Hər bir sənətkar öz yaradıcılığı ilə özünə əbədi abidə qoyur. İslam Səfərli də öz sanballı yaradıcılığı ilə ətrafının, elinin, obasının, məmləkətinin, bütövlükdə, xalqının yaddaşında silinməz izlər buraxan bir şəxsiyyətdir. Xalq arasında seçilən bu cür insanlar isə həmişə nuraqənşər bir yolun əbədi yolçularıdır. Hər dan yeri ağaranda onların da ömrü təzələnir. Haqqında böyük ehtiramla söz açdığımız şair, dramaturq və publisist İslam Əhməd oğlu Səfərli ötən əsrin yetirdiyi böyük sənət adamlarından biri idi. Azərbaycan təbiətini, torpağını, xalqını ürəkdən sevən və bu yolda vətəndaşlıq, cəfakeş ədiblik xidməti göstərən unudulmaz İslam Səfərlinin istər ədəbi fəaliyyəti, istərsə də örnək ola biləcək insanlığı heç vaxt unudulmayacaq.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən sayılan, poetik duyumu ilə seçilən şeir və poemaları, dramatik səhnə əsərləri ilə yaddaşlarda yaşayan İslam Səfərlinin ömür yolu qısa olsa da, yaradıcılıq taleyi uzun məsafəlidir. O, cəmi 52 il yaşadı. 1923-cü il fevralın 12-də Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Yaradıcılığa çox erkən başlayıb. İlk şeri “Ədəbiyyat qəzeti”ndə (1940) çap olunanda onun cəmi 17 yaşı var idi. Elə təzəcə ədəbi aləmdə yeni söz demişdi ki, müharibə başladı. Onun kövrək qələmini süngü əvəz etdi. Ancaq onun şerə, söz sənətinə marağı azalmadı. “Qızıl əsgər” və “Qırmızı bayraq” adlı cəbhə qəzetlərində oçerk və şeirləri çap olundu.
İslam Səfərli elə cəbhədən də yazıb-yaratmaq eşqilə qayıtdı. O gündən də qayğıları çoxaldı, poeziyada özünü axtarmağa başladı. “Mingəçevir işıqları” adlı ilk şeirlər kitabı ilə bir-birinin ardınca “Darülfünun şeirləri”, “Qığılcım”, “Qağayılar yorulanda”, “Qoşa söyüd”, “Pıçıldaşın, ləpələr”, “Həyatın nəfəsi”, “Çiçək təranəsi”, “Dan ulduzu, bir də mən”, “Ağ şanı, qara şanı”, “Əbədi beşik” kitablarında özünəməxsus poetik əsərlər yaratdı, mahnılarda və könüllərdə yaşadı.