Bu gün muxtar respublika həyatının bütün sahələrini əhatə edən inkişaf və tərəqqi regionun mədəni həyatında bütün çalarları ilə özünü daha qabarıq şəkildə göstərməkdədir. Bunu Kəngərli rayonunun timsalında da görmək mümkündür. Bölgədə yüksək səviyyədə hazırlanaraq həyata keçirilən mədəni-kütləvi tədbirlər, əlamətdar günlərlə bağlı ədəbi-bədii kompozisiyalar siyasi-ideoloji və bədii-estetik baxımdan diqqəti çəkir.
Bölgənin mədəni həyatı ilə yaxından tanış olmaq üçün bu günlərdə Kəngərli rayonuna üz tutduq. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kərim Qazıbəyovla həmsöhbət olduq. Şöbə müdiri bildirdi ki, rayonda 1 mərkəzləşdirilmiş kitabxana və onun 11 filialı, Tarix-Diyarşünaslıq Muzeyi və Şahtaxtinskilər Muzeyi, 2 Uşaq Musiqi Məktəbi, rayon Mədəniyyət Evi fəaliyyət göstərir. Bundan əlavə, 5 kənd mədəniyyət evi, 5 kənd klubu Kəngərli rayon sakinlərinin xidmətindədir. Onu da qeyd edək ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirləri bu bölgənin mədəniyyət müəssisələrini də əhatə etmiş, rayonun Şahtaxtı, Qarabağlar, Çalxanqala, Yeni Kərki, Qabıllı, Böyükdüz, Təzəkənd və Xıncab kəndlərindəki mədəniyyət müəssisələri müasir binalarda yerləşdirilmişdir. 2012-ci il may ayının 30-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, rayon Mədəniyyət Evinin açılışı rayon sakinlərinin uzun müddət yaddaşında yaşayacaq. Bu ünvanlarda yaradılmış hərtərəfli şəraiti onlar insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün göstərilən böyük qayğı kimi dəyərləndirirlər. Məlumat üçün bildirək ki, adıçəkilən parkın ərazisində yerləşən ikimərtəbəli Mədəniyyət Evinin sahəsi 1743 kvadratmetrdir. Binanın birinci mərtəbəsində inzibati otaqlar, 286 yerlik tamaşa zalı, ikinci mərtəbədə 6 inzibati otaq, dekorasiya və qrim otaqları istifadəyə verilmişdir. Mədəniyyət Evinin foyesində bir neçə sərgi təşkil edilmişdir. Bunlardan biri ümummilli liderimizin həyat və siyasi fəaliyyətini özündə əks etdirir. Sərgi zənginliyi ilə diqqəti cəlb edir. Dahi rəhbərə böyük hörmət və ehtiramın ifadəsi olan sərgidə ulu öndərin mədəniyyətin inkişafına göstərdiyi qayğı da öz əksini tapmışdır.
Digər bir sərgi isə rayonun yarandığı dövrdən bu günədək olan sosial-iqtisadi inkişafının göstəricilərini qəzet, kitab materialları, bukletlər və fotoşəkillərlə əks etdirir. “Şəhidlər unudulmur” adlı sərgi torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış soydaşlarımıza həsr olunmuşdur. Gənclərdə Vətənə məhəbbət hissini gücləndirmək baxımından diqqəti cəlb edən sərgidə bu bölgədə boya-başa çatan və şəhidlik zirvəsini fəth edənlər haqqında geniş məlumat verilir.
Mədəniyyət Evinin nəzdində bir neçə dərnək fəaliyyət göstərir. Rəsm, keramika, bacarıqlı əllər, biçmə-tikmə, toxuculuq, xalçaçılıq dərnəkləri üzvlərinin hazırladıqları maraqlı və gözoxşayan əl işlərindən ibarət sərgilər təşkil edilir.
Öyrəndik ki, rayon Mədəniyyət Evinin nəzdində bir neçə musiqi kollektivi yaradılmışdır. “Gülüm hey” folklor qrupu, böyüklərdən və uşaqlardan ibarət “Yallı” kollektivləri, “Kəngər” instrumental, “Sazçı qızlar” ansamblları rayonun mədəni həyatında fəal rol oynayırlar. Həmin kollektivlər daim öz repertuarlarını zənginləşdirirlər.
“Gülüm hey” folklor qrupunun yaradılması, fəaliyyəti barədə bir qədər ətraflı danışmağa dəyər. Bu ansamblın yaradıcısı uzun illər Qarabağlar kənd mədəniyyət evində çalışmış Əsmər Tarverdiyevadır. Qrup bir vaxtlar toylarımızın, el şənliklərinin bəzəyinə çevrilmişdir. Lakin bir qədər sonra onun fəaliyyəti dayandırılmışdır. Muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafına göstərilən dövlət qayğısı yenidən bu qrupun fəaliyyətinə yaşıl işıq yandırmışdır. Yenə də Əsmər Tarverdiyeva qrupun fəaliyyətinin bərpa olunmasını öz üzərinə götürmüşdür. Rayonun müxtəlif kəndlərində yaşayan 10 nəfər istedadlı qız mədəniyyət evinə cəlb olunmuşdur. Sözləri yaşlı qadınlardan toplanılmış beş “Gülüm hey”ə quruluş verilmişdir. Yeni yaradılan folklor qrupunun rəhbəri Gülşən Qurbanovadır.
Bu gün “Gülüm hey” folklor qrupu muxtar respublikamızda yaxşı tanınır. Qrup 2008-ci ilin aprel ayında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Xalq yaradıcılığımız bu gün” adlı muxtar respublika folklor festivalında və ötən ilin iyul ayında keçirilən “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsində fərqləndiyinə görə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomlarına layiq görülmüş, hədiyyələrlə mükafatlandırılmışdır. Folklor qrupu yaradıcılıq axtarışlarını davam etdirir, bu məqsədlə ayrı-ayrı yaşayış məntəqələrində olur, yaşlı adamlarla görüşür, bir vaxtlar “Gülüm hey”in ifa etdiyi musiqi nömrələrinin sözlərini toplayır, repertuarın zənginləşdirilməsi qayğısına qalır.
Böyüklərdən ibarət “Yallı” ansamblının da fəaliyyəti diqqəti çəkir. Ansambl “Sarı gəlin” yallısının təkcə bu bölgəyə aid olan variantını üzə çıxarmış və onun nota köçürülməsi təmin olunmuşdur.
Həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilən kitablar mənəvi sərvətimizdir. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun filialları bu həqiqəti dərindən dərk edirlər. Ona görə də son dövrlərdə bu mədəniyyət müəssisələrinin fəaliyyətində bir qaynarlıq hiss olunur. Kitabxanalarda sərgilərin təşkil olunması, oxucu görüşlərinin, kitab müzakirələrinin keçirilməsi işinə diqqət artırılmışdır. Bu da kitabxana-oxucu əlaqələrinin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır. Yenilik kimi onu da qeyd edək ki, hazırda Mərkəzləşdirilmiş Kitabxana Sistemində kitabların elektron kataloqunun işlənilməsinə başlanılmışdır.
Rayon ərazisində biri dünya, biri isə yerli əhəmiyyətli iki tarixi abidə vardır. Bunlardan biri Elxanilərin (1256-1357) birinci hökmdarı Hülaki xanın 1256-1265-ci illərdə hakimiyyətdə olduğu zaman arvadı Quti xatının şərəfinə tikdirdiyi Qarabağlar türbəsidir. Türbənin həmin 9 illik dövr aralığında tikildiyi ehtimal olunur.
Rayonda mövcud olan yerli əhəmiyyətli abidə isə Şahtaxtı hamamıdır. Hamam İsa Sultan Şahtaxtinskinin babası İsa Sultan tərəfindən XIX əsrin ikinci yarısında tikdirilmişdir. Deyilənlərə görə, hamamı qızdırmaq üçün iki-üç bağ odun yandırılması kifayət edərmiş.
Rayon Tarix-Diyarşünaslıq Muzeyi bölgədəki maddi-mədəniyyət nümunələrinin etibarlı şəkildə qorunub saxlanılması, tədqiq edilib öyrənilməsi, təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli Sərəncamı ilə yaradılmışdır. 2007-ci ilin sentyabrından muzey yeni binada fəaliyyət göstərir. Muzeydə rayonun ən qədim dövrlərindən bu günədək tarixini özündə əks etdirən 2700-ə yaxın eksponat saxlanılır. Ekspozisiya zalında isə onlardan 723-ü nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında” 2010-cu il 9 fevral tarixli Sərəncamına uyğun olaraq, rayonun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyi yaradılmışdır. 2010-cu ilin may ayında istifadəyə verilən həmin muzeydə Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, parlamentarizmin, dövlət quruculuğu və hərb sənətinin inkişafında xidmətləri olan bir nəslin nümayəndələrinə aid 373 eksponat toplanılmışdır.
Rayonun Qıvraq qəsəbəsində və Çalxanqala kəndində uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Bu məktəblərdə fortepiano, tar, kamança, klarnet, qarmon, nağara, saz sinifləri üzrə 400-dən çox şagird musiqi təhsili alır. Hər iki musiqi məktəbi müasir tədris avadanlıqları ilə təmin olunmuş yeni binalarda yerləşir. Rayonun musiqi məktəblərində xalq çalğı alətləri, sazçalan qızlar ansamblları, xor kollektivləri və nəfəs alətləri orkestri fəaliyyət göstərir. Onu da qeyd edək ki, hər iki musiqi məktəbində dərs deyən ali və orta ixtisas təhsilli müəllimlərin çoxu ilk musiqi təhsillərini bu məktəblərdə alıblar.
Bu gün Kəngərli rayonunda mədəni həyat öz qaynarlığı ilə diqqəti çəkir. Bölgənin bu sahədə çalışan əməkdaşları öz işlərini günün tələbləri səviyyəsində qurmağa, yaradılan şəraitdən səmərəli istifadə etməyə, rayon əhalisinin asudə vaxtının səmərəli təşkilinə səy göstərirlər.
Muxtar MƏMMƏDOV