25 Dekabr 2024, Çərşənbə

Çağdaş Azərbaycan şerində qüdrətli qələmi ilə milyonların qəlbinə yol tapan Xalq şairi Məmməd Araz yüksək poetik dilə malik bir sənətkardır. Onun poeziyası vətəndaş lirikasının ən gözəl nümunələri olub, mövzu və məzmunca rəngarəngdir, qollu-budaqlıdır. O, hər nədən yazırsa-yazsın, vətəndaş mövqeyindən çıxış edir, inamlı və məsləkli bir poeziya dünyası yaradırdı.
Onun yaradıcı­lığını xarakterizə edən əsas cəhətlərdən biri sözdən məharətlə istifadə etməsi, kəşf etdiyi söz planetini ustalıqla idarə etməsidir. M.Arazın şairlik qüdrəti sözünün gücündə və hikmətindədir. Onun dilində söz diridir, canlıdır. Şairin hər sözü, hər misrası poetik tapıntıdır. İstedadlı şair hər adi söz və ifadəyə, misraya elə poetik çalar, elə rənglər vurur ki, oxucu onu ədəbiyyatda tapıntı kimi görür, onun söz dünyasına heyran qalır. Bu söz dünyası şairin şöhrət tacıdır. O, hər nə deyirsə, tutarlı deyir; ən əsası, heç kimin deyə bilmədiyini deyir, yersiz söz işlətmir, sözün qədir-qiymətini dərindən dərk edir, az sözlə dərin məna ifadə etməyi bacarır, sözü düzgün ünvanlandırır:

 

            -söz hər şeyə qadirdir:
            -dünyanın sözüdü dünyanın özü.
            -söz çəkməyə sözdən düzgün tərəzi yoxdur.

            Yaxud:

            -düz sözdür dünyada sözdən baha:
            -söz yamaq götürmür, söz yamaq olmur və sair.

Məmməd Araz yaxşı bilirdi ki, söz ucadır, söz uludur, söz insanın yaradıcı təfəkkürünün məhsulu, şairin istedad və bacarığının göstəricisi, onun şairlik dərəcəsinin barometridir. Şair “Yoxdu sözlüyümdə sözdən artıq ayrı dən”, “Qəlbimin səsindən sözüm doğulub” deyərək ürəyinin sözsüz dayana bilmədiyini, onun söz üstə yandığını bildirir:

            Ürəyim söz üstə yanır bayaqdan:
            “Ömrünü şerə ver, şerə qat” deyir.

Məmməd Araz sözü yerində, sənətkarcasına işlətməyi bacaran şairdir. Onun söz, sənət dünyasının qaynaqları, özünün etiraf etdiyi kimi, “Vətən ilə böyüyüb başa çatdığı el ilə, oba ilə bağlı”dır. Şairin fikrincə, “Söz insanı Günəşə də ucalda bilir”, “Sözlə qılınc çəkmək, könüllər almaq olar”, “Söz insan qəlbinə, insan duyğularına təsəlli ola bilər”, “Söz gərək oxkeçməz qayalardan keçə”, “Söz gülləsi elə dəyir ki, ağrısı görünür, özü görünmür”.
İstedadlı qələm sahibi “Söz meydanım bu Muğandı, bu Mildi” deyərək şerinin nüvəsini yurdun isti qoynunda axtarır, ana yurda üz tutub onun hər daşında bir söz yaşadır:

            Ana yurdum, hər daşına üz qoyum,
            Hər dərəndə çaldığım saz yaşayır.
            Kimi sənin çiynində,
            Sən kiminin...
            Şöhrətini yaşadan az yaşayır.

Məmməd Arazın yaradıcılığında həyat hadisələrinə fəal münasibət, Vətən torpağının gözəlliklərinə həqiqi övlad məhəbbəti böyük vətəndaşlıq qüruru ilə tərənnüm olunur:

            Yenə gördüm gördüyümüz dağları,
            Nəfəsindən əriyirdi dağ qarı.
            Yenə elə durnaların qatarı
            Yenə elə dərə, düzən dünyadı –
            Dünya gözəl, dünya gözəl dünyadı.

Görkəmli şair sözün qüdrətini onun doğru­luğunda görür, doğru sözü daha kəsərli, daha qiymətli hesab edir, sözü qənirsiz gözəli kimi sevir, doğru sözü həyatının ali məqsədi hesab edirdi:

            Söz qənirsiz gözəlimdi,
            Düz yolumdu, düz əlimdi.
            Neylədim ki, öz əlimdən
            Öz əlimə çəpik çıxmaz.

Məmməd Araz “Köhnə qafiyələr – çaylaq daşları” şerində yazır ki, sözü dildə əridib ona qol-qanad vermək lazımdır. Lüzumsuz sözlər işlədib ağıza gələni demək ağıldan deyil... O, “yovşanı” “dovşana”, “yalançını”, “talançını” “palançıya”, “axuru” “naxıra”, “ürəyi” “dirəyə” qafiyə edib sözləri buxovlayanlara üz tutaraq deyirdi:

            Şairlər, sözləri buxovlamayın,
            Gəlin yığışdıraq qafiyələri.
            Təzə fikirlərə yaxın qoymayın
            Üzülmüş, süzülmüş qafiyələri.

Məmməd Araz böyük sənətkar M.Füzuliyə müraciətlə yazdığı “Artıran söz qədrini...” şerində sözün qiymətdən düşdüyünü, “sözün qəddinin əyildiyini” yanğı ilə yazır:

            Biz artıra bilmədik sözün qədrini, ustad!
            Əydik də qamış kimi sözün qəddini,ustad!..
            Sözə əhya vermədik, sözü şeypur elədik;
            Biz düzəldə bilmədik sözün qəddini, ustad!

Məmməd Araz hər sözdə bir nəfəs, bir ucalıq görür, hər sözə bir şair qəlbi ilə yanaşır, sözü uca görür, onu biçim-biçim düzür, saralmağa, solmağa qoymur, ona görə də şairin dilində söz həmişə canlı olur, saralıb-solmur, təravətdən düşmür, geniş oxucu kütləsi onu oxuyur və dərindən duyur. Bu duyum sözü insana sevdirir; bu duyum sözün gücünü oxucuya açıq-aydın göstərir. Buna səbəb şairin hamıya məlum olan sözlərin məna çalarını, poetik tutumunu ustalıqla mənalandırmasıdır. Şair “Dünya sənin, dünya mənim...” şerində yazır:

            Bir taleyin oyununda cütlənmiş zərik,
            Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
            Bir zərrənin işığına milyonlar şərik,
            Dünya sənin,
            Dünya mənim,
            Dünya heç kimin...

Bu hal “Nə bilim” şerində də öz əksini tapır:

            Səndən mənə bir ömürlük xatirə,
            Məndən sənə nə qalacaq, nə bilim?
            Çətin bir də daş üstə daş bitirəm,
            Niyə uçdu bu qalacıq, nə bilim?..

O, dilində hər sözü çeşidləyir, sözü məna yuvasına düzgün ünvanlayır:

            Öz ömrümü şum elədi öz əlim,
            Yazında gül, payızında xəzəlim...
            Mən Arazda şaxələnən çinardım,
            Ömrü boyu tufan əydim, su yardım.

            Yaxud:

            Mən tale-bəxt oyununda naşıyam,
            Bu torpağın yumruq boyda daşıyam.

            Hansı qəlbə qıfıl vurdum, açdım, açarım itdi,
            Boz dumanla həmdil oldum, qatarım itdi –

kimi məna dolu təsvir vasitələri, təşbeh, metafora və mübaliğələrdən elə ustalıqla istifadə edir ki, oxucu bu cür məcazları ancaq M.Arazın dilində görür.
Görkəmli sənətkarın dili Azərbaycan ədəbi dilinin normalarına uyğun, canlı danışıq dilindən seçilib poetik məna ilə canlandırılan bir dildir. Onun dilində konkret leksik vahidlər, zəngin söz birləşmələri, sözlər arasında sintaktik əlaqələr elə sıx bağlanır ki, bu komponentləri bir-birindən ayırmaq, bundan başqa söz birləşməsi tapmaq haqqında düşünmürsən. Məsələn: “qəpik davası”, “çəpik davası”, “sümük davası”, “yal davası”, “sözün odu”, “sözün közü”, “selin tufanı” və sair.

            Gedir yal davası, sümük davası,
            Gedir vurhavurla çəpik davası,
            Gedir milyonçunun qəpik davası,
            Çürük fikirlərin çürük davası.
            Dünya düzəlmir ki, düzəlmir, baba!

Xalq şairi Məmməd Arazın şeir adları da sözün qüdrətindən yaranmışdır. O, şeirlərinə ad verərkən bu şerin adının milli səciyyəsinə, bitkin, yığcam olmasına, konkret və dərin məna tutumuna diqqət etmiş, şeir adını birbaşa əsərin məzmunu ilə əlaqələndirmişdir. Onun şeirlərinin adı estetik məziyyətinə, məna çalarına görə oxucunu özünə çəkir. Oxucu şairin nə demək istədiyini, şerin nədən bəhs etdiyini şerin adından oxuyur. Məsələn: “Ayağa dur, Azərbaycan!”, “Ata millət, ana millət, ağlama”, “Azərbaycan – dünyam mənim”, “Vətən mənə oğul desə...”, “Dünya düzəlmir”, “Bu millətə nə verdik ki?”, “Məndən ötdü, qardaşıma dəydi”, “Babək qılıncı”, “Bizi Vətən çağırır” kimi şeir adları xalqın tarixi taleyi, azadlıq uğrunda mübarizəsi ilə bağlı olduğunu diktə edir. “Ana yurdum, hər daşına üz qoyum”, “Dağlar”, “Dağlar məni tanımadı”, “Dağlar küsüb”, “Qanadlı qayalar”, “Daş qartal”, “Daş harayı”, “Qızıl qaya”, “Məmməd Araz qayası”, “Çoban çörəyi, çoban ürəyi”, “Bu yerlər, o yerlər”, “Çinarla söhbət” kimi şeir adlarında ana təbiətin gözəllikləri tərənnüm olunur, insana saflıq, təmizlik, gözəllik, əzəmət, vüqar verən dağ adları sərgilənir. Şairin “Söznən zarafat eləmə”, “Artıran söz qədrini...”, “Yoxdu sözüm, yoxdu daha” kimi şeir adlarında sözün hikməti, sözün qüdrəti oxucuya çatdırılır, “Təəssüfə təəssüf”, “Bu tərifə inansam”, “Qurd xasiyyəti”, “Bir natiqə tövsiyə” və sair şeir adlarında cəmiyyətdə özünü göstərən mənfiliklərə qarşı etiraz səsləri ucalır.
Məmməd Arazın şeir adlarında elinə, obasına, xalqına olan məhəbbəti, obrazlılıq, bədiilik öz əksini tapmış, şeir adları yığcam, düşünülmüş söz və söz birləşmələri əsasında verilmişdir: “Ulu şahım, qılıncına söykənim!”, “Yaşamağa nə var ki?”, “Mən Araz şairiyəm”, “Ad günümə”, “Ay Allah”, “Ata ocağı”, “Şuşada bir gecə”, “İnsan qayalar”, “Şöhrətə atılan güllə”, “Ağarma, saçım, ağarma!”, “Nənəmin kitabı”, “Bulaq başında”, “Dənizçi”, “Kəklik”, “Ayrılıq”, “Şerim”, “Ötən günlər”, “Durnaları dönməz oldu”, “Əl dəydi, çaxmaq daşıyam”, “Gecə nağılı”, “Vəsiyyət”, “Haqqın yoxdu, haqqın var”, “Nə bilim” və sair kimi şeir adlarında şair qəlbinin çırpıntıları duyulur.
Məmməd Araz ata-babalarımızın müdrikliyinə, adət-ənənələrimizə bağlı bir şair olmuşdur. Onun şeirləri dillər əzbərinə, mahnılara, nəğmələrə çevrilir. Bu da ondan irəli gəlir ki, M.Araz doğma yurdun uca dağlarını, buz bulaqlarını, dağ döşündə sürünən dumanı, kəhrəba zəmilərini, hər kiçicik daşını, qayasını öz gözü ilə görüb qəlbinin hökmü ilə poetikləşdirmişdir. O, dilin lüğət tərkibinə, söz yaradıcılığına məsuliyyətlə yanaşmış, oradakı sözləri arayıb axtarmış və poetik dilin zənginləşməsi qayğısına qalmışdır. Şair “Atamın kitabı” poemasında yolpa, güzəm, yumaq sicim, cəhrə, iy, samı, dəryaz, oraq, cüt, hodax və sair kimi onlarla sözü ustalıqla bədii dilin materialına çevirmiş, belə sözlərə təzə libas geyindirmiş, beləliklə, onları unudulmağa, sıradan çıxmağa qoymamışdır.

Xalq şairi Məmməd Arazın torpağa, yurda bağlılığı “adı dünyanın xəritəsində olmayan, gözlərdən uzaq, könüllərdən iraq, sulu bulaqları, çaylı, baldırğanlı təbiəti olan” Nursudan başlayıb. Odur ki, sevimli şairin poeziyasında doğulub boya-başa çatdığı Nursu kəndinin ab-havası, Şahbulağın, Yeddibulağın təmiz suyu, Çadırdaşın, Novlunun çəmənlikləri, Toğluqaya, Qoyunlubaba, Motalqaya kimi göylərə bülənd zirvələri görünür. Burada ən uca zirvə Məmməd Arazın sənət zirvəsidir. Bu zirvə gəlimli-gedimli dünyanın hər yerindən görünür.

Adil BAĞIROV
filologiya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR