Onun adını daşıyan hər məkan, küçə, prospekt, park ən azı onun sevdiyi dəyərləri özündə əks etdirməlidir. Bu mənada Naxçıvan şəhərindəki Heydər Əliyev prospektini qarış-qarış gəzsəniz, burada məhz ümummilli lider Heydər Əliyevin adına layiq obyektləri görə bilərsiniz. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə, dövlət quruculuğuna gedən yolda dayaq məntəqəsinə çevrilmiş, müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf xəritəsinin ilk cizgilərinin çəkildiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası, ulu öndərin adını daşıyan muzey, ümummilli liderin hər zaman xüsusi diqqət göstərdiyi elm məbədgahı – yaradıcısı olduğu AMEA Naxçıvan Bölməsi və sair.
Ulu öndər Heydər Əliyevin mədəniyyətə, incəsənətə, rəssamlığa xüsusi dəyər verdiyi, hətta bəzən maraqlı rəsmlər də çəkdiyi sirr deyil. İndi Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ucalan, memarlıq üslubuna və üzərindəki naxış elementlərinə görə bir az da fərqli olan bu bina – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin binası da məhz ümummilli liderin sevdiyi daha bir dəyərin nişanəsidir. Bu mənada bir zamanlar Gəmiqaya üzərində ilk rəsmləri çəkən əcdadların bugünkü davamçılarına ərməğan edilən bu binanın istifadəyə verilmə tarixi – 12 iyun da təsadüf ola bilməz. Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilən bu bina həm də ümummilli liderin qayıdışı ilə mədəniyyətimizin labüd süqutdan qurtulduğunun ifadəsidir.
“Həm də axı bu dünyada təsadüf deyə bir şey olmur!” Rəssamlar Birliyinin qapısını açıb içəri girmək istəyəndə küçədən ötən iki nəfərin söhbətindən bu cümləni eşidirəm. Hə, doğrudur. Bu gün Naxçıvanda mədəniyyətin, incəsənətin və xüsusilə rəssamlığın inkişafı da təsadüfi deyil. Bu inkişafın əsasında Gəmiqayada daşlar üzərində həkk olunmuş cizgilərdən başlayan, XII əsrdə Əcəmi Əbubəkr oğlunun memarlıq inciləri üzərinə ustalıqla həkk etdiyi naxışlarla davam edən, özünü Bəhruz Kəngərli yaradıcılığında maraqlı çalarları ilə əks etdirən ənənələr dayanır. Elə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu binanın istifadəyə verilməsi zamanı nitqində vurğuladığı kimi: “Tarixən Naxçıvanda rəssamlıq sənətinə böyük maraq olmuşdur. XII əsrdən başlayaraq Əcəmi Naxçıvani tərəfindən əsası qoyulan memarlıq məktəbinin təsiri altında memarlar, rəssamlar və digər dekorativ tətbiqi sənət ustaları yetişmiş, Naxçıvan məktəbi yaradılmışdır”.
Bu ənənələr indi daha da püxtələşib və mübaliğəsiz demək olar ki, dünyanın incəsənət tarixinə qızıl hərflərlə yazılacaq səviyyəyə gəlib çatıb. Həmişə “Naxçıvan, tarixinin üçüncü intibahını yaşayır” yazanda gözümün önünə məhz rəssamlarımızdan birinin çəkdiyi bir rəsm gəlir. İlk dəfə o rəsmə baxanda dostuma demişdim ki, bu rəsmi, yəqin, hansısa xarici ölkədən olan rəssam çəkib. O da gülümsəyib rəsmin müəllifini mənə göstərmişdi. O gündən həmişə bu rəsmlərin necə qorunub gələcəyə çatdırılacağı məni düşündürmüşdü. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin binasına daxil olub zirzəmi qatındakı yaradıcılıq emalatxanaları və rəsm əsərlərinin saxlanıldığı anbarla tanış olanda əmin oluram ki, burda nəinki o incəsənət nümunələrini qorumaq, hətta yaradılan şəraitdən istifadə edərək daha mükəmməllərini də yaratmaq olar. Binanın birinci mərtəbəsindəki iş otaqları ilə tanışlıq isə bura daxil olan insana xüsusi bir fikir aşılayır: burda fırçalar, rəsm əsərləri danışır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva ilə söhbətimizə də elə burda başlayırıq. Məni maraqlandıran sualları ünvanlamamışdan əvvəl stolun üstündəki kitablar diqqətimi çəkir. Vərəqi yenicə qatlanmış, yəqin ki, bizim gəlişimiz səbəbiylə oxunması yarımçıq qalmış kitabın üstünü oxuyuram – “Əcdadların izi ilə”. Məncə, elə bax bu məqam Naxçıvan rəssamlığının hansı yöndə inkişaf etdiyini, hansı ənənələri öyrənərək gələcəyə çatdırmaq istədiyini yetərincə dərindən izah edir.
Ülviyyə xanım deyir ki, indi Rəssamlar Birliyinin qarşısında duran əsas vəzifələrdən biri də Naxçıvan rəssamlığının ənənələrini davam və inkişaf etdirəcək istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir. Bunun üçün yeni tədris ilindən başlayaraq Rəssamlar Birliyi tərəfindən həftədə bir dəfə olmaqla ustad dərsləri keçiləcək. Həmçinin burada yaradılan emalatxanalarda praktik məşğələlərin təşkili mümkündür ki, bu da bu sahədə yeni olan gənclərə bacarıqlarını inkişaf etdirməyə imkan verəcək. Rəssamlar Birliyinin fəaliyyətində ikinci prioritet təşkil edəcək istiqamət isə xarici ölkələrin rəssamları və yaradıcılıq birlikləri ilə yaradıcılıq mübadilələrinin həyata keçirilməsidir. Əvvəllər Türkiyə Cümhuriyyətində yaşayıb-yaradan rəssamlarla birlikdə sərgilər təşkil edilirdisə, bundan sonra bu istiqamət daha da genişləndiriləcək. 2012-ci ildə təşkil edilən “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı Beynəlxalq Rəsm Festivalı bu sahədə uğurlu təcrübələrdən biri olub. Festivalda 4 ölkədən 24 rəssam iştirak edib, çəkilən 24 əsər Naxçıvan Dövlət Rəsm Qalereyasının daimi ekspozisiyasına hədiyyə olunub. Bu il avqust ayının 20-də isə türkiyəli rəssam Tamil Tuğrulun əsərlərinin məhz yenicə istifadəyə verilən sərgi salonunda sərgisinin təşkili nəzərdə tutulub. Eyni zamanda ölkə səviyyəsində – paytaxt Bakıda təşkil olunan sərgilərdə, müsabiqələrdə rəssamlarımızın, xüsusən gənclərin iştirakına diqqət yetiriləcək.
Söhbətimizi Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda davam etdiririk. Bu geniş və mükəmməl işıqlandırma sistemi ilə təchiz olunmuş salonda nümayiş etdirilən 100-ə yaxın əsər haqqında bizə məlumat verən Ülviyyə Həmzəyeva sərgilənən bütün əsərlərin məhz naxçıvanlı rəssamların əl işləri olduğunu deyir. Bu rəsm əsərlərinin hər birinin önündə durduqca, yaradılan şəraitlə, sərgi salonunun özü ilə tanış olduqdan sonra isə əmin olursan ki, Naxçıvan rəssamlığı və naxçıvanlı rəssamlar yeni bir incəsənət zirvəsini fəth etmək ərəfəsindədirlər. Bu zirvə isə Naxçıvan tarixinin üçüncü intibahının fırçaların dili ilə mükəmməl təsvirindən keçir. Düzdür, yaradıcılıq öhdəlik sevməsə də, artıq yaradılan bu şərait, göstərilən bu qayğı bunu rəssamlarımız qarşısında mənəvi bir vəzifəyə çevirir.
Elnur KƏLBİZADƏ