26 Dekabr 2024, Cümə axşamı

Görkəmli dramaturq, ədəbiyyatımızın tanınmış siması Hüseyn Cavidin ev-muzeyində Naxçıvan Şəhər Qızlar Liseyinin IX sinif şagirdlərinin iştirakı ilə “Hüseyn Cavidin dramaturgiyası” mövzusunda açıq dərs keçilmişdir. Əvvəlcə şagirdlər tanınmış söz ustadının məqbərəsini ziyarət etmişlər.
Ədibin ev-muzeyində keçilən açıq dərsdə liseyin direktoru Aidə Allahverdiyeva və liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Ruhiyyə Məmmədova şagirdlərə Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat vermiş, görkəmli dramaturqun zəngin irsinin ölməzliyindən söhbət açmış, gözəllik və sevgi şairinin dərin zəkasından, fəlsəfi-əxlaqi düşüncələrindən danışmışlar. Qeyd etmişlər ki, belə bir zəka sahibinin əziz xatirəsinin əbədiləşdirilməsində, onun zəngin irsinin qorunub saxlanıl­masında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olmuşdur. 1982-ci ilin noyabr ayında məhz ulu öndərin təşəbbüsü və böyük qayğısı nəticəsində ölməz şairin nəşi uzaq Sibirdən öz doğma yurduna – Naxçıvan torpağına gətirilmiş, burada dəfn olunaraq xatirəsi əbədiləşdirilmişdir. Şairin məzarı üzərində ucaldılan möhtəşəm məqbərə də görkəmli dövlət xadiminin Hüseyn Cavid irsinə olan dərin hörmət və ehtiramının ifadəsidir.
Sonra ev-muzeyinin baş fond mühafizi Məsmə Hacıyeva şagirdləri ədibin ev-muzeyi ilə ətraflı tanış etmiş, Hüseyn Cavidin həyat və yaradıcılığı barədə geniş məlumat vermişdir.
Açıq dərsin yekununda liseyin şagirdlərinin ifasında Hüseyn Cavidin məşhur “Ana” dramından səhnələşdirilmiş bir hissə göstərilmiş, şairin şeirləri bədii qiraət olunmuşdur.

 Günay XƏLİLBƏYLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR