25 Dekabr 2024, Çərşənbə

Dünən Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Böyük bağ”da Xalq şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyi münasibətilə “Vətən mənə oğul desə...” adlı sərgi və ədəbi-bədii kompozisiya keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktor müavini Gülnaz Tağıyeva Xalq şairi Məmməd Arazın həyat və yaradıcılığından danışıb, əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə təsirindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxışında Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və rolu olduğunu bildirib. Vurğulanıb ki, şairin yaradıcılığında doğma Vətənə bağlılıq, vətəndaşlıq duyğuları, istiqlalçılıq kimi yüksək keyfiyyətlər poetik təfəkkürün genişliyi ilə tərənnüm edilir. Buna görə də Məmməd Araz hər zaman əsərlərinə müraciət olunan şair olub.

Qeyd olunub ki, Məmməd Arazın yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, o, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına layiq görülüb. 1993-cü ildə adına mükafat (“Məmməd Araz” mükafatı) təsis edilib. “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 iyun 2013-cü il tarixli Sərəncamı Xalq şairinin ədəbi irsinə verilən böyük qiymətlə yanaşı, onun yaradıcılığının və ömür yolunun daha əhatəli şəkildə öyrənilməsinə böyük vətəndaşlıq töhfəsidir. 
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev şairin yaradıcılığına göstərilən diqqət və qayğıdan, əsərlərinin yenidən nəşr olunmasından danışıb. Bildirilib ki, şeirlərinə bəstələnmiş mahnılarla mədəniyyət və incəsənətimizə mühüm töhfələr verən şairin doğulduğu Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin yaradılması Məmməd Arazsevərlərə dəyərli hədiyyədir.
Tədbirin bədii hissəsində isə Naxçıvan şəhərindəki tam orta məktəblərin şagirdlərinin ifasında şairin yaradıcılığından poetik nümunələr səsləndirilib, şeirlərinə bəstələnmiş mahnılar ifa edilib.
Sonra Məmməd Araz yaradıcılığına həsr olunmuş “Vətən mənə oğul desə...” adlı fotostendlərə və kitab sərgisinə baxış olub.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR