Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş muxtar respublika ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar tərbiyə müəssisələrinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən müsabiqəyə 30 rəsm işi təqdim olunub. Müsabiqə başlanmazdan əvvəl Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Təhsil Nazirliyinin Məktəbdənkənar tərbiyə müəssisələri ilə iş üzrə sektor müdiri Rasim Rüstəmov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Nicat Babayev çıxış edərək tədbirin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Müsabiqənin yekun nəticəsinə görə, Naxçıvan Qızlar Liseyinin 9-cu sinif şagirdi Sevgi Məmmədzadə, Naxçıvan Dövlət Universitetinin tələbəsi Zeynəb Məmmədova və Naxçıvan Özəl Universitetinin tələbəsi Gülarə Əzizəliyevanın rəsm işləri münsiflər heyəti tərəfindən birinci yerlə qiymətləndirilib. Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzinin studiya üzvü Kənan Abbasov və Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Ayşən Həsənova ikinci, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Aysel Əsgərli ilə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Nisə Qasımova isə üçüncü yerlərə layiq görülüblər.
Fəxri yerləri tutan və fərqlənən müsabiqə iştirakçılarına Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları və qiymətli hədiyyələri, Təhsil Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplomları verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti