Müstəqil dövlətimizin təməlləri möhkəmləndikcə, iqtisadi inkişafı artdıqca milli-mənəvi dəyərlərimizin, milli ədəbiyyat və mədəniyyətimizin öyrənilməsinə, inkişaf etdirilməsinə dövlətin diqqət və qayğısı günbəgün artır. Bu qayğının əməli ifadəsi olan görkəmli Xalq şairi Məmməd Arazın 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 iyun 2013-cü il tarixdə, eləcə də 28 iyun 2013-cü il tarixdə M.Arazın ev-muzeyinin yaradılması haqqında imzaladığı sərəncamlar diqqəti cəlb edir. Təsadüfi deyildir ki, mədəniyyətimizin və ədəbiyyatımızın görkəmli bilicisi, milli-mənəvi dəyərlərimizin hamisi ulu öndər Heydər Əliyev bu qüdrətli söz ustasının yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur”.
Ümumiyyətlə, şeir mənsub olduğu xalqın dilinin ən fəal daşıyıcısı və keşikçisidir. Eyni zamanda şeir canlı xalq danışıq dili fondunun etibarlı xəzinəsi və salnaməsidir. Ana dilinin müasir imkanlarını mükəmməl şəkildə poeziya özündə təcəssüm etdirir. Bütün bunlar bir çox görkəmli Azərbaycan şairlərinin, o cümlədən Xalq şairi Məmməd Arazın şeir və poemalarında bir daha öz təsdiqini tapır. Məmməd Araz sənəti Ana dilimizin şeriyyət imkanlarının mühüm göstəricisidir.
Məmməd Arazın yaradıcılığı obrazlı fikir və ifadələrlə zəngindir. Bu obrazlılıq şairin yüksək poetik və xəlqi sənətinin uğurlarından, üstünlüklərindən biridir. Doğrudur, obrazlılıq, xüsusilə poetik obrazlılıq bədiiliyin bir növü, lakin əlavə keyfiyyətlər qazanmış bir formasıdır; poetik obrazlılıq, sadəcə, bədiilik deyil, dilin fəlsəfəsidir. Obrazlılıqda bədiilikdən əlavə, şəkillilik və əyanilik, sərrast və güclü müqayisə, qüvvətli məcazi məna da olur. Obrazlılıq estetik gözəlliyin bədii üslubda ən yüksək həddidir, qeyri-adilik və poetiklik keyfiyyətidir. Onun ilk nümunələrini tarixən xalq, ən mükəmməl nümunələrini isə ayrı-ayrı sənətkarlar yaradır. Xalq şairi Məmməd Araz da belə ustad sənətkarlardan biridir.
Poetikləşmiş obrazlılıqda bənzətmə, müqayisə mühüm vasitədir. Bu məsələdə Aristotel tamamilə haqlıdır. O yazır: “Bədii təfəkkürün başlıca vəzifəsi hər hansı maddi varlıqlarda çatışmayan əlamət, keyfiyyət və xüsusiyyətləri yaradıcı xəyalın qüdrəti ilə sənət əsərində tamamlamaqdan ibarətdir”.
Obrazlılıq poetik kəşf, yaradıcılıqdır. Ədəbiyyatda poetik obrazlılıq sənətkarın özünəməxsusluğu, başqasından fərqlənmək meyarıdır. Məmməd Arazın misraları bulaq suyu kimi duru, cazibədardır və poetik obrazlılığın bənzərsizliyindən yoğrulmuşdur:
Dağlara qar düşdü, uyudu dağlar,
Dağlar həm qocaldı, həm ucaldılar.
Mələyə-mələyə quzu bulaqlar,
Daşların dibində yetim qaldılar.
Yuxarıdakı poetik parça oxucuya təsirli güclü estetik zövq verir, eyni zamanda şairin təlqin etmək istədiyi fikrin canlı əksini obrazlı şəkildə yaddaşımıza həkk edir.
Məmməd Araz poeziyasında təbiətə tükənməz məhəbbət var. O, təbiətlə danışmağı və təbiəti danışdırmağı bacarır, təbiət vasitəsilə cəmiyyəti görə bilir. Sənətkar cəmiyyətdə də təbiət axtarır, cəmiyyət hadisələrində, insanların xasiyyətində, davranışında təbiətin saflığını görmək istəyirdi. Çünki cəmiyyət təbiətləşəndə gözəl olur. Məmməd Arazın təbiətə vurğunluğunun əsasında torpağa, daha geniş mənada, doğma Vətənə ölçüyəgəlməz sevgi dayanır. O, şeirlərinin birində deyir:
Yerdə çörək diləyən,
Xış dili bilməliydi,
Quş dili bilməliydi,
Daş dili bilməliydi.
Həyata və dünyaya, keçmişə və gələcəyə, torpağa və daşa, nəhayət, insana və Vətənə bağlılığın bu qədər səmimi, bu qədər dəqiq, eyni zamanda bu qədər poetik ifadəsi son dərəcə nadir sənət hadisəsidir.
Professor Tofiq Hacıyevin bu sehrli poeziya – təbiət dilində danışan poeziya haqqında bəyan etdiyi aşağıdakı fikirlər, bütövlükdə, o dövr ədəbi tənqidinin Məmməd Araz irsinə, şairin təbiət dilinə verdiyi çox doğru bir qiymətdir: “Məmməd Arazın dilində təbiətə sevgidən gələn maraqlı bir cəhət diqqətimizi çəkir: ənənəvi budur ki, təbiətin əlamətlərini cəmiyyətə, insana təyin kimi gətirirlər, ancaq onlarda təbiətin varlıq formaları şəxsləndirilərək təyinlə işlədilir. Bu təyinlər təkcə gözəlliyi və münasibliyi ilə yox, ilk növbədə, səmimiliyi ilə seçilir; bu səmimiyyət təbiətə övlad qayğısı ilə doludur və həmin qayğıkeşlikdəki məlahət ruhumuza, əsəblərimizə yumşaqlıq çiləyir: qaragöz bulaq, bacı bulaq, ağ hörüklü bulaqlar, xınalı qaya, işıq yallı köhlən, alov quşu, şimşək cüyürlü; hətta təbiət özü də bədii təyinə çevrilir, təşbehin tərəfləri – bənzəyən və bənzədilən maddi bərabərlik kimi üz-üzə durur və yuxarıda dediyimiz effekti bağışlayır. Belə təşbehlər mikromühitdə müstəqil obrazlar kimi emosiyaya çökür və yaddaşa keçir. Təbiət obrazları eyni uğurla siyasi-ictimai mətləbin ifadəsinə də xidmət göstərir: ədavətə oraq çəkmək, əsrin ağzının dağa dirənməsi... nümunələrində əsas qüvvə frazeoloji ifadələrin üstünə düşür, ancaq bu frazeologizmlər təbiət anlayışları üzərində qurulub – təbiət bu ifadələrdə daşlaşıbdır”.
Təbiət obyektinə şairin münasibəti bircə sözlə açılır:
Mələr çəmənlərdə quzu küləklər,
Qırıb pəncərəni quzğun küləklər...
Təbiət obyektləri bədii mühitdə belə obrazlaşır:
İldırım qəzəblə şığıyır yerə,
Təbiət qaldırır dağ qalxanını,
Nə Yer kinayəli baxır göylərə,
Nə göylər azacıq utanır Yerdən.
Bu şeir parçası yalnız canlı, cazibəli bir təbiət lövhəsi deyildir. Burada Yerlə Göy iki mərd igid kimi üz-üzə durur, şair insanlara Yerlə Göyün mərdliyini təlqin edir.
Məmməd Araz poeziyasında xalq frazeologiyası əsasında gözəl improvizasiyalar var. “Araz aşığından, Kür topuğundan” zərb-məsəli əsasında şair çılpaq uca dağa
“Bu qədər ucalıq nəyə gərəkmiş,
Meşə qurşağından, çay topuğundan”
– deyir.
Məmməd Arazın bütün yaradıcılığında təbiət ünsürlərindən biri kimi özünü qabarıq şəkildə hiss etdirən daş obrazı “Əsgər qəbri haqqında ballada” əsərində də mühüm yer tutur. “Daş” kəlməsini müxtəlif poetik məqamlarda müxtəlif nüanslarla istifadə edən şair bu leksik vahidi zəngin bədii ifadə yaradıcılığının poetik obrazlarından birinə çevirir:
Bura – bütün evlərinin
Odu itmiş daş şəhərcik.
Sakinləri tarixlərə qonaq getmiş daş şəhərcik,
Bu şəhərdə sakinlərin söhbətləri daş dilində,
Sevgiləri, nifrətləri daş dilində.
Daş dilinin elə ağır havası var,
Daş dilinin hələ susmaz davası var.
Və ya:
“İbrahimov” – bircə bu söz
Yazılıbdır başdaşında
Nə yaxşı ki,
Bu daşların yaddaşında
Bu söz qalıb, bu söz durur!
Adı nədir, kim oğludur,
Təvəllüdü, doğulduğu kənd, ya şəhər?
Yoxdu bunlar.
Neyləyəsən, yoxdu bunlar,
Bu varlığın əbədi bir yoxluğu var.
Təsadüfi deyildir ki, daş obrazı M.Araz yaradıcılığında digər şairlərlə müqayisədə daha çox və rəngarəng mənalar daşıyır. “Daş” ünsürü Məmməd Araz poeziyasında bütövlük, Vətənə, torpağa bağlılıq, əsl vətəndaşlıq mənalarını ifadə edir. İlk şeir dəftəri sal daşlar olan şair hazırkı mərhələdə milli şerimizin möhtəşəm, uca və məğrur Vətən daşıdır. Ədəbiyyatımızda “Vətən qayaları, Vətən daşları” şeirlər silsiləsini də M.Araz yaratmışdır:
Bir qayanın dibindəcə süfrə açdıq,
Kürsümüz də, mizimiz də daşdan idi.
Təbiətin dilində təbiət və cəmiyyət hadisələrindən böyük sənətkarlıqla yazan, poeziyamızı, dilimizi zənginləşdirən, adi sözə böyük poetik məna və can verən ustad şair Məmməd Araz ədəbiyyatımızın, söz sənətimizin ilham qaynağıdır. Vətən daşı olan milli şerin özəyi, meyarı Məmməd Araz şeri, Məmməd Araz sözü canlılığı, əbədiyaşarlığı ilə gələcək nəsillərə əvəzsiz bir yadigardır.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü