25 Dekabr 2024, Çərşənbə

Ötən günlərdə Astaradan olan bir qrup ziyalı muxtar respublikamızda olmuş, qədim diyarımızın bir sıra görməli yerlərini gəzmişlər. Qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində, Möminə xatın türbəsində, Xan Sarayında, Heydər Əliyev Sarayında, Duzdağ Fizioterapiya Mərkəzində olmuş, Nuh peyğəmbərin məzarüstü türbəsini, Əshabi-Kəhf ziyarətgahını ziyarət etmişlər. Birgünlük səfər qonaqlarda dərin təəssürat yaratmışdır. Bu günlərdə redaksiyanın elektron ünvanına həmin təəssüratların əks olunduğu “Gün var, min aya dəyər” sərlövhəli məqalə daxil olmuşdur. Həmin yazını oxucularımıza təqdim edirik.

İnsan həmişə işığa üz tutur. Dahilər isə təkcə doğulduğu milləti deyil, həm də bəşəriyyəti işıqlı gələcəyə aparan şəxsiyyətlərdir.
90 illik yubileyi türk dünyasının əsl bayramına çevrilən ulu öndərimiz Heydər Əliyev dünya azərbaycanlılarının həyatına doğan Günəşdir. Səfərimiz isə həmin Günəşin doğulduğu yerə – qədim Naxçıvan torpağınadır!

Heyətimiz bu taylı-o taylı Astaranın sərhəd və gömrük yoxlamalarından keçərək avtobusla Naxçıvana yola düşdü. Arxamızca Astaranın yenilməzlik rəmzinə çevrilən qədim Şindan qalası əl eylədi, Şah İsmayılın doğulduğu Ərdəbil, əsmər bənizli Sərab, Bakının süd qardaşı, şəhərlərin gözəli Təbrizdən keçib Culfaya çatdıq. Səhərin gözü açılanda biz gömrük məntəqəsinə daxil olduq. Burda sərhəd-buraxılış və gömrük məntəqələri günün 24 saatı ərzində fəaliyyət göstərir.

...Araz çayının üstündən keçirik. Arazın suları lil, baxışları qəmli idi. Elə bil, Araz hələ də günah yuyurdu. Mən isə ürəyimdə Vətənimi parçalayan “topsaqqal keşişlə, eynəkli ağaya” (B.Vahabzadə) lənətlər oxuyurdum. 
Sərhədləri keçəndən sonra biz Naxçıvan şəhərinə yola düşürük. İlk olaraq diqqətimizi cəlb edən şüşə kimi hamar və rahat asfalt yollardır. Yolun hər iki tərəfində insan əlləri ilə yaradılmış əsrarəngiz təbiət lövhələri bizi valeh edir. Ətrafdakı təpəciklərdə əkilmiş ağaclar, bəzək kolları, müxtəlif gül-çiçəklər buketlərə, gül-çiçək çələng­lərinə, nəhayətsizliyə uzanan xalça sərgilərinə bənzəyir. İydə ağacları düz xətt boyunca elə əkilib ki, elə bil, fəxri qarovulda duran sıravi əsgərlərdir. Naxçıvanda olduğumuz müddətdə yerli, yəni Azərbaycan təbiətinə məxsus olan meyvə, bəzək ağaclarının əkilməsinə daha çox üstünlük verildiyinin şahidi oluruq. Şam, küknar və ağcaqayın ağaclarından fərqli olaraq, çinar, iydə, badam, qovaq ağacları göz oxşayır.

Bu bir həqiqət idi ki, hər birimiz içimizə dolan bir ilahi məhəbbətin işığında yol gəlmişdik. Axı ulu öndər Heydər Əliyev elə bir Günəşdir ki, onun təmənnasız işığında xalqımız aydınlıqlara doğru nəhayətsiz bir yol gedəcək. Heydər Əliyev elə bir zirvədir ki, zaman keçdikcə onun əzəməti bizi daha çox heyrətləndirəcək.
Yolumuz Heydər Əliyev Muzeyinədir. Naxçıvan şəhəri böyük bir tikinti meydançasını xatırladırdı. Hər tərəfdə tikinti-abadlıq işləri gedirdi. Şəhərin mərkəzində salınmış parklar, mərkəzi küçələr müasir, təmiz və səliqəli idi. Naxçıvan blokadanın çətinliklərinə baxmayaraq, sürətlə inkişaf edir, yeniləşir.
Diqqətimizi cəlb edən həm də bütün sürücülərin kəmər bağlamaları idi. Biz təhlükəsizlik kəməri bağlamayan sürücüyə rast gəlmədik.
Heydər Əliyev Muzeyindəyik. Ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən nadir eksponatlar, tarixi sənədlər, fotoşəkillər hamımızı heyrətləndirir. Heç yerdə görmədiyimiz və eşitmədiyimiz tarixi məqamlar hədsiz marağımıza səbəb olur.
Əsrlərin yadigarı və memar Əcəminin şah əsəri sayılan Möminə xatın türbəsinə daxil oluruq. Zamanın sınaqlarına sinə gərmiş, zamanın özünə meydan oxuyan bu türbə neçə-neçə əsrlərin, nəsillərin şahididir. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə, ordan da Heydər Əliyev Sarayına yollanırıq. Öyrənirik ki, Naxçıvanın 24 muzeyində 110 mindən çox eksponat vardır.
Nuh Peyğəmbərin məzarüstü abidəsini də ziyarət edirik. Nümayəndə heyətimiz məşhur Əshabi-Kəhf ziyarətgahına gəlir. Ziyarətgaha qalxmaq üçün 575 pillə qət edilməlidir. Ziyarətgaha hər kəs niyyətləri ilə üz tutur. Səfər iştirakçıları niyyətlərini Ulu Tanrıya pıçıldayıb əsirlikdə qalan torpaqlarımızın azad olunmasını arzulayırlar. Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Əhmədov ziyarətgahı bir neçə tərəfdən fotonun yaddaşına köçürür. Ziyarətgahın üst tərəfini çəkib bizə göstərən Firudin “Bu ki Azərbaycanın xəritəsidir” deməklə hamımızı heyrətə salır. Həqiqətən, ziyarətgahın göylərə açılan hissəsi Azərbaycan xəritəsinin oxşarıdır. Bir anlıq düşünürəm ki, bəlkə də, bu, ziyarətgahda torpaqlarımızın bütövlüyü üçün göylərə əl açıb Ulu Tanrıya yalvaran insanların niyyətlərinin çin olacağına bir işarədir. Deyirlər, haqq nazilər, üzülməz. Bu bütöv Azərbaycan xəritəsi də Ulu Tanrının sadiq bəndələrinə göstərdiyi haqq-ədalətin qələbəsidir.
Təxminən 1000 metrə qədər dağın içərisinə uzanan Duzdağ mağarasına gedirik. Səfərimizin əvvəlindən axırına qədər bizimlə olan istedadlı şair, “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qəriblə Naxçıvan ədəbi mühitinin nümayəndələri haqqında danışırıq. İldə bir dəfə “Naxçıvan ədəbi almanaxı”nın buraxıldığını deyir. Mən “Astara” qəzetinin nəzdində fəaliyyət göstərən “Çeşmələr” ədəbi birliyi haqqında məlumat verirəm və üzümü “Astara” qəzetinin baş redaktoru Azər Abdullayevə tutub deyirəm: – Biz də “Çeşmələr” ədəbi birliyinin almanaxını buraxmalıyıq.
Duzdağ mağarasına daxil oluruq. Bura çox möcüzəli yerdir. Deyərdim ki, bəlkə də, dünyada nadir müalicə mərkəzidir. Duzdağda yaradılan şəraiti isə sözlə ifadə etmək çox çətindir. Gərək mütləq öz gözlərinlə görəsən.
Muxtar respublikada hansı mağazaya daxil olduqsa, orada yerli məhsulların satıldığını müşahidə etdik. Öyrəndik ki, Naxçıvanda güclü sahibkarlar təbəqəsi formalaşıb, yeni istehsal müəssisələri yaradılıb. Bu gün Naxçıvan Muxtar Respublikasında ən vacib ərzaq məhsullarından tutmuş avtomobilə qədər yüzlərlə çeşiddə sənaye məhsulları istehsal olunur. Onu da öyrəndik ki, Naxçıvanın enerji təhlükəsizliyi də tam təmin edilib. İndi muxtar respublikadan qonşu ölkələrə elektrik enerjisi ixrac olunur. Blokada şəraitində belə inkişafa nail olmaq asan məsələ deyil. Əhsən, Naxçıvan!
Naxçıvanda cəmi bir gün olduq. Səfər təəssüratlarını qələmə alarkən “Min aya dəyən gün”ün xoş duyğuları məndə rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə bu mühüm səfərimizi təşkil etdiyinə görə dərin minnətdarlıq hissi oyatdı. Və bu səfərin təəssüratı mənim üçün aylara, illərə bərabər bir ömrün ən xoş səhifəsinə çevrildi.
Naxçıvanda olarkən bir daha yəqin etdim ki, bu qədim torpağın möcüzələri saysız-hesabsızdır.
Fəqət bu torpağın ən böyük möcüzəsi, ən müqəddəs məqamı, zaman və tarix qarşısında ən böyük xidməti bütün dünya azərbaycanlılarına və türk dünyasına bəxş etdiyi ulu öndərimiz Heydər Əliyevdir. Və Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ulu öndərimizə olan məhəbbət bizi onun doğulduğu torpağın ziyarətinə gətirdi.

Şahverən CAVAD
şair-publisist, Astara

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR