Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti” mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərindəki “Ana dili” abidəsi önünə gül dəstələri qoymuşlar.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur.
Bildirilmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas amili kimi daim diqqət mərkəzində saxlamışdır. Hələ sovetlər dövründə Moskvanın təzyiqlərinə baxmayaraq, xalqımızın böyük oğlu Heydər Əliyev böyük cəsarətlə 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit olunmasına nail olmuşdur.
“Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması öz əksini tapmışdır”, – deyən nazir əlavə etmişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı Ana dilimizin inkişafında, onun işləklik arealının genişlənməsində, qanun və qaydalarının, ədəbi dil normalarının tətbiqində mühüm əhəmiyyətə malikdir. Bundan sonra “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun qəbul edilmiş, 2003-cü il 2 yanvar tarixli Fərmanla adıçəkilən qanunun ölkəmizdə tətbiqinə başlanmışdır.
Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dilşünas alimlər tərəfindən Azərbaycan dilinə, onun tədqiqat sahəsi olan dilçilik elminin günün tələbləri səviyyəsində inkişafına göstərilən diqqət və qayğının bariz ifadəsi kimi dəyərləndirilməkdədir.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev çıxış edərək Ana dilində yaranmış bədii nümunələrdən və dilimizin keçdiyi tarixi inkişaf yolundan danışmışlar.
Tədbirin sonunda “Ulu öndər Heydər Əliyev və Azərbaycan dili” adlı sənədli film nümayiş olunmuşdur.
Əli RZAYEV