Niyə də görünməsin? Ulu diyar Naxçıvanın möhtəşəm mənzərəsi gündüzü ilə bərabər, gecəni də heyran qoyur özünə. Təmiz küçələr, hamar yollar, bir-birindən yaraşıqlı binalar gecələr də gözəl görünür. Bu isə naxçıvanlıların arzuladığı günlər idi. İndi doğma diyarım qaranlıqdan azad olunmuş məmləkətdir. Bir zamanlar işığa həsrət qalmasına baxmayaraq, indi nura qərq olub. Parkların işıqlı görünüşü qoca Şərqin ulu torpağını daha da ecazkar edir. Əvvəllər şəhərdə “Böyük bağ”dan başqa, yaşıllığı olan istirahət guşəsi tapmaq olmurdu. Bu günsə, az qala, hər yaşayış binasının önündə bir park, istirahət guşəsi yaradılıb. Ürək dağa dönür.
...Budur, Heydər Əliyev Mədəniyyət və İstirahət Parkındayıq. Bir anlıq buranın uzun illər bundan əvvəlki görkəmi yadıma düşdü. Yaxşı xatırlayıram, bir vaxtlar bura həsir və polietilendən düzəldilən köşklü bazara oxşayırdı. Axşamlar isə burada bir nəfər də olsun, tapa bilməzdin. İndi bura əsl istirahət məkanıdır. 4,7 hektar ərazisi olan park xüsusi layihə əsasında yenidən qurulub. Burada yaraşıqlı fəvvarə və şəlalə kompleksi yaradılıb, kanalda qayıqla gəzinti təşkil edilib, hər cür hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulub, dekorativ ağac və gül kolları əkilib, gülkarlıqlar salınıb.
Parkda istirahət və gəzinti guşələri yaradılıb, gözoxşayan işıqlandırma sistemi quraşdırılıb. Mədəniyyət və istirahət parkında uşaq-əyləncə guşələrinin yaradılması, attraksionların quraşdırılması yenidənqurma işlərinin mühüm hissəsini təşkil edir. Aparılan yenidənqurma işlərindən sonra süni şəlalə kompleksi, qayıq gəzintisi üçün su kanalı yeni görkəm alıb. Axşamlar kanalı işıqlandıran rəngli işıqlandırma sistemi parka xüsusi gözəllik verir.
Parkın mərkəzində azyaşlı uşaqlar üçün qurulan müxtəlif fiqurlardan ibarət çoxelementli karusellər uşaqların sevincinə səbəb olub. Yerində, öz oxu ətrafında müxtəlif istiqamətlərə dönən, aşağı və yuxarı hərəkət edən, bunlara uyğun musiqi və mahnı səsləndirən uşaqların sevimli nağıl qəhrəmanlarının fiqurları onları nağıllar aləminə aparır. 300 kvadratmetr ərazidə quraşdırılmış qəsrşəkilli attraksion da uşaqların ən çox oynadığı əyləncə yerlərindən biridir. Axşam saatlarında musiqili fəvvarə insanlara xoş ovqat bəxş edir, parkın gözəlliyinə qeyri-adi rəng qatır. Balacalar su kanalında qayıqlarla üzür, əyləncəli qurğularda həvəslə oynayırlar.
Əcəmi seyrəngahındayıq. Axşam saatlarında burada romantik bir mənzərənin əsirinə çevrilirsən. Zaman burada sanki dayanır, ayrı düşüncələr ruhuna hakim kəsilir. Əcəmi seyrəngahı sanki bir tarix kitabıdır. Addımbaaddım vərəqlənir, doğma diyarımızın tarixindən, maddi və mənəvi dəyərlərindən, bugünkü inkişaf tempindən danışır. Memarlıq abidələrimizlə – Möminə xatın türbəsi, eləcə də Açıq Səma Altında Muzeydə nümayiş etdirilən daş heykəllərlə tanış olmaq istəyənlər çox idi. Onu da qeyd edək ki, burada tam başqa bir mənzərə var. Buradan günbatan istiqamətə baxdıqda kilometrlərlə uzaqda səssizcə axan Araz çayı insanın ruhunu sakitləşdirir. Çayın sahilinə qədər yan-yana düzülmüş yaraşıqlı evlər görünür göz önündə. Bu da parkda istirahət edən insanlar üçün bənzərsiz mənzərədir. Gülkarlıqlar insanı valeh edir. Bu gözəllik seyrəngaha üz tutan hər kəsi qaçılmaz cazibəsinə salır, ovsunlayır, qəlbində təzə-tər duyğular oyadır, insanı mənən, ruhən saflaşdırır. Və hər kəs etiraf edər ki, Əcəmi seyrəngahını gəzdikcə yorulmursan, baxdıqca gözəlliklərdən doymursan. Ağacların altında sıra ilə düzülmüş oturacaqlarda əyləşib söhbət edən, kitab oxuyan adamların üzündən rahat istirahətin verdiyi xoş ifadəni duymaq heç də çətin deyil.
“Şəlalə” istirahət yeri Əcəmi seyrəngahına ayrı bir gözəllik qatır. Seyrəngahın əvvəllər yararsız vəziyyətdə olan bu guşəsi aparılan quruculuq işlərindən sonra yaraşıqlı bir görkəm alıb. İstirahət guşəsinin əsas hissələrində – şəlalənin başlanğıcı və sonunda yaradılmış fəvvarələrin quruluşunda, yarımdairə şəklində hazırlanan gəzinti meydançalarında, istinad divarlarında adi daşlardan yaradılan ornamentlərdə Əcəmi sənətinin nəfəsi duyulur. Seyrəngahdakı qaynarlığı görəndə ötən əsrin 90-cı illəri yadımıza düşür. Seyrəngah boş və kimsəsizdir, işıqlar da sönüb. İndi isə axşam olduğunun belə, fərqinə varmırsan. Hər tərəfdə bərq vuran işıqlar fərqli bir mənzərə yaradıb. Əcəmi seyrəngahı təkrarolunmaz memarlıq nümunəsinə çevrilib. Buradakı tarixilik müasirliklə vəhdət təşkil edir.
Şəhərimizin sahəcə böyük olan və elə buna görə də “Böyük bağ” adlandırılan parkı da gecənin qaranlığında itməyib. Tarixə meydan oxuyan bu bağda sıx yaşıllıq buranın daimi sərinliyini təmin edir. Bu yaşıllıqlar insanların əsəblərinin sakitləşməsinə, psixoloji cəhətdən rahatlanmasına təsir göstərir. Alimlər də sübut ediblər ki, yaşıl rəng sakitləşdirici təsir gücünə malikdir. Bu parklardakı yaşıllıqlara baxmaqla gözlərin yorğunluğunu çıxarmaq, beyinin dincliyini təmin etmək olur.
Binaların önündəki parklardan da fotolar çəkdik. İftar süfrəsindən sonra insanlar binaların həyətinə axışıblar. Naxçıvan şəhərinin “Çənlibel” məhəlləsində getdikcə bir qaynarlıq olur. Qeyd edim ki, burada 14-ə yaxın bina var. Həmin binalar ötən əsrin 80-ci illərində tikilib. O vaxtlar binaların önü toz-torpaq, palçıq içində itib-batırdı. Binaların önündəki qarajlar, primitiv qaydada salınmış ticarət obyektləri çoxluq təşkil edirdi. İndi bu məhəllə də quruculuq meydanına çevrilib. Parklar salınıb, insanların istirahəti üçün hər cür şərait yaradılıb. Təmir olunmuş bu binalar bir başqa görünür sehrli gecənin işığında. Yolları parlaq nura qərq edən gecə lampaları göy üzündə sayrışan ulduzlara bənzəyir.
... Axşamdan xeyli keçib. Göy qaranlıq, səma buludlu olsa da, bərq vuran gecə fənərləri göydən qopub yerə qonan ulduzları xatırladır. Bu həzin və kövrək səhnələrdən heç kim ayrılıb evinə getmək istəmir. Bu anda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 85 illik yubiley tədbirindəki çıxışında dediyi sözlər yadıma düşür: “Muxtar respublikada yaradılmış elektrik stansiyaları həm daxili tələbatı tam şəkildə ödəyir, eyni zamanda Naxçıvan bu gün qonşu Türkiyəyə elektrik enerjisi ixrac edir. O Naxçıvan ki, əvvəllər qaranlıq, zülmət içində yaşayırdı. Bu gün Naxçıvan nurlu, işıqlı şəhərdir”.
Həqiqətən də, keçmişə nəzər saldıqda gözlərimiz önündə ayrı bir mənzərə canlanır. Gecələri zülmət, evləri işıqsız, küçələri qaranlıq olan Naxçıvanın bugünkü gözəlliyindən fəxrlə danışılır, qürurla söhbət açılır. Naxçıvanlılar indi gecələri də gündüz kimi yaşayırlar. Bir-birindən gözəl binalar, məktəblər, yaraşıqlı müəssisələr işıqlandırma sistemləri sayəsində olduqca zərif və gözəl görünür. Bütün bunlar isə Naxçıvanı dünyada tanıdır, ona doğru yönəlmiş baxışları öz üzərində saxlayır. Əzəmətli torpaq isə əzəmətli görünür: gecə-gündüz fərq etmədən...
Sara ƏZİMOVA
Əli XUDİYEV ( foto )