitet müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş kitab “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur. 
Mövzuya giriş hissəsində müəllif şəxsiyyət və tarixi proseslərin qarşılıqlı təsiri ilə əlaqədar fikirlərini açıqlamışdır. Kitabda Makedoniyalı İsgəndər, Çingiz xan, Ağa Məhəmməd şah Qacar, Otto fon Bismark, Uinston Çörçill, Marqaret Tetçer və başqalarının həyat və siyasi-tarixi fəaliyyətlərindən bəhs olunur. Müəllifin xüsusilə Ağa Məhəmməd şah Qacarla bağlı fikirləri diqqət çəkir. Sovet dövründən başlayaraq Qacarın xarici yadelli, işğalçı kimi təqdim olunması ilə razılaşmayan gənc araşdırmaçı-yazar Qacarın dövlətçilik fəaliyyətini azərbaycanlı – türk hökmdarı kontekstində təhlil etməyə çalışmışdır. Kitabda adıçəkilən tarixi şəxsiyyətlərə aid fotoşəkillər və aforizmlərin yer alması, tarixi proseslərin və hadisələrin sadə dillə təsviri onun oxunaqlılığını daha da artırır.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR