26 Dekabr 2024, Cümə axşamı

Hər bir sənətkar öz yaradıcılığı ilə özünə əbədi abidə qoyur. İslam Səfərli də öz sanballı yaradıcılığı ilə ətrafının, elinin, obasının, məmləkətinin, bütövlükdə, xalqının yaddaşında silinməz izlər buraxan bir şəxsiyyətdir. Xalq arasında seçilən bu cür insanlar isə həmişə nuraqənşər bir yolun əbədi yolçularıdır. Hər dan yeri ağaranda onların da ömrü təzələnir. Haqqında böyük ehtiramla söz açdığımız şair, dramaturq və publisist İslam Əhməd oğlu Səfərli ötən əsrin yetirdiyi böyük sənət adamlarından biri idi. Azərbaycan təbiətini, torpağını, xalqını ürəkdən sevən və bu yolda vətəndaşlıq, cəfakeş ədiblik xidməti göstərən unudulmaz İslam Səfərlinin istər ədəbi fəaliyyəti, istərsə də örnək ola biləcək insanlığı heç vaxt unudulmayacaq.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən sayılan, poetik duyumu ilə seçilən şeir və poemaları, dramatik səhnə əsərləri ilə yaddaşlarda yaşayan İslam Səfərlinin ömür yolu qısa olsa da, yaradıcılıq taleyi uzun məsafəlidir. O, cəmi 52 il yaşadı. 1923-cü il fevralın 12-də Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Yaradıcılığa çox erkən başlayıb. İlk şeri “Ədəbiyyat qəzeti”ndə (1940) çap olunanda onun cəmi 17 yaşı var idi. Elə təzəcə ədəbi aləmdə yeni söz demişdi ki, müharibə başladı. Onun kövrək qələmini süngü əvəz etdi. Ancaq onun şerə, söz sənətinə marağı azalmadı. “Qızıl əsgər” və “Qırmızı bayraq” adlı cəbhə qəzetlərində oçerk və şeirləri çap olundu.
İslam Səfərli elə cəbhədən də yazıb-yaratmaq eşqilə qayıtdı. O gündən də qayğıları çoxaldı, poeziyada özünü axtarmağa başladı. “Mingəçevir işıqları” adlı ilk şeirlər kitabı ilə bir-birinin ardınca “Darülfünun şeirləri”, “Qığılcım”, “Qağayılar yorulanda”, “Qoşa söyüd”, “Pıçıldaşın, ləpələr”, “Həyatın nəfəsi”, “Çiçək təranəsi”, “Dan ulduzu, bir də mən”, “Ağ şanı, qara şanı”, “Əbədi beşik” kitablarında özünəməxsus poetik əsərlər yaratdı, mahnılarda və könüllərdə yaşadı.

Yaşı bəlli olmayan, əsrlərdən bəri süzülüb gələn çox gözəl xalq mahnılarımız var və onların müəllifinin kim olduğu da bəlli deyil. Bir də ayrı-ayrı şairlərimizin sözlərinə yazılan mahnılarımız var ki, onların da bir çoxu yaşayır. Hətta bəzən onlar da xalq mahnısına çevrilirlər – Füzulinin, Nizaminin, Səməd Vurğunun şeirləri kimi. Bu baxımdan İslam Səfərlinin şeirlərinə yazılmış neçə-neçə mahnı bu gün sevilə-sevilə dinlənilir və beləliklə, əbədiyaşarlıq hüququ qazanır.

      Bağçamıza gəldi bahar,
      Yaşıl xalı sərdi bahar,
      “Gəl”, dedim, gəlmədin yar.
      Gəlmədin yar.

Vaxtilə Sara xanımın ifa etdiyi bu mahnını indi yurdumuzun hər bölgəsində gənc xanəndələrimiz sevə-sevə oxuyurlar. Elə buna görədir ki, İ.Səfərli haqlı olaraq el arasında “nəğməkar şair” adı ilə anılır.
Onun özünəməxsus poetik ifadə forması ilə seçilən “Bakı, sabahın xeyir!” şerinə yazılmış mahnı könülləri fəth edib, dillər əzbərinə çevrilib. Hətta bəzi radio və televiziya kanalları hər səhər öz efirini bu mahnıyla açır:

      Qayıdıb xoş güzərdən,
      Günəş qalxır Xəzərdən.
      Sevgilim keçən yerdən,
      Bütün şəhər yeriyir,
      Bakı, sabahın xeyir!

Bütün bu nəğmələrin illər boyu yaşamasının sehri onların bəzəyinin poetik hüsn və təmtəraqdan, axıcılıq və təbiilikdən yoğrulmasındadır. “Nə vaxta qaldı?”, “Bir könül sındırmışam”, “Zəriflik”, “Dan ulduzu, bir də mən”, “Zərif gülüşlüm” onlarla belə şeirlər sanki elə yaranışdan nəğmə kimi bu dünyaya gəliblər.
Ümumiyyətlə, mövzu baxımından rəngarəngliyi ilə səciyyələnən İslam Səfərli şeirləri onun mənəvi ehtiyac və könül çırpıntılarının ifadəsidir. Bu şeirlərdə sənətkarın elinə, obasına, xalqına olan dərin məhəbbəti duyulur. Onun şeirlərindəki misraların bir-birinə zəncirvari bağlılığı o qədər güclü və dərindir ki, sanki bir misranı çıxarsan, şeirdəki bütün gözəlliyə xələl gətirə bilərsən.
İslam Səfərli yaradıcılığında Azərbaycanın görkəmli sənət adamları önəmli yer tutur. Onun böyük ədib Cəlil Məmmədquluzadəyə həsr etdiyi “Şərqin şöhrəti” şerində Mirzə Cəlilin Azərbaycan naminə xidmətləri poetik çalarlarla ifadə olunub:

      Mirzə Cəlil! Mirzə Cəlil!
      Sadiq qaldın öz əhdinə.
      Ürəyinin hər sözünü
      Verdin “Molla Nəsrəddin”ə.

İ.Səfərli həmçinin gözəl poemalar müəllifidir. “Dəfinə”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “İnsan ləpiri”, “Sınaq gecəsi”, “Ələsgər”, “Qeyrət qapısı” poemalarını oxuduqca şairin əməyə, torpağa məhəbbəti, müharibə, qələbə və qəhrəmanlıq barədə düşüncələri ilə tanış olursan.
İ.Səfərli həm də teatrla, səhnə il bağlı bir sənətkar olmuşdur. Onun “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı” pyesləri Azərbaycan səhnəsindəki yerini qoruyub saxlamaqdadır. Bu əsərlərdə dramaturqun təbliğ etdiyi əsas ideya həyat eşqi, insana səadət və xoşbəxtlik gətirən arzulardan ibarətdir.
Ölməz sənətkar, şair, publisist və dramaturq İslam Səfərli 1974-cü ilin noyabrında, soyuq payız günlərinin birində dünyadan köçdü. Ancaq ömrün qısa və ya uzunluğu əsas şərt deyil, elə 52 illik bir ömür də insanı yaddaşlarda yaşatmaq üçün kifayət edir. Onun vəfatından 49 il keçsə də, xalqımız tərəfindən həmişə xatırlanır.
Azərbaycan şerinin istedadlı sənətkarı olan İslam Səfərli alovlu, nəğməkar şair kimi ürəklərdə yaşayır. Bu il onun 90 illik yubileyini qeyd edirik. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncam görkəmli şair və dramaturqa dövlət səviyyəsində verilən qiymətin parlaq ifadəsidir.

Röyal MƏMİYEV
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktor müavini

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR