Avqustun 30-da Türkiyə Cümhuriyyətinin dövlət teatrlarından biri olan Trabzon Dövlət Teatrı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı Uğur Saatçının “Bu da Geçer Ya Hu” əsərini teatrsevərlərə təqdim edəcək.
20 ildir, teatrsevərlərlə görüşən Trabzon Dövlət Teatrının muxtar respublikanın teatr səhnəsində çıxışını təşkil edən Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğundan qəzetimizə bildiriblər ki, Barış Erdenkin quruluş verdiyi tamaşa Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yerlərdən birini tutan 30 avqust Zəfər bayramının növbəti ildönümü münasibətilə nümayiş etdiriləcək.
Əsərdə əsrin əvvəllərində İstanbulun müttəfiq dövlətlər tərəfindən işğalı təsvir edilir. Gözlənilmədən işğal orduları komandanı admiral Qoldhartın yavəri vəzifəsini icra etməyə məcbur olan yüzbaşı Süha yoldaşları ilə çıxardığı satirik bir jurnalda admiralın başını balqabaq şəklində təsvir edir və jurnalın nəşri dayandırılır. Əsərdə Sühanın kiçik qardaşı Kamal və onun yoldaşı Falih obrazları da özünəməxsus şəkildə yaradılıb. Süha milli mübarizənin, Kamal və Falih isə nəşri dayandırılan jurnalın dərdinə düşərkən təsadüfən admiralın yaxın qohumu ortaya çıxır və planlar üst-üstə düşür. Anadolu alovlar içində yanarkən bir ovuc insan nələrsə etməyin yolundadır. “Bu da Geçer Ya Hu” işğal ağrısı çəkən İstanbulun hər nə bahasına olursa-olsun, mübarizə aparan insanlarının güldürən bir hekayəsidir...
Qeyd edək ki, illər öncə türklüyün daha bir şərəf tarixi yazılıb. Həmin tarixi gün – avqustun 30-u münasibətilə xalqa müraciət edən Mustafa Kamal Atatürkün “Böyük türk milləti! Ordularımızın qabiliyyət və qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi. Böyük zəfər sənin əsərindir” sözləri, ümumilikdə, Türkiyə üçün yaşam şüarına çevrilib.
Səbuhi HÜSEYNOV