Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi, Xalq şairi Məmməd Araz ədəbiyyata öz səsi, öz nəfəsi olan şairlərdən biri kimi gəldi. Məmməd Araz köhnə sözə təzə can, təzə nəfəs verdi. Xətainin qılıncını suvarıb poeziyanın Məmməd Araz qələmini göyərtdi. Bu qələm ağrı-acılarımızın tərcümanına çevrildi. Sözün qədrini artırdıqca Məmməd Araz bir şair kimi öz qədrini, öz qiymətini artırdı. “Köhnə qafiyələr – çaylaq daşları”, – deyən şair söz-sənət qalasını, ölümsüzlük bürcünü xalqın söz xəzinəsinə baş vuraraq tapdığı incilərdən yaratdı. O, xalq xəzinəsinin necə zəngin, əsrarəngiz bir xəzinə olduğunu bir daha təsdiqlədi.
Vətən torpağına sonsuz sevgini böyük ilhamla tərənnüm etmək hər şairə qismət olan səadət deyil. Çünki şair Vətən torpağına hansı sevgi, hansı məhəbbətlə yanaşırsa, oxucu da o şairin şeirlərinə eyni sevgi ilə yanaşır. Azərbaycan haqqında çox şeirlər yazılıb. Hələ çox şeirlər də yazılacaqdır. Ancaq bu şeirlər içərisində Məmməd Arazın Vətənə həsr etdiyi şeirlərin öz məna yükü var:
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Şairin Vətən sevgisi bu torpağın daşına, qayasına, çayına, düzünə olan sevginin fonunda daha aydın görünür. Məmməd Arazı şair kimi digər şairlərdən səciyyələndirən, fərqləndirən cəhətlərdən biri onun vətəndaşlıq poeziyasıdır. Təsadüfi deyil ki, akademik Bəkir Nəbiyev Məmməd Arazı “poeziyamızın xan çinarlarından biri” adlandıraraq yazırdı: “Onun lirik qəhrəmanının tapındığı ən ülvi məqsəd bir vətəndaş kimi insanların karına gəlmək, haqqın, ədalətin, nəcibliyin, xeyirxahlığın təntənəsinə qeyrətlə qulluq etməkdir”.
Məmməd Araz sözdən bacarıqla istifadə edən şair idi. O, dilimizin bütün poetik imkanlarını üzə çıxarmağa çalışmış, öz əsərlərində bir sıra təzə sözlər, ifadələr işlətmişdir ki, bu sözlər öz təravət və gözəlliyinə görə hər bir oxucunu ofsunlaya bilmişdir:
Budaqda qarğa dördgöz, marıqda qırğı –quldur,
Qasırğa hədəfində qumru yuvası qurdun.
Kirpiyinin ucuna qonub, ötürsə qur-qur:
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!
Biz eyni mənzərəni şairin ayrı-ayrı şeirlərində aydın görə bilərik. O, ən çox işlənən mövzularda şeir yazanda belə, yenə də həmin şerə Məmməd Araz möhürü vurur. Şeri cilalayır, minillik poeziya tariximizi ələk-vələk edir, öz sözünü, öz şerini tamam fərqli bir biçimdə oxucusuna çatdıra bilir:
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya,
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin, dünya mənim, dünya heç kimin.
“Məmməd Arazın poeziyası milli-mənəvi varlığımıza ucaldılmış əbədiyyət abidəsidir”, – deyən Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü, professor Nizaməddin Şəmsizadə şairin poetik dünyası haqqında söz açarkən onu bir şair kimi daha yüksək qiymətləndirir. N.Şəmsizadə Məmməd Arazı digər şairlərdən şeirlərinin quruluşuna, təzəliyinə, obrazlılığına görə fərqləndirərək yazır: “Məmməd Araz, fikri ənənələri çoxəsrlik klassik şerimizdən gələn fəlsəfi – intellektual poeziyanın qüdrətli nümayəndəsidir. Bu baxımdan onu heç kəslə müqayisə etmək olmaz. Çünki müasirlərindən heç kim dünya fəlsəfi poeziya təcrübələrini onun qədər uğurla milli-poetik sistemimizlə birləşdirə bilməyib”.
Məmməd Araz dünya ilə bağlı bir-birindən fərqli bir neçə maraqlı şeir yazmışdır. Bu şeirlərin bir-birindən seçilməsi, fikir və məna yükü ilə yüklənməsi bir daha sübut edir ki, o, bir şair kimi hər sözü, ifadəni yerli-yerində, öz məqamında işlədə bilib.
Məmməd Arazın dünya ilə bağlı şeirlərində fəlsəfi fikir, obrazlı düşüncə ilə yanaşı, həm də real həyat həqiqətləri önə çəkilir. “Aşıq gördüyünü çağırdığı” kimi, şair də duyduğunu, düşündüyünü yazır. Bu mənada dünyanın nataraz işləri, yerində olmayan qayda-qanunları onu bir şair kimi narahat edir. Amma şair bu bivəfa, etibarsız dünyadan küsmür, incimir. Ona görə ki, bu dünya bir gözü işıq, bir gözü buz, məkrli qadın, gülçöhrə qız, həlim, kövrək olmaqla yanaşı, həm də sərtdir, quduzdur. Bu dünya milyon-milyon gecələri əridib səhərə salamat çıxarmayıbdır:
Çaydı – dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha.
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?
Akademik İsa Həbibbəyli Xalq şairi Məmməd Araza həsr etdiyi bir məqaləsində onu “tale şairi”, “ürək şairi” adlandırır. O, Məmməd Arazın ayrılıq, həsrət motivli şeirlərini yüksək dəyərləndirərək yazır: “Milli birlik, daxili saflıq və bütövlük, mənəvi və ictimai azadlıq Məmməd Araz şerinin həmişəlik ilham pərisidir”.
Xalqımızın başına gətirilmiş müsibətlər, ikiyə bölünmüş Vətənin ağrısı, oğulların tarix qarşısında, ulu babalar qarşısında hesabatı Məmməd Arazın şeirlərində ən böyük ağrı-acı kimi yaşayır. “Çay-çay içilən dünənim, döyəclənən dağım, kiçilən təpəm, biçilən kəndim, şəhərim, taylanıb daşınan düzüm, sərvətim” şairin narahat dünyasının sağalmayan ağrı-acısıdır:
Bəxtimə bir yazı qurumu dəydi,
Taxtıma iki əl qırımı dəydi,
Gözümə bir Araz şırımı dəydi,
Yüz Araz töküldü gözümdən mənim.
Bu “Araz şırımı” Məmməd Arazın bütövlük həsrətinin ürəyində yara kimi açılan şırımıdır. Elə bir şırım ki, Şəki xanı, Bakı xanı, İbrahim xan, Kəlbəli xan “Məndən ötdü”, – deyib, zərbələri qardaşına, sirdaşına ötürəndə çəkilən qəhqəhələrin, məstliklərin başfırladan havasından qopan daş Azərbaycan torpağında Araz boyda şırım açır. Bu şırımın göynəyən ağrısı uzun illər insanların ürəyindən çəkilmir:
Bu günümdən dünənimə uzaqlaşan ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsələnin baş daşına
Bir təəssüf xatirəsi yazıb yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi,
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi...
Məmməd Araz bütövlük arzusu ilə yaşayan, xalqın tarixi keçmişini sətir-sətir oxumağa çalışan qüdrətli şairlərimizdən biri olub, daha çox dünəndən bu günə, bu gündən sabaha boylanan, xalqın xoşbəxt gələcəyinə inanan söz sənətkarı idi. Bölünən torpaqların ağrısını yaşasa da, torpağımızı bölənlərin özünün də xoşbəxtliyinə inanmırdı:
Mən təbrizli, naxçıvanlı, mən gəncəliyəm,
Çox görmüşəm hasar üstə ölənləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də...
Məmməd Arazın həm heca vəznində, həm də sərbəst formada yazdığı şeirləri poetik tutumuna görə bir-birindən seçilmir, fərqlənmir. Şair heca vəznində yazdığı şeirlərdə fikirlərini konkret deməyə çalışırsa, sərbəst şeirlərində ilham atının yüyənini buraxır. Ləngərli, ürəkgöynədən misraları ilə oxucusunu yurdunu sevməyə, qorumağa, həmişə ayıq-sayıq olmağa çağırır:
Bura Naxçıvandı, Naxçıvan –
Bu torpağın daşına da hürən olub,
Qumunu da, külünü də eşən olub.
Tüstümüzə, odumuza hürən olub,
Soyumuza, adımıza hürən olub.
Qəlpə-qəlpə daş qoparıb məqam tapıb
Yurdumuzun daşlarından
Yalaq əkmək səriştəli qara əllər,
Böhtan əkmək səriştəli qara əllər.
Məmməd Araz şeirlərində Vətənə sevgi, məhəbbət böyükdür. Filologiya elmləri doktoru, professor Yavuz Axundlu “İstiqlal şairləri” kitabındakı “Məmməd Araz” adlı məqaləsində yazır: “Məmməd Araz yaradıcılığında Vətən sevgisi də ata, ana sevgisi qədər ülvidir, müqəddəsdir. Hətta bunların sərhədini müəyyənləşdirmək çətindir. Onun yaradıcılığından Vətən məhəbbəti qırmızı xətlə keçir”.
Biz Məmməd Arazın bir vətəndaş şair kimi vətənpərvərlik duyğulu şeirləri ilə ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində daha yaxından tanış ola bilirik. Artıq bu şeirlərdə çağırış var, haray var, üsyan var. Şair “Əsgər oğul” şerində yazır:
Mən bilmirəm, hardan boy al, hara dırman,
Mən bilmirəm, göyə ucal, yerə quylan,
Babaların məzarını qoru, qardaş!
Ataların məzarını qoru, qardaş!
Körpələrin yuxusunu qoru, qardaş!
“Vətən ölməz” duyğusunu qoru, qardaş!
“Hünər ölməz” nidasını qoru, qardaş!
Od yurdunun odasını qoru, qardaş.
Xalq şairi Məmməd Araz ötən əsrin 90-cı illərində qələmini süngüyə çevirə bilmişdir. Onun bu dövrdə yazdığı şeirlərini qəzet, jurnal səhifələrində, kitablarda daha çox görə bilərdik. Xalqımızın ümummilli lideri Heydər Əliyev şairin yaradıcılığına yüksək qiymət verərək demişdir: “Məmməd Arazın şerini nə üçün bu qədər sevir insanlar? Axı şeri insanlara zorla sevdirmək olmaz. Nə üçün sevirlər? Mən keçmişdə də bunu hiss edirdim. Uzun müddət Azərbaycanda olmadıqdan sonra, 90-cı ildə Azərbaycana qayıtdıqdan sonra hara gedirəm, Məmməd Arazın şeirləridir. O vaxt bizdə çox coşqun ictimai-siyasi vəziyyət yaranmışdı. İnsanlar 20 Yanvar hadisələrindən sonra çox coşmuşdular. Çox inciklik var idi cəmiyyətdə. Eyni zamanda milli azadlıq ruhunda fikirlər daha açıq deyilirdi. Hər yerdə Məmməd Arazın, Bəxtiyar Vahabzadənin şeirləri oxunurdu”.
Bu illərdə yazılan şeirlər içərisində ən çox nəzər-diqqəti Məmməd Arazın şeirləri cəlb edirdi. Və bu şeirlər içərisində “Ayağa dur, Azərbaycan!” şerinin özünəməxsus yeri var idi:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu çağırış Vətənin hər bir övladına ünvanlanırdı. Şairə görə, milli qüruru, milli qeyrəti olan hər bir insan ayağa qalxmalıdır:
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey Yaradan, səninləyəm!
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey Yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
“Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 iyun 2013-cü il tarixli Sərəncamı şairin yaradıcılığının öyrənilməsi, təbliği baxımından çox böyük əhəmiyyət daşıyır. Sərəncamda deyilir: “Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır”.
Ali Məclis Sədrinin 28 iyun 2013-cü il tarixli digər Sərəncamına əsasən, şairin doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində ev-muzeyi yaradılacaqdır. Bu sərəncamlar Məmməd Araz yaradıcılığına qayğının ən bariz ifadəsidir.
“Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim”, – deyən Məmməd Araz Azərbaycan torpağında sevilən qüdrətli şairlərimizdən biri kimi yaşamaqdadır. O, özü də şeirlərinin birində bu barədə çox gözəl demişdir:
Çox tozanaq atlını təmkin atınla keçdin,
Sel boğan dərələri bir mərd qadınla keçdin.
Bütün keçilməzliyi, Vətən, adınla keçdim.
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!
Bəli, Məmməd Araz yaşamağa haqqı olan, bu haqqı öz yaradıcılığı ilə qazanan şairlərimizdəndir.
Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyinin sədri