Dekabrın 30-da Naxçıvan şəhərindəki “Təbriz” otelində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Cabbarov əlamətdar gün münasibətilə gəncləri təbrik etmiş, Həmrəylik Gününün əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, dünya azərbaycanlılarının ən əziz bayramlarından biri olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan parlamentinin sessiyasında təsis olunmuşdur. Dünya azərbaycanlılarının birliyinin əldə olunmasının, ölkədə və dünyada Azərbaycançılıq anlayışının milli təfəkkür idealına çevrilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən nazir bu tarixi missiyanın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Gənc zabit Azər Məmmədov, Naxçıvan Dövlət Universitetinin tələbəsi Aytən İsmayılova, partiya fəallarından Tural Rzayev çıxış edərək ölkəmizdə gənc nəslə göstərilən dövlət qayğısından danışmışlar.
Sonra Naxçıvan Musiqi Kolleci kollektivinin ifasında musiqi nömrələri səsləndirilmişdir.
Sonda ən yaxşı gənc idmançılar, məşqçilər, müəllimlər, həkimlər, alimlər, zabitlər, əsgərlər, kursantlar, aktyorlar, müğənnilər, şairlər, jurnalistlər, dövlət qulluqçuları, Yeni Azərbaycan Partiyasının gənc fəalları, gənc rəssamlar və sosial şəbəkə fəalları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti