25 Dekabr 2024, Çərşənbə

Naxçıvanı qoruyan rəmzlər silsiləsindən VII yazı

Maraqlıdır ki, elə bu bulaqlardan birinin adını xalq arasında bəzən “sirli su” kimi izah edirlər. “Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvanda Azərbaycanın mineral su ehtiyatının 60 faizi toplanıb. 5,5 min kvadratkilometr ərazidə 250-dən artıq mineral su mənbəyi vardır. Dünyada ikinci bir yer yoxdur ki, Tanrı bu qədər ərazicə kiçik, mahiyyətcə böyük diyarda belə bir möcüzə yaratsın.
Hələ orta əsr səyyah və coğrafiyaşünaslarının əsərlərində Naxçıvan ərazisindəki sular, onların özünəməxsus xüsusiyyətləri haqqında məlumatlar yer alıb. Tanrının bu isti torpaqlarda məskunlaşan insanları qurtarmaq, qorumaq, ən ağır xəstəliklərdən və bəlalardan hifz etmək üçün bəxş etdiyi bu sular zaman keçdikcə həm də Naxçıvanın rəmzinə çevrilib. Bu gün artıq dünya bazarına milli brend kimi çıxarılan “Sirab”, “Badamlı” brendləri, müalicəvi əhəmiyyətli Darıdağ mineral suyu isə, yəqin ki, bu sular içərisində böyük sirri daşıyan üçlük hesab edilə bilər. “Naxçıvanı qoruyan rəmzlər” silsiləsindən VII yazımızı hazır­lamaq haqqında düşünərkən qəzetimizin elektron poçt ünvanına Naxçıvandakı mineral suların tibbi xüsusiyyətləri və müalicəvi əhəmiyyəti ilə bağlı gələn bir yazı ilə ta­nışlığımız da bizi bu üç mineral bulağın Naxçıvanı qoruyan rəmzlər simvolikasında özünəməxsus yer tutduğuna inandırdı.

Nuhun qədəm basdığı müqəddəs torpaqlarda bir Zəm-zəm misallı ortaya çıxan bu üç mineral bulaq (Badamlı, Sirab və Darıdağ) 6 tip, 16 sinif və 33 növə ayrılan 250-dən artıq mineral sular arasında niyə seçildi? Bu bulaqların yerləşdiyi üç nöqtəni xəritədə gözəyarı xətlərlə birləşdirdiyimiz zaman məhz qibləni göstərən bir üçbucağın yaranması təsadüfdürmü? Axı bu dünyada, əslində, təsadüf deyə heç nə olmur. Sadəcə, bəzi suallar olur ki, onların “niyə”sini tapmaq olmur. Onlar ona görə mövcud olurlar ki, insan düşünsün, ibrət alsın. Bizə məlum olan isə bu üç bulağın yazımızın sonunda ikinci müəllif kimi qeyd etdiyimiz müəllif tərəfindən göndərilən yazıda yer alan müalicəvi xüsusiyyətləridir. Bizə məlum olan Badamlıda təkcə bir bulağın istismar ehtiyatlarının orta hesabla 690 min litr, Sirab mineral bulaqlarının toplam 1646 min litr, Darıdağ balneoloji təyinatlı Mineqorsk tipli suyunun isə 4507 min litr təsdiq edilməsidir. Hidrogeoloqların isə birmənalı şəkildə təsdiq etdikləri bir məqam var: Naxçıvan Muxtar Respublikası ərazisində bu və ya digər mineral su yataqlarının istismar və proqnoz ehtiyatları bu rəqəmlərdən dəfələrlə yüksəkdir. Bu mənada bu sular sanatoriya-kurort müəssisələrinin inşası üçün etibarlı hidromineral baza, kimya sənayesində, içməli su təchizatında, ucuz elektrik enerjisi və təbii qazlar, həmçinin spesifik mikroelementlərin alınmasında istifadə edilə biləcək Tanrı möcüzəsidir. 
Şahbuz rayonunda eyniadlı ərazidə səthə çıxan “Badamlı” bulağının mənbəyi dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. “Badamlı” bulaqlarının XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxması bəlli bir tarix kimi qeyd olunsa da, ondan əvvəlki dövrdə bu bulaqların harda və necə üzə çıxdığını kimsə bilmir.
Hazırda nəinki ölkəmizdə, ölkəmizin sərhədlərindən kənarda da istehlak edilən, alıcıların rəğbətini qazanan və milli brendə çevrilməkdə olan “Badamlı” mineral suyu süfrə suyudur. Onun tərkibində bir sıra mikroelementlər var ki, buna görə o, qiymətli təbii müalicə vasitəsi hesab olunur. İmmunitetin zəifləməsi, tez-tez infeksiyalara yoluxma, müxtəlif orqanların, o cümlədən dərinin iltihabi prosesləri zamanı “Badamlı” suyu müalicəvi əhəmiyyət kəsb edir. Bundan başqa, tərkibindəki sink elementi “Badamlı” mineral suyunu ateroskleroz, ürək xəstəlikləri, xərçəng, ar­tritlər, diabet, mədə yarası zamanı da faydalı edir.
“Badamlı” mineral suyu yuxarıda göstərilən xəstəliklərlə yanaşı, həm də bronxial-astma, pnevmaniyalar, bruselloz xəstəliyi zamanı da faydalı olur.
Adının etimologiyalarından biri də “sirli sular” olan “Sirab” mineral su yatağı Naxçıvan Muxtar Respublikasının şimal-şərqində, Babək rayonunun Sirab kəndi ərazisində, Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə, dağ ətəyində yerləşir. “Sirab” mineral su yatağı, əsasən, 3 yeraltı mineral su hövzəsindən ibarətdir. Həmin hövzələr Şorsudərə, Kəlbəağıl və Kütandağ mineral su hövzələridir. Qeyd etdiyimiz etimologiyanın nə qədər həqiqətə uyğun olub-olmadığını bilməsək də, “Sirab”ın bizə bəlli olan sirri bu suyun insanlar tərəfindən həm daxilə, həm də xaricə istifadə edildikdə qan dövranını, tənəffüsü, regenerasiyanı, ürək fəaliyyətini yaxşılaşdırması, mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu kimi əhəmiyyətli olması, bundan başqa, dilin dad reseptorlarının həssaslığını yüksəltməsi­dir. “Sirab” mineral suları aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergik xəstə­liklərə səmərəli təsir edir. Bu su, eləcə də rayon ərazisindəki digər mineral sular həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı tətbiq edildikdə müsbət nəticələr əldə olunur.
Darıdağ mineral suyu tərkibindəki elementlər sayəsində qan dövranını və qanın laxtalanmasını yaxşılaşdırır, hüceyrələrin oksigen təchizatını yaxşılaşdıraraq onları cavanlaşdırır, xırda damarlarda qan dövranını yaxşılaşdırır. Orqanizmin istənilən nahiyəsində iltihabi proseslərin sağalmasını və toxumaların regenerasiyasını sürətləndirir.
Darıdağ mineral sularının dəmir elementi ilə zənginliyi onun anemiya xəstəliyi zamanı istifadəsini arzuolunan edir. Darıdağ sularının tərkibi həm də yod elementi ilə zəngindir. O, qalxanabənzər vəzinin hormonu tiroksinin sintezi üçün zəruridir. Bu suların həmin vəzin hipofunksiyası zamanı tətbiqi müalicəvi əhəmiyyətə malikdir.
Tüklərin tökülməsi, səpgilər, tənəffüsün pisləşməsi, tezyorulma, infeksiyalara davamsızlıq və sair zamanı Darıdağ mineral suları çox faydalıdır.
Darıdağ mineral suları mərgümüşlü (As) sular kimi tanınır. Mərgümüş az dozada qan yaranmasına, maddələr mübadiləsinə, toxumaların inkişafına, sümüklərin qalınlığına müsbət təsir edir, orqanizmin davamlılığını artırır. Bütün dünya tibb elmi üçün maraqlı olan isə tamam ayrı məqamdır. Bu suyun tərkibindəki mərgümüş düzgün istifadə olunduqda xərçəng hüceyrələrinin inkişafını dayandırır.
Ümumilikdə isə Nuh yurdu Naxçıvanın ərazisindəki mineral suların müalicəvi xüsusiyyətləri yüzlərlədir. Bu isə bu diyarın bir daha müqəddəslik məkanı olmasının göstəricisidir.
Bu da 7-ci rəmz. Biz yeddi yazımızla “İn-anna”dan – “Möminə xatın”a...” qədərki türkün qadın-ana fəlsəfəsinin sirrini, “Su-mərlərdən Gəmiqayaya...” qədərki insanlığın qurtuluş fəlsəfəsini, “Yeröncək”dən Əlincəyə, yaxud ilk məskəndən son istinadgaha” qədərki azadlığı, kimliyi və torpağı uğrunda savaşmağın müqəddəsliyi­­ni öz baxışlarımıza görə şərh etməyə çalışdıq. “Əsha­bi-Kəhf”in sirri və yaxud “Qurani-Kərim”də mağara sahiblərinin sayı ilə bağlı mübahisələr nəyə işarədir?” deməklə göndərilən üç tək­allahlı dinin insanları birliyə səsləməsindən, çıraq işıqlı gecələrin nurlu sabahlarından danışdıq. “Nuhun “Hira”sı İlandağ, yaxud Haçadağ”ın havasını udmağa qalxdıq, Naxçıvana baxdıq və ana Vətən dediyimiz Azərbaycanın hər bir parçasının, hələ ayrı düşüb başını dik tutan bir parçasının daha müqəddəs olduğunu anlatdıq. “Naxçıvanı nəzərdən qoruyan Duzdağı”dır dedik, bununla da, bu diyarı sevməyənlərin, bu diyarı aldığı hansısa pullar hesabına “tənqid” obyektinə çevirmək istəyənlərin gözünə və yarasına “duz basdıq”. “Naxçıvandakı 3 bulağın sirri” dedik, su səpdik, sudan danışdıq. Diqqətlə oxuyanlar biləcəklər ki, əslində, biz bəşəriyyətin ikinci başlanğıcını götürdüyü torpaqlarda 4 başlanğıcın – torpağın, odun, havanın və suyun fəlsəfəsini hədəf almışdıq.

Elnur KƏLBİZADƏ
Jalə GÜLƏHMƏDZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR