25 Dekabr 2024, Çərşənbə

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Ulu əcdadlarımızın bədii təfəkkür və yaradıcılığına yurdumuzun gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi böyük təsir göstərmişdir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Rəssamlıq təsviri sənətin bir növü olub, burada real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması və sair kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır.
Rəssamlıq insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə bölüşməyin ən maraqlı, ən gözəl yoludur. Rənglərin dili ilə danışan gənc bir rəssam kimi onu sevənləri hər dəfə yeni əsərləri ilə heyrətə salır Həbibə Allahverdiyeva. Azərbaycanın qədim diyarı Naxçıvanın dilbər guşələrindən biri olan Şahbuz rayonunun Külüs kəndində 1981-ci ilin iyun ayında anadan olan Həbibə Allahverdiyeva 1998-ci ildə orta məktəbi bitirib, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin təsviri incəsənət ixtisasına qəbul olunub. 2002-2004-cü illərdə pedaqogika tarixi və nəzəriyyəsi ixtisası üzrə magistratura təhsili pilləsində təhsil alıb. 2005-ci ildən isə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında müəllim vəzifəsində çalışır.

İncə, zərif barmaqlarının sehri ilə yaratdığı tablolar vasitəsilə sənətkarlar arasında imza qoymağa, öz yaratdıqları ilə Naxçıvan Dövlət Universitetində gələcək nəsillərin bu sahədən yararlanması üçün yeni səhifələr yaratmağa çalışır Həbibə Allahverdiyeva. Gənc rəssam natürmort, portret, kompozisiya janrlarına daha çox üstünlük verir. Bununla belə, o, müraciət etdiyi bütün janrlarda gözəl əsərlər yaradır. 2011-ci ildə çap olunan “Rəng­lərin sehri” adlı kitab-albomda gənc rəssamın rəngkarlıq və qrafika janrında işlədiyi mənzərələr, natürmort və portretlərdən seçmə nümunələr toplanıb. Bir-birindən maraqlı süjet xətti, kompozisiya quruluşu, işlənmə texnikası və rənglərinin zərif çalarları ilə fərqlənən əsərlərin mövzu dairəsi çox genişdir. Rəssamın xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Azərbaycanın sönməz Günəşi”, Türk dünyasının ulu öndər­ləri Heydər Əliyevə və Mustafa Kamal Atatürkə həsr edilmiş “Ümummilli liderlər”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti”, yazıçı-dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadəyə həsr olunmuş “Yeni əsər”, qədim Naxçıvan torpağının əzəldən ən məşhur rəmzlərindən sayılan “İlandağ”, “Qədim Nuhçıxan”, “Əlincə qalası”, bundan əlavə, təbiət gözəlliklərini tərənnüm edən “Çiçəklər”, “Gül və tikan”, “Ağ çiçəklər”, “Mənzərə” və sair əsərləri insanı düşündürür, tamaşaçıları ideya-məzmun istedadı ilə heyran qoyur.
“Örtüklü qadın”, “Payız düşüncələri”, “Avtoportret”, “Solğun çiçək”, “Qız portreti”, “Sevinc” və sair əsərlərində qadın zərifliyi öz incə cizgiləri ilə təsvir və tərənnüm olunur.
Həbibə Allahverdiyevanın əsərlərində yer alan mövzulardan biri də Vətən mövzusudur. Xüsusilə onun kənd mövzusunda çəkdiyi “Köhnə yuva”, “Yol”, “Yaz fəsli”, “Tənha ağac”, “Kənd mənzərəsi” adlı əsərləri doğma torpağa bağlılıq, elə, obaya sədaqət duyğuları aşılayan sənətkar qəlbinin yaradıcılıq nümunələri kimi diqqəti çəkir.
Azərbaycan Rəssamlıq Akademiyasının üzvü, Naxçıvan rəngkarlıq məktəbinin gənc nümayəndələrindən sayılan istedadlı və bacarıqlı Həbibə Allahverdiyevanın Amerika Birləşmiş Ştatlarının Ford Xatirə Kitabxanasında, ABŞ Avrasiya Konfransında, Dünya Ticarət Birliyində, ABŞ Təşəbbüskarlar Ticarət Sərgisində, Bakı şəhərində, Naxçıvan Dövlət Universitetində fərdi sərgiləri təşkil edilmiş və tamaşaçıların böyük marağına səbəb olmuşdur. Onun əsərləri 2003-cü ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən sərgilərdə özünə yer almaqdadır. 2009-cu ildə Türkmənistan Respublikasında, 2011-ci ildə isə Bakıda keçirilən sərgilərdə iştirak etmişdir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının baş müəllimi Həbibə Allahverdiyevaya yeni yaradıcılıq uğurları arzulayırıq.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR